AZ EN RU

Tələbə-gənclərimizin uğurları

    “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi, mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
    Ümummilli liderimizin bu sözləri onun Azərbaycan gəncliyinə olan inamını ifadə edir və bu gün şahid oluruq ki, Vətən gəncləri ümummilli liderin ümidlərini doğruldur. Dövlət gənclər siyasətinin prioritet istiqamətinin reallaşdırılmasında, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsində, cəmiyyətdə layiqli yer tutmalarında mühüm rol oynayan ali təhsil müəssisələrinin hərtərəfli dəstəyi də danılmazdır. Bu gün Naxçıvan Dövlət Universiteti də muxtar respublikada tələbələrlə müvafiq iş apararaq onların könüllü fəaliyyətini tam dəstəkləyən təhsil ocaqları sırasında özünəməxsus yer tutur. Artıq 2022-ci ili geridə qoyuruq və Naxçıvan Dövlət Universitetinin ətrafında cəmlənən fəal tələbələrin könüllü fəaliyyətləri ilə yaxından tanış olmaq yerinə düşər.
    İlk həmsöhbətimiz Naxçıvan Dövlət Universitetinin Biologiya müəllimlik ixtisası üzrə IV kurs tələbəsi Ülvi İsmayıllıdır. O, universitetdə təhsil aldığı illər ərzində müxtəlif idman və intellektual yarışlarda yaxından iştirak edib, 2019-cu ildə universitetdə keçirilən oğlanlar üzrə şahmat yarışında I yerə, 2021-ci ildə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri arasında keçirilən şahmat yarışında Naxçıvan Dövlət Universiteti komandası tərkibində 6 oyunda 6 bal toplayıb yenə də I yerə layiq görüüb. Eyni ildə universitetdə ilk dəfə laboratoriya klubu təsis etmək layihəsini reallaşdıran, 2022-ci ildə Naxçıvan Dövlət Universitetində keçirilən “KimBioPiada” olimpiadasında “Ən yaxşı oyunçu” nominasiyası üzrə I yeri tutan, öz fəaliyyətinə görə müxtəlif diplom və sertifikatlarla təltif olunan Ülvi 2022-ci il barədə belə deyir: “4 ildir ki, bu universitetdə təhsil alıram. Təhsilimin son ilindən geriyə baxarkən necə böyük uğurlar əldə etdiyimi görürəm. Universitetə qəbul olduğum ilk gündən çalışmışam ki, təhsil almaqla yanaşı, öz üzərimdə işləyim və könüllü kimi fəaliyyət göstərim. 2022-ci ilə kimi böyük uğurlar qazanmışam, lakin məhz bu il yaddaşımda tamamilə fərqli qaldı. Ötən illərdə universitetimizdə fəaliyyət göstərən müxtəlif tələbə təşkilatlarının, xüsusilə Tələbə-Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə uğur əldə etməyi bacardım. Əlbəttə, dövlətimiz daim öz diqqət və qayğısını biz tələbələrə göstərir. 2022-ci ildə təşkilatlarda fəaliyyət göstərən yoldaşlarımla birgə müxtəlif tədbirlərdə, o cümlədən I Beynəlxalq Tibbi Foruma könüllü konduktor kimi cəlb olundum. Bu cür tədbirlər biz gənclər üçün elm, dünyagörüşü və intellekt bir araya gəlməsi baxımından olduqca əhəmiyyətlidir, böyük təcrübədir. 

    Müsahibimiz söhbətinə belə davam edir: – Artıq bitməkdə olan bu il mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ötən günlərdə Naxçıvan Dövlət Universitetini təmsil etdiyimiz “EcoTech” komandamız Azərbaycanda ilk dəfə keçirilən “Tullantısız dünya” proqramı çərçivəsində “Recyclation” hakatonunda II yerə layiq görüldü. Bu, komanda yoldaşlarımı və məni xeyli qürurlandıran bir nailiyyət idi. Layihənin əsas məqsədi plastik butulkaların geri dönüşü prosesini reallaşdırmaq idi. Bu səbəblə terminal yaratdıq və terminala daxil olan plastik butulkalara görə mövcud hesaba pul köçürüldü. QR kodu sistemindən istifadə edərək asanlıqla pulu hesaba köçürmək mümkündür. Beləliklə, 3D printerlərdə istifadə olunan flamentlərin hazırlanması zamanı ehtiyac duyulan həmin plastik butulkalardan əldə etmiş oluruq. Günümüzün ən aktual məsələlərindən biri də flamentlərin istehsalıdır. Bu layihə nəticəsində standart qiymətdə olan flamentlər daha ucuz başa gəlir. Eyni zamanda plastik butulkaların səmərəli geri dönüşünə yönəlmiş ticarət yönümlü bir layihədir. Onu da qeyd etməliyəm ki, hakatonun qaydalarına əsasən layihə yarımfinalla eyni gecədə hazırlanıb təqdim edilməli idi. Komandamızla birgə proqramı yazıb saytı hazırladıq və təqdimat zamanı layihəmiz münsiflər heyətinin marağına səbəb oldu. Çünki “Ecotech” komandamız yeganə komanda idi ki, iki qurğu, bir proqram və domeni olan bir saytla çıxış edirdi. 
    Əlbəttə, bu gün mən və mənim kimi Naxçıvan Dövlət Universitetinin işığına cəmlənən minlərlə gəncin dövlət və cəmiyyətin inkişafında yaxından iştirakı Azərbaycan gəncliyinə göstərilən diqqətin təzahürüdür. Və əminəm ki, biz gənclər də bizə olan ümidi, inamı doğruldacaq, mühüm əhəmiyyət kəsb edən tribunalarda dövlətimizi qürurla təmsil edəcəyik.
    Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr istər yerli, istərsə də beynəlxalq tədbirlərdə universiteti layiqincə təmsil və təbliğ edirlər. Onlar keçirilən müsabiqələrə innovativ ideyaları, layihələri ilə təmsil olunurlar. Belə müsabiqələrdə də yaxından iştirak edib uğur qazanan, öz layihələri ilə səs gətirməyi bacaran tələbələrdən biri də universitetin Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Adəm Məmmədovdur. Adəm 2020-ci ildə qəbul olduğu ali təhsil müəssisəsində elə ilk günlərdən etibarən Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatında könüllülük fəaliyyətlərinə qoşulub. Həmin ildən təşkilat nəzdində fəaliyyət göstərən Şahmat klubunda əldə etdiyi bilik və bacarıqlarını tələbə yoldaşları ilə bölüşməyə başlayıb. Artıq üç ildir ki, universitet daxilində bir sıra şahmat turnirləri təşkil edir. Qeyd etmək lazımdır ki, Adəm 2021 və 2022-ci illərdə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri arasında keçirilən şahmat yarışlarında I yerə layiq görülən Naxçıvan Dövlət Universiteti komandasında iştirak edib. Adəm deyir ki, 2022-ci ili özünün ən böyük uğurlarından hesab etdiyi Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” Gənclərin fərdi layihələri üzrə qrant müsabiqənin qalibləri arasında yer tutması ilə səciyyələndirir. Qrant müsabiqəyə yeni növ intellektual oyun olan “TAP-MAT”la qatılan Adəm intellektual şahmat oyunu üzrə I yerin qalibi seçilib. Bu yeni oyun şahmat idman növü ilə intellektual oyunların sintezlənmiş bir formasıdır. Gənc şahmatçı deyir: “Oyunu yaratmaqda əsas məqsədim bu idman növündə xüsusi istedada malik şəxsləri önə çıxarmaq və müxtəlif tədbirlər həyata keçirməkdir. Beləliklə, intellektual oyunlar ilə ölkəmizdə son zamanlarda yüksəlişdə olan şahmat idman növünü sintezlədik və yeni növ intellektual oyun yaratdıq. Ümid edirik ki, yaratdığımız bu yeni növ intellektual oyun hazırda mövcud olan problemlərin aradan qaldırılmasında xüsusi əhəmiyyətə malik olacaq və gəncliyimizin inkişafını təmin edəcəkdir. Layihənin hədəf qrupu ilkin mərhələdə Naxçıvan şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr olacaq. Əgər layihə region daxilində uğur qazanarsa, bu oyunun ölkə ərazisində keçirilməsinə cəhd ediləcək və hədəf qrupu Azərbaycanın bütün təhsil müəssisələrindəki şagird və tələbələri əhatə edəcək şəkildə genişləndiriləcəkdir”.

    2022-ci ilin onun üçün düşərli bir il olduğunu söyləyən müsahibim hazırda şahmat üzrə fəaliyyətini uğurla davam etdirir. Artıq təşkilat nəzdindəki şahmat klubundakı fəaliyyət öz nəticəsini verməyə başlayıb. Kluba üzv olan tələbələr istər muxtar respublikada, istərsə də onlayn beynəlxalq turnirlərdə nailiyyətlər əldə edirlər. 
    2022-ci il, eyni zamanda universitetə yeni qəbul olunmuş tələbələrin də uğurlu hesab etdiyi ildir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Tüncay Seyidova da bir neçə aydır, universitetdə təhsil almasına baxmayaraq, bir sıra uğurları ilə seçilir. 2022-ci ili, ilk növbədə, ali təhsil müəssisəsinə qəbul olmağın sevinci ilə xatırlayan Tüncay Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı nəzdində yaratdığı “Oriqami” klubu ilə tələbələrin və universitet rəhbərliyinin diqqətinə səbəb olmuşdur. Onun dediklərindən: “Böyük marağım olan oriqami sənətinə (kağız qatlamaqla fiqurlar düzəltmək) məktəb vaxtlarından başlamışam və bu sənəti çox sevirəm. Asudə vaxtlarımda oriqami ilə məşğul oluram. Universitetlə tanış olduqdan sonra burada tələbələrin maraq dairələrinə uyğun fəaliyyət göstərə biləcəyi klubların mövcud olduğunu gördükdə düşündüm ki, oriqami sənətinə marağı olan tələbələri də öz ətrafımda birləşdirib fəaliyyət göstərə bilərəm. Beləliklə, Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı nəzdində “Oriqami” klubu yaratmaq qərarına gəldim. Əlbəttə, bu nöqtədə Tələbə-Gənclər Təşkilatının da böyük dəstəyini hiss etdim. Hazırda “Oriqami” klubunun sədriyəm. Məni sevindirən bu klub ətrafında cəmlənən, oriqamini sevən xeyli sayda tələbələrin olmasıdır. Klubumuz həftədə 2 dəfə olmaqla, 2-ci və 5-ci günlər fəaliyyət göstərir. Klub ətrafında cəmlənən yoldaşlarımla birgə çalışırıq. Onlar kağızları kəsib qatlayır, mən isə həmin kağızları iç-içə keçirib “toxuyaraq” müxtəlif fiqurlar hazırlayıram. 2022-ci ilin mənim üçün əhəmiyyətli olmasının digər bir səbəbi isə bizim oriqamiyə olan marağımızın və klubdakı fəaliyyətimizin universitet rəhbərliyinin diqqətindən kənarda qalmaması və hazırladığımız əl işlərinin sərgisinin təşkil olunması idi. 30 noyabr tarixdə hazırladığımız əsərlərin sərgisi və “Oriqami.az” startapının təqdimatı keçirildi. Sərgidə hazırladığımız heyvan fiqurları, dekorativ fiqurlar təqdim olundu. Artıq klubumuzun “oriqami.az” adlı saytı var və bu saytda əl işlərimiz yerləşdirilib. Bizim kimi gənclərin arzularının dəstəklənməsi, diqqətdə saxlanılması böyük sevincdir. Fəaliyyətimizi dəstəkləyən Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatına minnətdarlığımı bildirirəm”. 

    Göründüyü kimi, gənclər onlar üçün yaradılan şəraitdən maksimum şəkildə istifadə edirlər. Əminik ki, onlar daim öz üzərlərində çalışaraq milli dövlətçiliyimizə və cəmiyyətimizə öz töhfələrini verəcəklər.

Aysel YUSİFZADƏ

Nəşr edilib : 22.12.2022 21:03