AZ EN RU

Təhsilin yeni inkişaf tarixinə misilsiz töhfələr vermiş maarifçilik məktəbi, ədəbi sənət ocağı, yaradıcılıq məbədgahı, 55 yaşın mübarək olsun!

Tarixi minilliklərə söykənən müasir elmi-mədəni mühitimiz bu gün ən sürətli inkişaf dövrünü yaşayır. Azərbaycan ədəbi yaradıcılığında, incəsənətində, tarixi və milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasında özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasında şahid olduğumuz yüksək inkişaf və sabitlik, quruculuq, bəşəri dəyərlərə ehtiram, digər sahələrdə olduğu kimi, elmi və mədəni mühit arenasında da özünü bariz şəkildə göstərir. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sabit siyasi strategiya, elm-təhsil yolunda atılan məqsədyönlü addımlar bu gün muxtar respublikamızın bir çox sahələrində, ən əsası isə mövzumuzun əsas ideya istiqamətini təşkil edən, ölkəmizin ən nüfuzlu təhsil ocağı olan Naxçıvan Dövlət Universitetini də əhatə etməkdədir.

Bu gün qürurla, böyük fəxrlə deyə bilərik ki, sözügedən uğurlu reallıqlar ölkəmizin ən qabaqcıl, prestijli və bir-birindən zəngin yenilikçi ideyaların ünvanı olan Naxçıvan Dövlət Universitetində mövcuddur. Bu mənada, elə ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin ali təhsil müəssisələri sırasında özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti haqqında dediyi “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə, regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər” yüksək fikirlər bir daha dediklərimizi təsdiq edir.

Bu il 55 yaşını qeyd edən ali təhsil ocağı böyük tarixi inkişaf yolu keçmişdir. Keçdiyi maarifçilik və elm-təhsil yolunun 50 ildən artıq şərəfli tarixçəsinə nəzər salaraq qeyd edək ki, bu ali təhsil ocağı 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayıb, 1972-ci ildə isə həmin filialın əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılıb. 1990-cı ildə isə daha böyük status qazanaraq Naxçıvan Dövlət Universiteti kimi öz fəaliyyətini davam etdirməkdədir. Ötən müddət ərzində maddi-texniki və tədris bazası yaxşılaşdırılmış, 108 hektar sahədə 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, Sosial Xidmət Mərkəzi, xəstəxana, olimpiya idman kompleksi, Baytarlıq Təbabəti Klinikası, Tələbə evi yaradılmışdır. Bununla belə diqqətə çatdıraq ki, bu cür korpusların sırasına tezliklə daxil ediləcək ölkə miqyasında bir ilk olan Texnologiyalar Parkının tikinti-quruculuq işləri sürətlə davam etdirilir.

 Azərbaycan maarifçiliyinin və ali təhsil sisteminin inkişafında özünəməxsus rolu olan bu təhsil müəssisəsində 1967-68-ci tədris ilində, yəni fəaliyyətə başladığı ilk illərdə 3 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, bu gün artıq universitetdə 58 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır.

Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında böyük xidmətləri olan Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik və milli-mədəni mühitimizin layiqli davamçılarından olub. Ötən əsrdən etibarən ölkəmizdə mövcud olan qeyri-sabit siyasi proseslər, erməni qəsbkarlarının qaldırdığı saxta torpaq iddiaları blokada şəraitində yaşayan diyarımızı ağır hadisələrin sınağına çəkməkdə idi. Belə bir şəraitin tüğyan etdiyi zamanda böyük xilaskar Heydər Əliyev Azərbaycan cəmiyyətinin elm-təhsil yolunda apardığı mübarizəni duymuş və böyük siyasi məsuliyyəti öz çiyinlərinə çəkərək bu elm məbədgahının – Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyinin qeyd olunmasında misilsiz xidmətlər göstərmişdir. 1992-ci ildə, ali təhsil ocağının 25 illik yubiley tədbirində ulu öndər çıxış edərək deyirdi: “Naxçıvan qədim tarixə malik olan bir diyardır, qədim Azərbaycan torpağıdır. Naxçıvan torpağında əsrlərboyu böyük-böyük şəxsiyyətlər yetişmiş, meydana gəlmiş və dünya mədəniyyətini, dünya elmini zənginləşdirən, dünya elminə böyük töhfələr verən insanlar olmuşdur. Fəqət Naxçıvanda ali təhsil ocağı, ali məktəb ilk dəfə 25 il bundan əvvəl yaranmış, bu da ki, qeyd olunduğu kimi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi 1967-ci ildə, sonra isə 1972-ci ildə müstəqil bir ali məktəb kimi təsis olunmuşdur və artıq 25 ildir ki, fəaliyyət göstərir. Biz bu gün böyük məmnuniyyəti hissi ilə qeyd etməliyik ki, bu ali təhsil məktəbinin yaranması və 25 illik fəaliyyəti Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında, mədəniyyətində, sosial həyatında, onun inkişaf etməsində böyük rol oynamış və Azərbaycan Respublikasının yüksək təhsilli kadrlarla təmin olunmasına öz töhfəsini vermişdir”.

Naxçıvan Dövlət Universiteti, sözün həqiqi mənasında, ölkənin ən nüfuzlu, qabaqcıl təhsil ənənələrinə malik elm məbədgahlarından biri kimi 55 illik fəaliyyətinin bütün dövrlərində milli əsaslarımızı qoruyub saxlamış və ölkə ictimaiyyətinə, elə ulu öndərimizin də dediyi kimi saysız ziyalılar bəxş etmişdir. Bu mənada, qeyd etmək lazımdır ki, dahi rəhbərin əsasını qoyduğu müdrik siyasətin böyük sədaqət və ehtiramla davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri cənab Vasif Talıbovun müəyyənləşdirdiyi yüksək təhsil strategiyasından bu gün Naxçıvan Dövlət Universitetinə də pay düşüb. Muxtar respublika rəhbəri qədim diyarımızda peşəkar kadrların hazırlanmasında, elm və təhsil sahəsində böyük uğurların qazanılması üçün ali təhsil ocağına diqqət və qayğını prioritet məsələyə çevirib. Belə ki, Ali Məclis Sədrinin 2017-ci il yanvarın 14 tarixində “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması və yubileylə bağlı Tədbirlər Planını təsdiq etməsi bu qayğının ən böyük ifadəsidir. Muxtar respublika rəhbəri universitetin 50 illik yubiley tədbirində diqqəti ali təhsil ocağının səmərəli fəaliyyətinə cəlb edərək deyib: Bu gün qətiyyətlə demək olar ki, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikasında təhsilin yeni inkişaf tarixidir. Universitet muxtar respublikada ali təhsil sisteminin inkişafı ilə yanaşı, milli şüurun formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində də mühüm xidmətlər göstərmiş, burada peşəkar milli kadrlar hazırlanmışdır. Artıq Naxçıvan Dövlət Universitetinin məzunları Azərbaycanda milli dövlət quruculuğunun müxtəlif sahələrində çalışır, sosial-iqtisadi inkişafa öz töhfələrini verirlər. Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Dövlət Universitetinin fəaliyyəti haqqında demişdir“Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyur. Bu da onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir”.

Universitetin müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri, yeni infrastrukturunun qurulması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun digər sahələrdə olduğu kimi, təhsilin inkişafında da ümummilli lider Heydər Əliyev siyasətinə sədaqətinin bəhrələridir. Bir-birindən gözəl tədris korpuslarının inşa edilməsi və ya yenidən qurulması, onların müasir tədris vasitələri ilə təmin edilməsi sahəsində görülən işlər Ali Məclis Sədrinin universitetin professor-müəllim heyətinə, çoxminli tələbə kontingentinə qayğısının ifadəsidir. Təsadüfi deyil ki, doğma universitetimiz ölkə miqyasında, o cümlədən beynəlxalq təhsil arenasında da qarşılıqlı əməkdaşlıq sahəsində əldə etdiyi uğurlarla bu gün dünya ölkələrinin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, son illərdə Naxçıvan Dövlət Universiteti əcnəbi tələbələrin sayına görə ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqları sırasında ilk sıralardadır. Belə ki, təhsil ocağında Cənubi Koreya, Pakistan, Türkiyə, Özbəkistan, Nigeriya və bir neçə ölkənin vətəndaşları müvafiq ixtisaslar üzrə təhsil alır. Ən böyük üstünlüyü isə qardaş Türkiyə Respublikasının tələbə-gəncləri təşkil edir. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası, Avstriya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri getdikcə genişlənir. Bu əlaqələrin ifadəsi kimi Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətinin ötən il 8-16 iyul tarixlərdə Türkiyənin prestijli universitetlərinə rəsmi səfər etməsi bir daha bunu təsdiq edir. Qeyd etmək yerinə düşər ki, ötən ildə baş tutan bu səfər çərçivəsində Türkiyənin ən nüfuzlu universitetləri ilə beynəlxalq səviyyədə əməkdaşlıq müqavilələri imzalanmışdır. Əlavə olaraq 3 sentyabr 2021-ci il tarixdə “Times Higher Education” (The World University Rankings 2022) dünya universitetləri portalında reytinq sıralamasında dünyanın ən yaxşı universitetləri arasında Naxçıvan Dövlət Universiteti də yer almışdır. Ali təhsil ocağına müəyyən vaxtlarda səfər etmiş diplomatik səfir və nümayəndələr ilə akademik və rəsmi səviyyədə görüşlər keçirilmiş, həmin ölkələrin ali təhsil müəssisələri ilə də beynəlxalq əlaqələrin qurulması sahəsində bir sıra addımlar atılmışdır. Universitetin beynəlxalq əlaqə müstəvisində ard-arda əldə etdiyi bu uğurlar isə özlüyündə tariximizin səhifələrinə günümüzün reallıqları kimi yazılır. Ali təhsil ocağının son dövrlərdə qazandığı bir uğuru da məxsusi olaraq vurğulamaq lazımdır ki, dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri  olan “Times Higher Education” 2022-ci il The İmpact Ranking” reytinqini açıqlayıb və siyahıda Naxçıvan Dövlət Universiteti də öz layiqli yerini tutub.

Uzun illər, hətta ilk yarandığı dövrdən ali təhsil ocağında pedaqoji fəaliyyət göstərən professor-müəllim kollektivi ilə də səmimi, maraqlı söhbət edərək universitetimizin keçdiyi tarixi inkişaf yoluna birgə nəzər saldıq, ötən zaman müddətində burada yaradılan uğurlarla, onların gözü ilə daha yaxından tanış olduq.

İlk həmsöhbətimiz 80 illik ömrünün 50 ildən daha da artıq bir müddətini məhz Naxçıvan Dövlət Universitetinə, habelə burada gələcəyin savadlı tarixçilərini yetişdirməyə həsr edən tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov oldu. 1969-cu ildən, Naxçıvan Dövlət Universiteti hələ filial kimi fəaliyyət göstərdiyi illərdə burada elmi-pedaqoji fəaliyyət göstərən İsmayıl müəllim deyir ki, mən pedaqoji fəaliyyətimə hələ bu ali təhsil ocağı – Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı olduğu vaxtlardan başlamışam. Keçmiş postsovet məkanında olan çətinliklər, gərgin proseslər təbii ki, hər bir sahədə olduğu kimi, təhsil sahəsini də alt-üst etmişdi. Onda nəinki Naxçıvanda, ölkənin heç bir yerində belə gözəl binalar, səliqə-sahman yox idi. Bu ali təhsil ocağı elm yoluna yeni qədəm qoyduğu illərdə bir binada dərs keçirdik. Şəraitsizlik ucbatından təbiət hadisələri qabağında aciz qalırdıq sanki. Yağış yağanda palçığa batmayaq deyə, müəllimlər özləri bu şəraitə uyğun nəsə etməyə çalışırdı. Xatırlayıram ki, qışın soyuğunda, sazağında şəraitsiz sinif otaqları sanki tələbələrimizin zehnini də iflic edirdi. Təhsil almaq üçün gənclərimizin çəkdiyi çətinliklər, nəqliyyatın azlığı, yararsız mühit, kitabxana və elektron avadanlıqların yox dərəcəsində olması tamam başqa bir əzab-əziyyət idi. Nə yaxşı ki həmin günlər geridə qalıb. İndi isə şükürlər olsun ki, hər fakültə ayrıca binada fəaliyyət göstərir, binalarımız təmiz, işıqlı və rahatdır. Bu gün tələbələrə auditoriyada deyirəm ki, indi oxumamaq özü günahdır. Axı bu qədər gözəl şərait, rahat sinif otaqları, çoxsaylı dərs vəsaitlərinin qabağında nə bəhanə edib oxumamaq olar? Şükürlər olsun ki, gənclərimizin əksəriyyəti də qurub-yaradılan imkanlardan yaxşı faydalanırlar, dərslərini yaxşı hazırlamaqla bərabər  universitetin ictimai işlərində də canla-başla çalışırlar.

Müsahibin ali təhsil ocağının hazırkı mühitini də diqqətə çatdıraraq deyir ki, ömrümün çoxunu bu ali təhsil ocağında gələcəyin tarixçilərini hazırlamağa həsr etmişəm. Bu elm məbədgahının çətin dövrlərini gördüyüm kimi, inkişafını tərəqqisini də görmüşəm. Bir ayrı müəllimin adından ulu öndərin milli ideologiyasının əsasında dayanan dövlət gənclər siyasəti əsrlərboyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edib. Bu gün də Naxçıvanımızda ulu öndər ideyalarının qorunub yaşadılması etimada sədaqətin ən gözəl bəhrəsidir. Arif insanlar həmişə deyir ki, xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, sadəcə, dünyasını dəyişdi deyirlər. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Yəni belə insanlar bizi tərk etdiyi anda, başqa bir formada mənəvi cəhətdən hər zaman bizimlədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşdu. Bu il həm ulu öndərin 99 illik yubileyi, həm də bizə doğma olan mənəvi evimiz Naxçıvan Dövlət Universitetinin 55 illik yubileyidir. Buna görə ali təhsil ocağının kollektivini təbrik edir, bundan sonrakı fəaliyyətimizdə də uğurlar, müvəffəqiyyətlər arzu edirəm.

 Elm-təhsil ümmanında 55 illik şərəfli yol qət edən, bir çox çətinliklərə sinə gərib, bu gün özünün ən gözəl çağını, inkişafını, tərəqqisini yaşayan, hər birimizə doğma olan, neçə-neçə ziyalıları ölkəmizdə və muxtar respublikamızda, habelə ölkə hüdudlarından kənarda da savadlı, potensial bir kadr kimi yetişdirən və tanıdan doğma, Naxçıvan Dövlət Universiteti, yeni yaşın, ömrünün 55-ci baharı mübarək olsun.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 14.06.2022 16:09