AZ EN RU

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Naxçıvan MR üzrə təhsilverənlərin mərkəzləşmiş qaydada sertifikatlaşdırma prosesinin tarixi müəyyən olunub.
 
Mayın 2-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib. İclasda sertifikatlaşdırma prosesinin təşkilinə dair müzakirələr aparılıb və test imtahanı mərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib.
Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.
 
Qeyd edilən fənlər üzrə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe olan ümumi təhsil müəssisələrində çalışan 400-ə yaxın təhsilverən 21, 22, 24 iyun tarixlərində ilk dəfə mərkəzləşmiş qaydada keçiriləcək sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

İmtahanların başlama vaxtı (saat) və imtahan binalarının yeri barədə məlumat qaydalara uyğun olaraq 1 ay əvvəlcədən elan olunacaq.
 
Qeyd edək ki, ölkə üzrə cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Nəşr edilib : 03.05.2024 14:49