AZ EN RU

Tələbə bəstəkarların konserti maraqla qarşılanıb

    Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində tələbə bəstəkarların konserti olub.    
    Tədbiri giriş sözü ilə açan Musiqi nəzəriyyəsi və tarixi kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru İnara Məhərrəmova tələbələrin hazır­ladıqları konsert barədə məlumat verib. Bildirilib ki, bəstəkarlıq bacarığı olan tələbələr ixtisasları üzrə həm nəzəri, həm də praktik cəhətdən ixtisaslaşırlar.
    İncəsənət fakültəsinin II kurs tələbəsi Fatma Heydərova “Azərbaycan bəstəkarlıq məktəbi” mövzusunda məruzə ilə çıxış edib.
 Konsertdə tələbə bəstəkar­ların repertuarından “Prelüd və vals”, “Dekabr”, “Prelüd və kiçik pyes”, “Mövzu ilə variasiyalar”, “Xəyal”, “Sevgi nəğməsi”, “Səyavuş” və digər ifalar səsləndirilib. 
    Daha sonra dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx izlənilib.
    Tədbirin sonunda çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, ali təhsil ocağında tələbə bəstəkarların konsertinin nümayişi bir ilkdir və təqdirəlayiq haldır. Son zamanlar muxtar respublikada inkişaf edən musiqi yaradıcılığından danışan rektor bu inkişafın tələbələrin ixtisaslaşmasına şərait yaratdığını diqqətə çatdırıb. Elbrus İsayev gənc bəstəkarları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Əli YARIYEV
Naxçıvan Dövlət Universitetinin 
Jurnalistika  ixtisası üzrə II kurs tələbəsi

Nəşr edilib : 14.12.2022 19:55