AZ EN RU

Tələbə-Gənclər təşkilatlarının I regional konfransı keçirilib

    Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən konfransdan əvvəl qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan  abidəsini ziyarət edərək  abidə önünə gül dəstələri qoyub, Ulu Öndərə ehtiramlarını bildiriblər, Heydər Əliyev Muzeyində olublar. 
    Sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Tələbə Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, ittifaqın baş katibi Orduxan Qəhrəmanzadə, Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi partiya təşkilatı və Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı sədrlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə tələbə təşkilatlarının fəaliyyəti, qarşıya qoyulan məqsədlər, həyata keçirilən layihələrdə  tələbələrin rolu və könüllülük proqramları müzakirə edilib. 
    Ali təhsil ocağının Magistratura mərkəzində muxtar respublikadakı tələbə-gənclər təşkilatlarının uğur və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
    Tələbə-gənclər təşkilatlarının I regional konfransında əvvəlcə Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Rektor, dosent Elbrus İsayev konfransı giriş sözü ilə açaraq Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, universitetin Tələbə-Gənclər Təşkilatının il ərzindəki qənaətbəxş fəaliyyətindən bəhs edib, konfransın işinə uğurlar arzulayıb.
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev vurğulayıb ki, dövlətimizin başçısı  ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Gənclər Fondu gənclər və gənclər təşkilatlarının           5 minə yaxın layihəsinin maliyyələşdirilməsi istiqamətində silsilə proqramlar həyata keçirir. 
    Gənclərin hərtərəfli inkişafı və cəmiyyətdəki rolundan söz açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı gənc istedadlara dövlət qayğısından danışıb. Bildirib ki, elm, təhsil, iqtisadiyyat, idman, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətləri yüksək qiymətləndirilir. 
    Azərbaycan Tələbə Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov tələbə-gənclər təşkilatları arasında əlaqələrin daha da genişlənəcəyinə, fəaliyyət dairələrinin artacağına əminliyini bildiriblər. 
    Bədii hissədən sonra konfrans bölmə iclasları ilə işinə davam edib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi 

Nəşr edilib : 16.01.2023 19:10