AZ EN RU

Tələbə-gənclər təşkilatlarının fəaliyyətində yeni mərhələ

    Naxçıvanda fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının işinin təkmilləşdirilməsi və onlar arasında şəbəkəli fəaliyyətin təmini məqsədilə görüş keçirilib. 
    Əvvəlcə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva çıxış edərək gənclər siyasətinin muxtar respublikada icrası ilə bağlı görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarında fəallığın artırılmasına, bu müstəvidə qarşılıqlı əməkdaşlığa önəm verir və öz səlahiyyətləri çərçivəsində bu işə dəstək olacaqdır. Bildirilib ki, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğundan dahi şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği istiqamətində layihələrin hazırlanması zəruridir. 
    Sonra təşkilat sədrlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb. Müzakirələrə əsasən müvafiq məsələlərin həlli ilə bağlı qeydlər aparılıb. Görüşün nəticəsi olaraq qərara alınıb ki, martın əvvəlinə kimi tələbə-gənclər təşkilatları öz layihələrini hazırlayaraq nazirliyə təqdim etsin. Buna əsasən təşkilatların vahid Tədbirlər Planı tərtib və təsdiq ediləcək, ilin sonunadək icrası təmin olunacaqdır. 

Naxçıvan Muxtar Respublikası
 Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.01.2023 20:08