AZ EN RU

Tələbə adının sevinci

    Bu ad dəyərli, məsuliyyətli, qürurverici addır. O ad ki 11 illik əziyyətin, həyəcanlı anların, yorulmadan oxumağın, bir sözlə, zəhmət və iradənin bəhrəsi, valideyn və müəllimlərin qarşısında başucalığının, qürurlu baxışların ifadəsidir…Dövlətin təhsil üçün yaratdığı hərtərəfli şərait, müasir sistem Ordubad rayonunda da məzunların builki qəbul imtahanında yüksək bal toplamağına imkan verdi. Tələbə adının sevincini yaşayanların bir neçəsi ilə sizi də tanış etmək istərdik: 

    Zeynəb Mehdiyeva Ordubad rayonunun Kotam kənd tam orta məktəbini bitirib. Onun dedikləri: – Məktəbdə keçirilən sınaq imtahanlarında həmişə 600-dən yuxarı bal toplamışam. Müxtəlif şahmat yarışlarında iştirak edib diplom və fəxri fərmanlar qazanmışam. Eyni zamanda rəsmə də böyük marağım vardır və keçirilən müsabiqələrdə dəfələrlə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən mükafatlandırılmışam. Müxtəlif inşa yazı müsabiqələrində iştirak etmiş, fəxri fərmanlarla təltif olunmuşam. IX sinifdən etibarən olimpiadalarda iştirak etmişəm. XI sinifdə muxtar respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə III yeri tutmuşam. Buraxılış imtahanında 283 bal toplayaraq məktəbi “Qızıl” nişanla bitirmişəm. 
    Zeynəb III qrup üzrə qəbul imtahanında 662 bal toplayıb: – Mən bu nəticə ilə Ordubad rayonunda ümumi qruplar üzrə birinci, muxtar respublikada III qrup üzrə birinci olmuşam. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisasına qəbul olunmuşam. Yüksək nəticə göstərdiyimə görə III qrup üzrə istədiyim hər hansı bir ixtisasa qəbul ola bilərdim. Çoxdankı arzumu yerinə yetirərək Hüquqşünaslıq ixtisasını seçdim. Orta məktəblərdə təhsil alan şagirdlərə tövsiyəm budur ki, inamlı, inadcıl və səbirli olsunlar. Əgər, həqiqətən, çox çalışsalar, öz istəklərinə mütləq nail olacaqlar. Qəbula hazırlaşmaq heç də asan deyil, amma bu əziyyət bir müddətlik, bəhrəsi isə ömürlükdür. Gələcək üçün əsas məqsədim universiteti hərtərəfli, savadlı bir kadr kimi bitirərək ölkəmə faydalı bir hüquqşünas olmaqdır. 

    Kənan Rəsulov 2005-ci ildə Ordubadda anadan olub. Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbindən məzun olan Kənan deyir: – Məktəbdə oxuyanda daim riyaziyyat fənni üzrə keçirilən olimpiadalarda iştirak edib yaxşı nəticələr qazanmışam. Buraxılış və qəbul imtahanlarında yüksək bal yığaraq “Gümüş” nişana layiq görülmüşəm. I qrup üzrə qəbul imtahanında 660 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunmuşam. Seçim zamanı daxil olduğum universitetin mənə nələr qazandıra biləcəyinə önəm verdim. Məqsədim ixtisasım üzrə yaxşı mütəxəssis olub Azərbaycan xalqına layiqincə xidmət etməkdir.

    Ağa Qasımov 2005-ci ildə Ordubad şəhərində anadan olub. Şəhər 1 nömrəli tam orta məktəbdən məzun olan Ağa deyir ki, məktəbdə oxuduğu dövrdə muxtar respublika səviyyəli yarışlarda iştirak edib. VII, IX siniflərdə biologiya fənni üzrə muxtar respublika fənn olimpiadasının qalibi olub. X sinifdə oxuyarkən biologiya fənni üzrə həm muxtar respublika, həm də Respublika fənn olimpiadasının qalibi seçilib: – IV ixtisas qrupu üzrə qəbul imtahanında 583 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olmuşam. Uğur qazanmaq, qarşıya qoyulan məqsədə çatmaq üçün çox çalışmaq lazımdır. Bundan sonrakı məqsədim yiyələnəcəyim peşə üzrə ən yaxşılardan biri olmaqdır.

    Nəzrin Məmmədtağılı 2005-ci il martın 5-də Ordubad rayonunun Unus kəndində anadan olub. Unus kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirən Nəzrin deyir: – Məktəbdə oxuyarkən şeir deməyə böyük marağım var idi. Ona görə də bir çox şeir müsabiqələrində iştirak edərək fəxri fərman və diplomlara layiq görülmüşəm. Bu ilin fevral ayında Naxçıvan şəhərində Ana Dili Günü münasibətilə keçirilən şeir müsabiqəsində I yerə layiq görülmüşəm. Məktəb daxilində keçirilən sınaq imtahanlarında və olimpiadalarda iştirak edərək bir sıra nailiyyətlər qazanmışam. Məktəbin ictimai tədbirlərində fəal iştirakıma görə məktəb direktoru tərəfindən dəfələrlə fəxri fərmanlar almışam. Builki qəbul imtahanında III qrup üzrə 567 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Xarici dil müəllimliyi ixtisasına (ingilis dili üzrə) daxil olmuşam. Gələcəkdə bu ixtisas üzrə dərin biliklərə yiyələnib, faydalı olmaq üçün çalışacağam. Abituriyentlərə tövsiyəm isə bu olar ki, əvvəlcə qarşılarına düzgün məqsəd qoysunlar və planlı şəkildə çalışsınlar. Və o məqsədə çatacaqlarına qəlbdən inansınlar. İnanmaq bacarmağın yarısıdır. 
    Nəzrin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüşünü xatırlayaraq deyir: – Bu görüş həyatımın ən unudulmaz anlarından biri kimi həmişə yadımda qalacaq. Mənim, eləcə də digər tələbələr üçün böyük stimul olan bu görüş muxtar respublikada biz gənclərə göstərilən diqqətin və qayğının ən böyük nümunələrindən biri idi. Mən həm öz adımdan, həm də digər tələbələr adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bizə verdiyi dəyərə görə minnətdarlığımı bildirir və deyirəm ki, Naxçıvanımızın adını daim uca tutacaq və ölkəmizin inkişafı üçün çalışacağıq. 
    Biz də tələbələrimizə gələcək təhsil həyatlarında uğurlar arzulayırıq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 08.09.2022 21:14