AZ EN RU

Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş

    Naxçıvan Dövlət Universitetində Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib. 
    Görüşdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev bildirib ki, ölkənin ən prestijli universitetləri sırasında yer tutan ali təhsil ocağının fəaliyyətində maddi-texniki baza, əməkdaşlıq əlaqələri, peşəkar professor-müəllim heyəti ilə yanaşı,  güclü tələbə ordusu da əhəmiyyətli rol oynayır. Hazırda qabaqcıl təhsil ənənələrinə malik universitetin yetişdirdiyi tələbələrin istər universitet, istərsə də muxtar respublikanın sosial-ictimai həyatında könüllü fəaliyyəti diqqət mərkəzindədir. Ətrafında yüzlərlə tələbəni birləşdirən Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı 2018, 2019-cu illərdə muxtar respublikanın, 2022-ci ildə isə həm muxtar respublika, həm də ölkə miqyasında “İlin ən yaxşı Tələbə-Gənclər Təşkilatı” adına layiq görülüb.
    Bildirilib ki, bu il tələbələrin Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi  “İdeyanı reallaşdır-2022” Gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində dörd layihə üzrə qalib gəlməsi universitet tarixində bir ilkdir və təqdirəlayiqdir.
    Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov ölkə üzrə qalib olan layihələr və onların rəhbərləri barədə məlumat verib. Qalib layihələr arasında universitetin Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə-Gənclər Təşkilatlarının I regional konfransı”, sədr müavini Sevindik Novruzzadənin “Xarıbülbül kuboku uğrunda Nə? Harada? Nə zaman? intellektual oyunu”, sədr müavini Adəm Məmmədovun “TAP-MAT intellektual şahmat oyunu üzrə birincilik” və Tələbə-Gənclər Təşkilatının fəalı Bağdagül Cəfərlinin “Debat çempionatı” layihələri yer almaqdadır. Məlumat verilib ki, Tələbə Gənclər Təşkilatının qeyd edilən 4 layihəsi üçün, ümumilikdə, 8800 manat qrant ayrılıb.
    Layihələrin ideya rəhbərləri çıxış edərək iştirakçıları layihədəki problemin qısa təsviri, proqramı, məqsəd və vəzifələri, hədəf qrupu, eyni zamanda layihənin davamlılığı və nəticələri barədə proqnozlarla tanış edib.
    Görüş Tələbə-Gənclər Təşkilatı tərəfindən birinci kurs tələbələrinin iştirakı ilə yaradılan klubların fəaliyyətinin nümayişi mərhələsində davam etdirilib. Ekologiya, Rəsm, Şahmat, Kitab, Oriqami, İntellektual oyunlar klubu, Layihə müzakirə, İdeyadan biznesə, ENACTUS, Conversation club kimi təlim otaqlarında tələbələrin maraqlarına uyğun olaraq təşkil edilmiş təlimlər rəğbətlə qarşılanıb.
    Daha sonra görüş iştirakçıları universitetin idman kompleksində tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə təşkil olunmuş basketbol, voleybol, həndbol, futbol, tennis komandalarının oyunlarını izləyiblər.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 12.10.2022 19:01