AZ EN RU

Təhsilin yeni inkişaf tarixinə misilsiz töhfələr vermiş maarifçilik məktəbi

    Tarixi minilliklərə söykənən müasir elmi-mədəni mühitimiz bu gün sürətli inkişaf dövrünü yaşayır. Azərbaycan ədəbi yaradıcılığında, incəsənətində, tarixi və milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasında özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasında şahid olduğumuz yüksək inkişaf və sabitlik, quruculuq, bəşəri dəyərlərə ehtiram, digər sahələrdə olduğu kimi, elmi və mədəni mühit arenasında da özünü bariz şəkildə göstərir. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sabit siyasi strategiya, elm-təhsil yolunda atılan məqsədyönlü addımlar bu gün muxtar respublikamızın bir çox sahələrini, ən əsası isə mövzumuzun əsas ideya istiqamətini təşkil edən, ölkəmizin ən nüfuzlu təhsil ocağı olan Naxçıvan Dövlət Universitetini də əhatə etməkdədir. 

    Bu gün qürurla, böyük fəxrlə deyə bilərik ki, sözügedən uğurlu reallıqlar ölkəmizin ən qabaqcıl, prestijli və bir-birindən zəngin yenilikçi ideyaların ünvanı olan Naxçıvan Dövlət Universitetində mövcuddur. Bu mənada, elə ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin ali təhsil müəssisələri sırasında özünəməxsus yeri olan Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamda deyilən “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə, regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər” kimi yüksək fikri bir daha dediklərimizi təsdiq edir. 


    55 yaşlı Naxçıvan Dövlət Universiteti böyük tarixi inkişaf yolu keçmişdir. Keçdiyi maarifçilik və elm-təhsil yolunun 50 ildən artıq şərəfli tarixçəsinə nəzər salaraq qeyd edək ki, bu ali təhsil ocağı 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayıb, 1972-ci ildə isə həmin filialın əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılıb. 1990-cı ildə isə daha böyük status qazanaraq Naxçıvan Dövlət Universiteti kimi öz fəaliyyətini davam etdirməkdədir. Ötən müddət ərzində maddi-texniki və tədris bazası yaxşılaşdırılmış, 108 hektar sahədə 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, Sosial Xidmət Mərkəzi, xəstəxana, olimpiya idman kompleksi, Baytarlıq Təbabəti Klinikası, Tələbə evi yaradılmışdır. Bununla yanaşı, diqqətə çatdıraq ki, belə korpusların sırasına tezliklə daxil ediləcək ölkə miqyasında bir ilk olan Texnologiyalar Parkının tikinti-quruculuq işləri sürətlə davam etdirilir. 
    Azərbaycan maarifçiliyinin və ali təhsil sisteminin inkişafında özünəməxsus rolu olan bu təhsil müəssisəsində 1967-68-ci tədris ilində, yəni fəaliyyətə başladığı ilk illərdə 3 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, bu gün artıq universitetdə 58 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır. 
    Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında böyük xidmətləri olan Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik və milli-mədəni mühitimizin layiqli davamçılarından olub. Ötən əsrdən etibarən ölkəmizdə mövcud olan qeyri-sabit siyasi proseslər, erməni qəsbkarlarının qaldırdığı saxta torpaq iddiaları blokada şəraitində yaşayan diyarımızı ağır hadisələrin sınağına çəkməkdə idi. Belə bir şəraitin tüğyan etdiyi zamanda böyük xilaskar, ulu öndər Heydər Əliyev Azərbaycan cəmiyyətinin elm-təhsil yolunda apardığı mübarizənin böyük siyasi məsuliyyətini öz çiyinlərinə çəkərək bu elm məbədgahının – Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyinin qeyd olunmasında misilsiz xidmətlər göstərmişdir. 1992-ci ildə, ali təhsil ocağının 25 illik yubiley tədbirində ulu öndər çıxış edərək deyib: “Naxçıvan qədim tarixə malik olan bir diyardır, qədim Azərbaycan torpağıdır. Naxçıvan torpağında əsrlərboyu böyük-böyük şəxsiyyətlər yetişmiş, meydana gəlmiş və dünya mədəniyyətini, dünya elmini zənginləşdirən, dünya elminə böyük töhfələr verən insanlar olmuşdur. Fəqət Naxçıvanda ali təhsil ocağı, ali məktəb ilk dəfə 25 il bundan əvvəl yaranmış, bu da ki, qeyd olunduğu kimi, Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi 1967-ci ildə, sonra isə 1972-ci ildə müstəqil bir ali məktəb kimi təsis olunmuşdur və artıq 25 ildir ki, fəaliyyət göstərir. 

    Biz bu gün böyük məmnuniyyət hissi ilə qeyd etməliyik ki, bu ali təhsil məktəbinin yaranması və 25 illik fəaliyyəti Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında, mədəniyyətində, sosial həyatında, onun inkişaf etməsində böyük rol oynamış və Azərbaycan Respublikasının yüksək təhsilli kadrlarla təmin olunmasına öz töhfəsini vermişdir”.
     Naxçıvan Dövlət Universiteti, sözün həqiqi mənasında, ölkənin ən nüfuzlu, qabaqcıl təhsil ənənələrinə malik elm məbədgahlarından biri kimi 55 illik fəaliyyətinin bütün dövrlərində ölkə ictimaiyyətinə, ulu öndərimizin də dediyi kimi yüksəkixtisaslı kadrlar bəxş etmişdir. Bu mənada, qeyd etmək lazımdır ki, dahi rəhbərin əsasını qoyduğu müdrik siyasətin böyük sədaqət və ehtiramla davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri cənab Vasif Talıbovun müəyyənləşdirdiyi yüksək təhsil strategiyasından bu gün Naxçıvan Dövlət Universitetinə də pay düşüb. Muxtar respublika rəhbəri qədim diyarımızda peşəkar kadrların hazırlanmasında, elm və təhsil sahəsində böyük uğurların qazanılması üçün ali təhsil ocağına diqqət və qayğını prioritet məsələyə çevirib. Belə ki, Ali Məclis Sədrinin 2017-ci il 14 yanvar tarixdə “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması və yubileylə bağlı “Tədbirlər Planı”nı təsdiq etməsi bu qayğının ən böyük ifadəsidir. Muxtar respublika rəhbəri universitetin 50 illik yubiley tədbirində diqqəti ali təhsil ocağının səmərəli fəaliyyətinə cəlb edərək deyib: “Bu gün qətiyyətlə demək olar ki, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikasında təhsilin yeni inkişaf tarixidir. Universitet muxtar respublikada ali təhsil sisteminin inkişafı ilə yanaşı, milli şüurun formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində də mühüm xidmətlər göstərmiş, burada peşəkar milli kadrlar hazırlanmışdır. Artıq Naxçıvan Dövlət Universitetinin məzunları Azərbaycanda milli dövlət quruculuğunun müxtəlif sahələrində çalışır, sosial-iqtisadi inkişafa öz töhfələrini verirlər”. 
    Universitetin müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri, yeni infrastrukturun qurulması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun digər sahələrdə olduğu kimi, təhsilin inkişafında da ümummilli lider Heydər Əliyev siyasətinə sədaqətinin bəhrələridir. Bir-birindən gözəl tədris korpuslarının inşa edilməsi və ya yenidən qurulması, onların müasir tədris vasitələrilə təmin edilməsi sahəsində görülən işlər Ali Məclis Sədrinin universitetin professor-müəllim heyətinə, çoxminli tələbə kontingentinə qayğısının ifadəsidir. Təsadüfi deyil ki, doğma universitetimiz ölkə miqyasında, o cümlədən beynəlxalq təhsil arenasında da qarşılıqlı əməkdaşlıq sahəsində əldə etdiyi uğurlarla bu gün dünya ölkələrinin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, son illərdə Naxçıvan Dövlət Universiteti əcnəbi tələbələrin sayına görə ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqları sırasında ilk yerdədir. Belə ki, təhsil ocağında Cənubi Koreya, Pakistan, Türkiyə, Özbəkistan, Nigeriya və bir neçə ölkənin vətəndaşları müvafiq ixtisaslar üzrə təhsil alırlar. Üstünlüyü isə qardaş Türkiyə Respublikasının tələbə-gəncləri təşkil edir. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası, Avstriya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri getdikcə genişlənir. Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətinin ötən il 8-16 iyul tarixlərdə Türkiyənin prestijli universitetlərinə rəsmi səfər etməsi bir daha bunu təsdiq edir. Qeyd etmək yerinə düşər ki, ötən ildə baş tutan bu səfər çərçivəsində Türkiyənin ən nüfuzlu universitetləri ilə beynəlxalq səviyyədə əməkdaşlıq müqavilələri imzalanmışdır. Əlavə olaraq 3 sentyabr 2021-ci il tarixdə “Times Higher Education” (The World University Rankings 2022) dünya universitetləri portalında reytinq sıralamasında dünyanın ən yaxşı universitetləri arasında Naxçıvan Dövlət Universiteti də yer almışdır. Ali təhsil ocağına müəyyən vaxtlarda səfər etmiş diplomatik səfir və nümayəndələr ilə akademik və rəsmi səviyyədə görüşlər keçirilmiş, həmin ölkələrin ali təhsil müəssisələri ilə də beynəlxalq əlaqələrin qurulması sahəsində bir sıra addımlar atılmışdır. Universitetin beynəlxalq əlaqə müstəvisində ard-arda əldə etdiyi bu uğurlar isə özlüyündə tariximizin səhifələrinə günümüzün reallıqları kimi yazılır. Ali təhsil ocağının son dövrlərdə qazandığı bir uğuru da məxsusi olaraq vurğulamaq lazımdır ki, dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” 2022-ci il “The İmpact Ranking” reytinqini açıqlayıb və siyahıda Naxçıvan Dövlət Universiteti də öz layiqli yerini tutub. 
    Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, bu ali təhsil ocağının qarşılıqlı əlaqələri yalnız region universitetləri ilə məhdudlaşmır, Naxçıvan Dövlət Universiteti həm də dünyanın bir sıra prestijli təhsil müəssisələri, o cümlədən Yaponiyanın ən nüfuzlu ali təhsil ocaqları ilə də diplomatik əlaqələr qurub. Bu mənada, diqqətə çatdıraq ki, universitetin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin iyun ayında Tokio Universitetinin Hiratsuka şəhərində yerləşən Şonan kampusuna gəlişi və burada qarşılıqlı əməkdaşlıq barədə müzakirələrin aparılması, o cümlədən nümayəndə heyətinin Yaponiyada nüfuzlu Asiya universitetlərinin Sammitində iştirak etməsi adıçəkilən qarşılıqlı əlaqələrin bariz nümunəsidir. 
    Naxçıvan Dövlət Universitetinin son uğurlu addımı isə muxtar diyarımızda təşkil edilən və ölkəmizdə bir ilk olan I Beynəlxalq Tibbi Forumda yaxından iştirak etməsi, qardaş Türkiyə Respublikasının və regionun bir sıra tanınmış ali təhsil ocaqları ilə qarşılıqlı əlaqələrin qurulması ilə həyata keçirildi. Forumun əsas qayəsindən də aydın oldu ki, Naxçıvan Dövlət Universitetinin gələcək inkişafında, yenilikçi ruhunda bu forumun böyük əhəmiyyəti olacaq. Ali təhsil ocağının bir sıra nüfuzlu universitetlərlə, habelə Azərbaycan Tibb Universiteti, İstanbul Yedditəpə Universiteti və Qaradəniz Texniki Universiteti ilə memorandumların imzalanması, fövqəladə görüşlərin keçirilməsi, iyirmidən çox ali təhsil ocağının səkkiz ölkədən və üç yüzdən çox alim və mütəxəssisin bu səfərdə iştirak etməsi gələcəkdə istər Naxçıvan Dövlət Universitetinin karyerasına, istərsə də muxtar respublikamızın səhiyyəsinə öz layiqli töhfəsini verəcək.
    Uzun illər, hətta ilk yarandığı dövrdən ali təhsil ocağında pedaqoji fəaliyyət göstərən professor-müəllim kollektivi ilə də səmimi, maraqlı söhbət edərək universitetimizin keçdiyi tarixi inkişaf yoluna birgə nəzər saldıq, ötən zaman müddətində burada yaradılan uğurlarla, onların gözü ilə daha yaxından tanış olduq. 
    İlk həmsöhbətimiz 80 illik ömrünün 50 ildən artıq bir müddətini məhz Naxçıvan Dövlət Universitetində gələcəyin savadlı tarixçilərini yetişdirməyə həsr edən tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov oldu. 1969-cu ildən bu ali təhsil ocağında elmi-­pedaqoji fəaliyyətə başlayan İsmayıl müəllim dedi: – Pedaqoji fəaliyyətimə hələ bu ali təhsil ocağı – Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı olduğu vaxtlardan başlamışam. Keçmiş postsovet məkanında olan çətinliklər, gərgin proseslər, təbii ki, təhsil sahəsini də alt-üst etmişdi. Onda nəinki Naxçıvanda, ­ölkənin heç bir yerində belə gözəl binalar, səliqə-sahman yox idi. Bu ali təhsil ocağı elm yoluna yeni qədəm qoyduğu illərdə bir binada dərs keçirdik. Şəraitsizlik ucbatından təbiət hadisələri qabağında aciz qalırdıq. Yağış yağanda palçığa batmayaq deyə, müəllimlər özləri bu şəraitə uyğun nəsə etməyə çalışırdı. Xatırlayıram ki, qışın soyuğunda, sazağında şəraitsiz sinif otaqları sanki tələbələrimizin zehnini də iflic edirdi. Təhsil almaq üçün gənc­lərimizin çəkdiyi çətinliklər, nəqliyyatın azlığı, yararsız mühit, kitabxana və elektron avadanlıqların yox dərəcəsində olması tamam başqa bir əzab-əziyyət idi. Nə yaxşı ki həmin günlər geridə qalıb. İndi şükürlər olsun ki, hər fakültə ayrıca binada fəaliyyət göstərir, binalarımız təmiz, işıqlı və rahatdır. Bu gün tələbələrə deyirəm ki, indi oxumamaq günahdır. Axı bu qədər gözəl şərait, rahat sinif otaqları, çoxsaylı dərs vəsaitlərinin qabağında nə bəhanə edib oxumamaq olar? Şükürlər olsun ki, gənclərimizin əksəriyyəti də qurub-yaradılan imkanlardan yaxşı faydalanır, dərslərinə yaxşı hazırlaşmaqla bərabər universitetin ictimai işlərində də canla-başla çalışır. 
    Naxçıvan Dövlət Universitetinin dosenti, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İman Cəfərov ölkəmizdə milli maraqlara söykənən gənclər siyasətindən söhbət açaraq dedi: – Ulu öndərin milli ideologiyasının əsasında dayanan dövlət gənclər siyasəti əsrlərboyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edib. Bu gün də Naxçıvanımızda ulu öndər ideyalarının qorunub yaşadılması etimada sədaqətin ən gözəl bəhrəsidir. Arif insanlar həmişə deyir ki, xeyirxah, vətənpərvər, yaradıcı, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar. Çünki onların ideyaları həmişəyaşardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiləşib. Dahi şəxsiyyətin əsasını qoyduğu təhsil siyasətinin prinsiplərini əldə rəhbər tutaraq Vətəninə, xalqına ləyaqətlə xidmət edəcək mütəxəssislər hazırlamaq üçün var qüvvəmizlə çalışacağıq.
    Elm və təhsil ümmanında 55 illik şərəfli yol qət edən, bir çox çətinliklərə sinə gərib bu gün özünün ən gözəl çağını, inkişafını, tərəqqisini yaşayan, hər birimizə doğma olan, neçə-neçə ziyalıları ölkəmizdə və muxtar respublikamızda, habelə ölkə hüdudlarından kənarda da savadlı, potensial bir kadr kimi yetişdirən və tanıdan doğma Naxçıvan Dövlət Universiteti ölkəmizin ali təhsil kəhkəşanında bundan sonra da zirvələrdə parlayacaq, gələcək nəsillərin də elm, təhsil yoluna ziya saçacaq. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 18.07.2022 18:50