AZ EN RU

Tələbə adını qazanmamısınızsa...

Bacarıqlarınızı inkişaf etdirin və heç zaman ruhdan düşməyin

    Cəmiyyətin ən həssas yanaşdığı, xüsusi diqqət göstərdiyi sahələrdən biri də təhsildir. Təhsil bizim mənəvi qazancımız, əqli mülkiyyət potensialımızdır. Bəzən düşünürük ki, tələbə adını qazana bilmiriksə bizdən heç nə çıxmaz və yaxud heç bir işdə nailiyyət əldə edə bilmərik. Gəlin unutmayaq ki “Dell Computer Corporation” şirkətinin qurucusu Maykl Dell, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq və Rusiyanın ən böyük hava limanı olan Domodedovonun sahibi Valeri Koqanın ali təhsili olmasa da, öz bacarıqları sayəsində nüfuz sahibinə çevrilmişlər. Bu məşhurların arasında elələri də vardır ki, orta məktəbə getməyib və yaxud orta məktəbi bitirə bilməyiblər. İlk elektrik lampasının ixtiraçısı Tomas Edison, “Böyük ümidlər”, “İki şəhərin hekayəsi” kimi dünyaca oxunaqlı kitabların müəllifi Çarlz Dikkens, uşaqlıqda “Tom Soyerin macəraları” ilə könlümüzü fəth edən yazıçı Mark Tven, “Həyat eşqi”ni bizə aşılayan Cek London və ABŞ prezidentləri Qrover Klivlend, Avraam Linkoln, Corc Vaşinqton da bu qəbildəndir. 

Bilik yoxsa təcrübə?

Bilik və təcrübə əksər hallarda bir-birini harmonik şəkildə tamamlasa da, bəzi hallarda mütənasiblik pozularaq gah bu, gah da digər tərəfə meyil edir. Düşünək ki, ali məktəbi yenicə bitirmiş bir tələbənin savadlılığı maksimum , təcrübəsi və praktikası isə sıfır səviyyədədir. Digər tərəfdə isə təcrübəsi kifayət qədər zəngin uğurlu əməkdaş dayanıb, lakin onun da diplomu yoxdur. Bu vəziyyətdə təcrübə tərəfdarları olan ekspertlər hesab edir ki, iş arsenalında 75 faiz təcrübə, 25 faiz savad hədəf götürülür. Kadr nə qədər savadlı olsa da, təyinat aldığı sektorda bu biliklərə yenidən nəzər salınır, modernləşdirilir və yeni təcrübə tədbiq edilir ki, fərqli məsələlərin öhdəsindən gələ bilsin. “Headhunter”in hesablamalarına görə, bir çox hallarda təcrübə amili savadı üstələyir. Çünki savadı təsdiqləyən sənədin əhəmiyyəti bir çox hallarda süni surətdə şişirdilir. Bir çox hallarda şahidi oluruq ki, diplom evlərdə istifadəsiz kağız parçası kimi heç bir işə yaramır və yaxud diplomda ixtisası Hüquqşünaslıq olsa da, özü marketinqlə məşğul olur. 

Belə olan halda nə etməliyik?

Məsələnin digər tərəfinə baxdığımız zaman araşdırmalardan belə bir nəticə ortaya çıxır ki, respondentlərin 87 faizi təcrübəyə üstünlük versə də, işə qəbul zamanı diplomun olub-olmamasına nəzər yetirilir, operativ yaddaşa, zəngin biliyə və təcrübəyə əsaslanan diplomlu əməkdaş bu vəziyyətdə “qazanılmış immunitet” rolunu oynayır. Bu cəhətdən də diplom tək bilik göstəricisi yox, onu qazanan şəxsin məqsədyönlülüyünün, stabilliyinin reputasiyasına çevrilir.
    Ekspertlərin fikrincə, ali məktəblərdə əldə edilmiş biliklərlə iş yerlərində qazanılan bacarıqlar birləşdirilə bilsə, tələb olunan mütəxəssislərin hazırlamasına böyük stimul yaranar. Ali təhsil insanlara bilik və bacarıq verməklə yanaşı, sistemli düşünməyə və məsuliyyətli olmağa təşviq edir. Bu o demək deyil ki, ali təhsili olmayan şəxs məsuliyyətsiz və bacarıqsızdır. Bunun üçün o, müstəqil şəkildə mütaliə etməli, özü üçün zəngin kitabxana formalaşdırmalı və dünyagörüşünü artırmalıdır. Bilik və təcrübə hər zaman insanın karyerasında həlledici amildir. Orta məktəbi aşağı qiymətlə bitirib, dəfələrlə cəhd edib sonda uğurlu nəticə əldə edərək ali təhsil alan, bu yolda məqsəd və məramını bilən uğurlu insanlarla yanaşı, 2 ali təhsil alıb özünü heç zaman sübut edə bilməyən insanlar da var. 
    Artıq dünyanın əmək bazarında “frilanser” dövrünün dominantlığı başlayır. Frilanser nə deməkdir? Ştatdankənar işçi və yaxud sərbəst işçi. Mütəxəssislər tövsiyə edir ki, kim özünü hansı ixtisas və yaxud peşədə görürsə, işləyə-işləyə oxusun və yaxud da oxuya-oxuya işləyib təcrübə qazansın. 
    Bu gün əksəriyyət gəncin ali təhsil almaq məqsədi yüksək eşalonlarda iş yeri əldə etmək arzusudur. “Oxu ki yaxşı işin olsun!” devizi hər bir ailənin prioritet göstəricisidir. Lakin giqonomika şəraitində bu deviz özünü doğrultmur. Nədir giqonomika? Qısamüddətli müqavilələr iqtisadiyyatı. Artıq həm şirkət əməkdaşları, həm də işlək əhali qısamüddətli müqaviləli işlərə yönəlir ki, bu da daha az zaman sərf etməklə daha çox məvacib qazanmağa səbəb olur. 

Oxumaq da bacarıq deyilmi?

Bəli, sadaladığımız bütün bu nailiyyətlərin başında oxumaq durur. Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” əsərində sivilizasiya yolu ilə ziyalıların xalqı oyandırmasından, bugünkü fin mədəniyyətinin, təhsilinin inkişafından, bütün sahələrdə uğur qazanmağın yollarından bəhs edir. Böyük türk lideri Mustafa Kamal Atatürk bu kitabı oxuduqdan sonra həddən ziyadə bəyənir və göstəriş verir ki, bütün hərbi məktəblərdə bu kitab tədris olunsun və stolüstü kitaba çevrilsin.
    Yadıma illər əvvəl oxuduğum bir kitab düşdü. “Sol ayağım” adlı kitabın müəllifi Kristi Braunun bütün bədəni iflic olmuş, lakin anasının inam və əzminin verdiyi cəsarətlə bir tək sol ayağının barmaqlarını tərpədə bilmiş və sol ayaq barmaqları ilə dünyaya meydan oxuyacaq əzmkarlıq nümayiş etdirmişdir. O, zehnini doyurmağı, qarnın doyurmaqdan üstün tutmuşdur. 
    Avstraliyalı motivator, yazıçı, vaiz, Nik Vuyçiç də Kristi Braundan fərqli həyat yaşamayıb. Anadangəlmə əl və ayağa sahib olmayan Nik bu gün dünyanın 100-dən çox ölkəsində təlim keçir, insanları mütaliəyə və həyatı sevməyə, özünü daim həyatda sınamağa cəhd etməyi təbliğ edir. O, təlimlərin birində deyirdi: “Heç vaxt inamını və inanclarını əməllərinlə sübut etmək fürsətini əldən verməməlisən. Çünki sən kiməsə təsir göstərə biləcək son insan ola bilərsən”.
    Zaman ötdükcə nəsillər də dəyişir inkişafımız kimi. Yeni cəmiyyətlər özləri ilə yeni istəklər gətirir. Hər nəsil özü ilə birlikdə yeni anlayışlar, yeni ehtiyaclar və yeni arzular gətirir. Lakin yenilik və inkişaf artdıqca, texnologiyalar bir-birini göz qırpımında əvəzləsə də, mütaliəyə olan tələb bütün zamanlarda aktual qalır. Elə müqəddəs kitabımız olan “Qurani-Kərim” də bizə olan ilk “Oxu!” əmri ilə başlayır. Vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca sanki rayihəsini duyduğumuz kitablar bizim gələcək təminatçımız, bilik mənbəyimiz deyilmi? Kitab oxumaq da bir bacarıqdır. Bu bacarıqlarımızı inkişaf etdirsək, bütün qapılar üzümüzə açılacaq, yolumuz daim aydınlanacaq. Qarşımızdakı insana nəyi necə çatdıra biləcəyimizi bizə oxumaq vərdişləri aşılayır. Məşhur alim Albert Eynşteyn deyirdi ki, əgər sənə restoranda xidmət göstərən ofisianta “nisbilik” nəzəriyyəsini izah edə bilmirsənsə, demək problem səndədir.

Gəlin övladlarımızla dost olmağı bacaraq

İlk növbədə, valideyn olaraq öz övladlarımızı qınamamağa çalışaq. Qəbahəti onlarda yox, özümüzdə axtaraq. Biz onları necə tərbiyə ediriksə, onlar da elə yetişir. Övladlarımızla dost olmağı bacaraq, nəinki valideyn. Onların ruhdan düşməsinə imkan verməyək. Əzmini artıraq və onlara əminliklə deyək: “Biz sizə inanırıq, siz bacararsınız”.
    Qədim yunan mütəfəkkiri Sokrat ömrünün sonuna kimi meydanlarda həyatın gözəllik və gerçəkliklərini gənclərə aşıladı. Bəlkə, hərəmiz bir Sokrat, hərəmiz bir gənc olaraq verilən səmərəli məsləhətləri dinləyib yolumuzu aydınladaq?!

Fariz  ƏHMƏDOV

Nəşr edilib : 24.08.2023 19:44