AZ EN RU

Təhsilin İnkişafı Fondunun 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib

İyulun 12-də Təhsilin İnkişafı Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbir fondun fəaliyyətinə həsr edilmiş videoçarxın nümayişi ilə başlanıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. O bildirib ki, fondun əsas məqsədi Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.

Elnur Nəsibov fondun 40-dan çox layihənin təşkilatçısı və tərəfdaşı olaraq 20 mindən yuxarı insanı əhatə etdiyini söyləyib. Qeyd edib ki, təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi fondun 2024-cü il ərzində prioritet istiqamətlərindən biridir. Belə ki, Təhsilin İnkişafı Fondu və “Silk Vey Vest aviaşirkəti” MMC şirkəti arasında ianə müqaviləsi imzalanıb. Dövlət-özəl əməkdaşlığının bariz nümunəsi olan layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulur. Bundan əlavə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə birgə xüsusi imtiyazlara sahib olacaq vahid tələbə kartının yaradlması istiqamətində işlər görülür.

Daha sonra fondun rəhbəri media nümayəndələrinin suallarını cavablandırıb.

Tədbirdə fondun həyata keçirdiyi layihələrdən bəhrələnən “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı Fidan Fərzəliyeva, “IELTS imtahanına təşviq” layihəsinin iştirakçısı Çingiz Əsgərli və “Parla” təqaüd və inkişaf proqramının iştirakçısı Elmira Orucova təəssüratlarını bölüşüblər.

Sonda Təhsilin İnkişafı Fondu, Azərbaycan Mətbuat Şurası və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində Fondun yaradılmasının 3-cü ildönümü ilə bağlı “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin təmsilçiləri arasında keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Nəşr edilib : 12.07.2024 12:28