AZ EN RU

Tələbə-Gənclər Təşkilatının qazandığı uğurlar ölkəmizdə həyata keçirilən təhsil siyasətinin bəhrəsidir

    Hər bir xalqın tarixində baş verən siyasi hadisələr onun taleyinə müxtəlif tərəflərdən ciddi təsir göstərir. Azərbaycan xalqı son iki əsrdə çox belə siyasi hadisənin şahidi olub. Təkcə XX əsrdə Azərbaycanın siyasi mühiti dəfələrlə dəyişib. Böyük Oktyabr Sosialist İnqilabı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, sonradan Azərbaycanda sovet hakimiyyətinin qurulması və nəhayət, müstəqil Azərbaycan dövlətinin yaranması... Bütün bunlar, söz yox ki, ölkəmizdəki bir çox sahələrin, o cümlədən iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, tarix, tədrisin və digər ictimai proseslərin fəaliyyətində müəyyən problemlər yaratmışdı. Elə milli təhsilimizi götürək. 70 il sovetlər ittifaqının tərkibində yaşayan Azərbaycanda sovet təhsil ideologiyası hakim olmuş, lakin Azərbaycanın müstəqillik qazanmasından sonra təhsilimizdə də müstəqil siyasət yürüdülməyə başlanmışdır. Xalqımız bir ictimai quruluşdan digərinə keçdiyindən təhsilimiz də sovet ideologiyasından çıxaraq bəşəri xarakter almağa başladı, müasirləşdi, Ulu Öndərin atdığı məqsədyönlü siyasi addımlarla Avropa tipli təhsil siyasəti yarandı. Hər bir ölkənin taleyini təhsilə bağlasaq, o zaman bu, çox çətin, lakin vacib proses idi. Tam əminliklə deyə bilərik ki, bugünkü təhsil siyasəti və ideologiyası yeni cəmiyyətin qanunlarına, yaşam prinsiplərinə uyğunlaşmaqla nümunəvi təhsilin əsasını qoyub.

    Ölkəmizdə mövcud olan təhsil infrastrukturu daim yeni uğurlarla gündəmdə özünə layiqli yer tutur. Hər il artan nailiyyətlər, ali təhsil ocaqlarımızın dünya sıralamalarında yer tutması, tələbə-gənclərimizin müxtəlif forumlarda, beynəlxalq yarışlarda uğur qazanması diyarımızın dünya təcrübəsində daha da tanınmasına şərait yaradır. Qeyd edək ki, ənənəvi təhsildən fərqli olaraq yeni təhsilin mövcud imkanları tədrisin kefiyyətini yaxşılaşdırmaqla bərabər həm də bu istiqamətdə yenilikçi ideyaların yaranmasını labüd edib. Məlumdur ki, Azərbaycan təhsil məkanında mövcud olan TEC, TGT, Könüllülər forumu və digər sahələr təhsilin inkişafını sürətləndirən amil kimi çıxış edir və kifayət qədər uğurlarla yaddaşlarda qalır. 2 fevral – Gənclər Gününə həsr edilmiş “ReBrend” forumunda Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının “İlin TGT-si” seçilməsi və muxtar respublika ictimaiyyətinin, ziyalı insanların, o cümlədən ali təhsil ocağının professor-müəllim kollektivinin sevincinə səbəb olması sadaladığımız islahatların real nəticəsi kimi öz aktuallığını qoruyur. Elə biz də adıçəkilən təşkilatla daha yaxından tanış olmaq, fəaliyyət istiqamətləri ilə maraqlanmaq üçün Naxçıvan Dövlət Universitetinin yolunu tutduq, Tələbə-Gənclər Təşkilatının sədri, ali təhsil ocağının müəllimi Əziz Qasımovla həmsöhbət olduq. 
    Naxçıvan Dövlət Universitetinin gənc müəllimi, prezident mükafatçısı Əziz Qasımov ilk olaraq ölkəmizdə təhsilin inkişaf mövzusuna qısaca toxundu: – Hər bir azərbaycanlı üçün məlumdur ki, Ulu Öndərin əsasını qoyduğu təhsil siyasəti dərin milli mənafelər üzərindən pərvəriş taparaq ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət etmişdir. Yüksək səviyyədə yaradılmış ali təhsil sistemi cəmiyyətin, dövlətçiliyin, iqtisadiyyatın və sosial-rifahın inkişafını təmin edir, ölkənin siyasi, hüquqi, beynəlxalq və hərbi qüdrətini gücləndirir. Görkəmli dövlət xadiminin istər sovet ittifaqı dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı dövrdə ölkəmizə rəhbərlik etdiyi zamanlarda həyata keçirdiyi təhsil siyasəti mühüm fundamental və tarixi əhəmiyyətli məqsədləri hədəfləmişdir. Dahi rəhbərin təhsil strategiyasının kökündə Azərbaycan iqtisadiyyatının, sənayesinin, savadlı əhalinin inkişafına yönəlmiş strateji addımlar, ən əsası isə milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, dili, folkloru və bütövlükdə, milli yaddaşının mühafizəsi və ölkənin qüdrətli gələcəyinə xidmət etməsi dururdu. Bu gün artıq ölkəmizin bütün istiqamətlərində, eləcə də təhsil sahəsində sözügedən inkişaf strategiyasının real mənzərələrini görürük, bu da bir ziyalı kimi bizə stimul verir. 
    Yuxarıda da diqqətə çatdırdığımız kimi Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı artıq bir neçə ildir ki, təşkilatlar arasında layiqli yer tutur. Bu, ali təhsil ocağının nüfuzunu yüksəltməklə bərabər həm də tələbə-gənclərin düzgün təhsil almasına, vaxtlarının səmərəli keçirilməsinə, həmçinin onların bir çox layihələrdə iştirakına, digər ali təhsil müəssisələri ilə əlaqələrinin gücləndirilməsinə geniş şərait yaradır. Əziz Qasımov Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının fəaliyyət istiqaməti ilə bizi, eləcə də oxucularımızı tanış etdi: –  Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biridir. Gənclər təşkilatlarda birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etməklə həm öz mənini axtarıb tapır, həm bir fərd kimi inkişaf edir, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar. Məhz bu səbəbdən gənclər təşkilatları ilə işin təşkili və bu istiqamətə dövlətin diqqət göstərməsi gələcək nəslin hərtərəfli inkişafını köklü şəkildə təmin etmiş olur.
   Müsahibimiz təşkilatın yaranma tarixi, inkişaf yolu və qazandığı nailiyyətlər barəsində söhbətimizə belə davam edir: – Naxçıvan Dövlət Universitetində 1998-ci ilin may ayında təsis olunmuş, bu il 25 yaşını qeyd edəcək Universitet Tələbə-Gənclər Təşkilatı bu illər ərzində uğurlu inkişaf yolu keçmişdir. Fəaliyyəti dövründə təşkilat dəfələrlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən “İlin fəal tələbə-gənclər təşkilatı”, ATGTİ tərəfindən “İlin TGT-si” adına layiq görülmüşdür. Son 5 ildə ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatının iki sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Bununla yanaşı, qeyd edim ki, təşkilatın əsas vəzifələri tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi; tələbələrin problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi; tələbələr arasında maarifləndirmə işinin aparılması; tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsidir. Həmçinin tələbələr universitetdə təhsil aldıqları dövrdə təşkilatın fəaliyyətində iştirak etməkdə bərabərhüquqludurlar və bir neçə səlahiyyətlərə malikdirlər: Təşkilatın hər hansı seçkili orqanını seçmək, təhsilinin axırıncı ilində olan tələbələr istisna olmaqla seçilmək; öz hüquqlarının müdafiəsinə kömək göstərilməsi üçün təşkilata müraciət etmək; təşkilatın fəaliyyəti ilə bağlı məlumat əldə etmək; təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək; müxtəlif layihə təklifləri ilə çıxış etmək; təşkilatın nəzdində klub yaratmaq və digərləri. 
    Əziz Qasımov dedi ki, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının nəzdində hazırda 20 tələbə klubu fəaliyyət göstərir. Klublara üzv olan tələbə sayı 2000-ə yaxındır.
    31 yanvar 2023-cü ildə Azərbaycan Gənclər Fondunun dəstəyi, ATGTİ-nin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən tələbə-gənc­lər təşkilatlarının “ReBrend” Forumunda il ərzində aktiv fəaliyyət göstərən tələbə-gənclər təşkilatları və onların nümayəndələri mükafatlandırılmışdır. Həmin Forumda Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı “İlin Tələbə-Gənclər Təşkilatı” nominasiyası üzrə mükafatlandırıldı. Qeyd edək ki, eyniadlı mükafata ali təhsil ocağımızın Tələbə-Gənclər Təşkilatı 2022-ci ildə keçirilən “Tələbə-Gənclər təşkilatlarının I strateji planlaşdırma” forumunda da layiq görülmüşdü. 
    Əlli ildən artıq bir zaman müddətində ölkəmizin ictimai-siyasi, sosial və təhsil sahəsində öz sözünü demiş Naxçıvan Dövlət Universiteti son bir-iki il ərzində öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu dövrü digərlərindən fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, artıq ali təhsil ocağı müasir Avropa tipli təhsil siyasətinin imkanlarını mənimsəməklə öz tədris yolunu bu istiqamətdə qurur. Bu həm təhsilin daha əlverişli qurulmasına, həm də bu elm məbədgahının dünya arenasında özünə layiqli yer tutmasına şərait yaradır. Gənc ziyalı Əziz Qasımovun da dediyi kimi Naxçıvan Dövlət Universiteti müəyyənləşdirdiyi dəstxətlə irəliləməklə qısa zaman müddətində nəinki regionun, hətta dünyanın qabaqcıl ali təhsil ocaqları içərisində birinci yerdə duracaq. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 06.02.2023 19:15