AZ EN RU

Tələbə Elmi Cəmiyyətinin yekun konfransı keçirilib

    “Naxçıvan” Universitetində keçirilən tədbirdə çıxış edən  ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva bildirib ki, tələbələrin TEC xətti ilə elmi-tədqiqat işlərinə cəlb edilməsi, magistratura, doktorantura və dissertantura yolu ilə elmi kadr hazırlığının keyfiyyətcə yeni səviyyəyə qaldırılması, mütəmadi olaraq gənc tədqiqatçılar üçün elmi-praktik konfransların təşkili tələbələrin ölkə daxilində beynəlxalq layihələrdə iştirak etməsi, bir sözlə, bu istiqamətdə atılan hər bir addım bugünkü Tələbə Elmi Cəmiyyəti üzvlərinin sabahın alimləri kimi yetişməsi işinə xidmət edir. 
    Hər bir tədqiqatçı tələbəyə təhsil və tədqiqat fəaliyyətində uğurlar arzulayan Nurlana Əliyeva cari tədris ilində 125-dək tələbənin, 80 nəfər müəllimin elmi rəhbərliyi ilə TEC xətti ilə elmi-tədqiqat fəaliyyətinə cəlb olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
    Konfransın plenar iclasında 10 tələbənin elmi işi üzrə məruzələri dinlənilib. Universitetin tədqiqatçı tələbələrinin aktual mövzularda təqdim etdikləri məruzələr konfrans iştirakçılarının marağına səbəb olub. 
    Dinlənilən məruzələrdən ən yaxşı işlər I, II və III yerlərə layiq görülüb, aktuallığı, işlənmə dərəcəsi və təqdimatı ilə seçilən digər işlərdən bəziləri çapa tövsiyə edilib. Qaliblərə mükafatlar verilib. 

“Naxçıvan” Universitetinin 
mətbuat xidməti

Nəşr edilib : 02.06.2022 21:01