AZ EN RU

Tələbə Evi yeni tədris ilinə hazırdır

    Yaşadığımız, istirahət etdiyimiz, xoş xatirələrimizi bölüşdüyümüz, sevinc və kədərimizə şahidlik edən, isti yuvamızdır ev. O ev ki qucağında rahatlıq tapır, özümüzü güvəndə hiss edirik. Bu gün oxuduğu məktəblərdən məzun olub, yüksək bal toplayaraq muxtar respublikamızdakı ali məktəblərə qəbul olub, şəhərimizə üz tutan tələbələrin də arzuladığı məhz budur. Qalacaqları isti, təhlükəsiz bir yuva. Axı həyatlarının ən vacib 4 ilini – ömrün qiymətli çağlarını orada keçirəcəklər. Elə bu zaman onların köməyinə yataqxanalar və ya Tələbə evləri çatır. Naxçıvan Dövlət Universitetinin Tələbə Evi kimi…Bu evin yaşadığın evdən heç də fərqi yoxdur. Kitab oxumaq, yemək, istirahət etmək, asudə vaxtını səmərəli keçirmək üçün müasir imkanlar yaradılıb bu evdə...

    Muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı hesabına 55 yaşlı Naxçıvan Dövlət Universiteti böyük tarixi inkişaf yolu keçərək maarifçilik və elm-təhsil sisteminə böyük töhfələr vermişdir. Vətənpərvər, peşəkar, bilikli, savadlı kadrlar hazırlayan ali təhsil ocağı ölkəmizin gələcəyində əhəmiyyətli rol oynayır. Ən müasir informasiya-kommunikasiya texnologiyalarının təhsildə və tədrisdə tətbiqinə nail olunan, dünyanın aparıcı ali məktəbləri ilə səmərəli təhsil əlaqələri yaradan bu qabaqcıl ali təhsil müəssisəsində dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə yaradılmış Texnologiyalar Parkı isə universitetin imkanlarını daha da genişləndirməklə, innovativ layihələrin dəstəklənməsi və keyfiyyətli kadr hazırlığına son dərəcə böyük təsir göstərəcəkdir. Bu gün kadr hazırlığına görə ilk yerlərdən birini tutan universitetin 12 fakültəsi, 8 min tələbəsi, mindən çox müəllim heyəti vardır. 

    Hərtərəfli şəraitin yaradıldığı Tələbə Evi isə tələbələrin ixtiyarındadır. 1977-ci ildən fəaliyyət göstərən bu ev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2010-cu ildə əsaslı şəkildə təmir edilib, müasir standartlar əsasında təmir və yenidən qurmadan sonra 2011-ci ildə istifadəyə verilib. Tələbə Evi 2 korpus şəklində olmaqla, 472 tələbə üçün nəzərdə tutulub. Onun bir hissəsi qızlar, digər hissəsi isə oğlanlar üçün ayrılıb. Qızlar üçün 64 ikinəfərlik, 18 dördnəfərlik, oğlanların yaşaması üçün hər biri 2 və 3 nəfər olmaqla 44 və 4 nəfər olmaqla 8 otaq ayrılıb.

    Yerli və əcnəbi tələbələrin vaxtlarını səmərəli keçirməsi üçün ayrı-ayrılıqda tennis, şahmat, dərsə hazırlıq və istirahət otaqları, eyni zamanda hər mərtəbədə mətbəxlər vardır. Otaqlara müasirtipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün kompüter stolları quraşdırılıb. Tələbələrin yaxınları ilə əlaqəni təmin edəcək telefon və internet xətləri çəkilib. Burada onların dərslərinə daha yaxşı çalışmaları, kitab müzakirələrində, görüşlərdə iştirakı üçün 2 oxu zalı mövcuddur. Hər iki zaldakı 5 kompüter tələbələrə lazım olan informasiyanı axtarıb tapmaqda kömək edir. 
    Tələbə Evi Kompleksinə Qonaq evi də daxildir. Buradakı 2 lüks otaq, 7 ikinəfərlik otaq buraya gələn qonaqların istirahətini təmin edir. Tələbə Evinin yanındakı 3 mərtəbədən ibarət Tələbə Sosial Xidmət Mərkəzində tələbələr gündəlik tələbatlarını ödəyə bilirlər. Belə ki, mərkəzin yeməkxanası, kitab və ərzaq mağazaları, poçt, foto və başqa xidmətləri onların ixtiyarına verilib. Tələbə evində daxili nizam-intizam qaydalarının həyata keçirilməsinə nəzarət etmək üçün isə özünüidarəetmə komissiyası fəaliyyət göstərir. Onlar, həmçinin şəxsi və fiziki sağlamlıqları üçün tibbi və idman xidmətindən də yararlana, bununla bərabər, ayda bir dəfə “Yaxşı otaq”, “Yaxşı mətbəx” və “Yaxşı mərtəbə” müsabiqəsində qalib ola və mükafatlandırıla bilərlər.
    Aldığımız məlumata görə, yeni tədris ilinin başlanması ərəfəsində Tələbə Evində elektrik və su xətləri yoxlanılıb, otaqlardakı yataq və mebel dəstlərinin hamısına yenidən baxılaraq çatışmazlıqlar aradan qaldırılıb. 
    Onu da, qeyd edim ki, Tələbə Evində Türkiyə, İran, Türkmənistan, Nigeriya, Banqladeş və digər ölkələrdən 200-ə yaxın, həmçinin Azərbaycanın əksər rayonlarından tələbələr yaşayır. Buradakı əcnəbi tələbələrin universitet barədə təəssüratlarını öyrəndik. 
    Türkiyə vətəndaşı Muhsin Yazıcı universitetin Tibb fakültəsinin I kurs tələbəsidir. Muhsin dedi: – İkinci ildir, Naxçıvandayam. Naxçıvan Dövlət Universitetinə qəbul olmazdan əvvəl burada tədrisin keyfiyyəti, ixtisaslar, korpuslar və sair haqqında ətraflı məlumat topladım. Bu kimi məlumatla yanaşı, özümə qalmaq üçün də bir yer axtarırdım. Universitetin Tələbə Evi köməyimə çatdı. Burada qızlar və oğlanlar üçün ayrı-ayrılıqda otaqlar ayrılıb. Onların hər birində çox yaxşı şərait yaradılıb. 
    Türkmənistan Respublikasının vətəndaşı Karimbay Atamuradov: – Tibbi hazırlıq kursu mərhələsindəyəm. İnternetdə Naxçıvanın tarixi və mədəniyyəti haqqında biliklər əldə etdikdən sonra buraya olan marağım daha da artdı. Gələndə isə gördüm ki, bu marağımda yanılmamışam. Qədim tarixi abidələrlə zəngin bu diyarın insanları da istiqanlı, mehriban və qonaqpərvərdir. Naxçıvanın təhlükəsiz və təmiz şəhər olması isə ilk gəldiyim gündən diqqətimi cəlb etdi. Tələbə Evinə isə artıq yerləşmişəm və burada özümü doğma evimizdə olduğu kimi rahat hiss edirəm. 
    Gəldiyimiz nəticə budur ki, Naxçıvan Dövlət Universitetinin Tələb Evi 2022-2023-cü tədris ilinə hazırdır. Burada istər azərbaycanlı, istərsə də əcnəbi tələbələr özlərini evlərindəki kimi rahat hiss edəcək, yaradılmış şərait hesabına dərslərini vaxtlı-vaxtında hazırlaya biləcəklər. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 13.09.2022 18:36