AZ EN RU

Təhsilimizin və incəsənətimizin bugünkü inkişafının əsasında Heydər Əliyev ideyaları dayanır

Ulu Öndərin doğma yurdunda keçirilən incəsənət festivalı möhtəşəm anlarla yadda qaldı

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ikigünlük incəsənət festivalı təşkil edilib. Festival təşkilatçılarından bir neçəsinin  təəssüratlarını qəzetimizin oxucularına təqdim edirik.
    Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov: – Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd olunmaqdadır. Respublikamızın hər yerində keçirilən bu əlamətdar günlər, həmçinin Azərbaycanla həmrəy olan bir çox qardaş ölkədə də davam edir. Bu gün dahi siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin doğulduğu Naxçıvan torpağında maraqlı və yaddaqalan tədbiri qeyd etməkdəyik. Belə ki, muxtar respublikada “SABAH” qruplarının iştirakı ilə ikigünlük incəsənətyönümlü tədbir keçirilir ki, burada da əsas məqsəd xüsusi istedada malik gənclərimizi ictimaiyyətə təqdim etməkdir. Diqqətə çatdırım ki, “SABAH” qrupları ölkəmizdə gənc kadrların iştirakına görə ən aparıcı yerdə dayanır. Əsas məqsədi tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir. Bu festivalın Naxçıvanda keçirilməsi də əlamətdardır. Bugünkü uğurların belə təmtəraqlı təqdimatının keçirilməsi, düşünürəm ki, həqiqətən, təqdirəlayiqdir. Çünki bu gün hər bir azərbaycanlı bilir ki, müasir respublikamızın, dövlətimizin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına, çiçəklənməsinə, Azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlişinə, Azərbaycan elminin və təhsilinin müasir inkişafına, dünyada tanınmasına həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir. İnanırıq ki, Azərbaycan gəncliyi istər təhsil və mədəniyyət, istərsə də incəsənət və digər sahələrdə daim Vətənimizin milli mənafelərini qoruyacaq, onu daha da irəliyə aparacaqdır. 
    Eldar Qocayev –  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “SABAH” İcra Komitəsinin rəhbəri: – “SABAH” qruplarının ənənəvi olaraq incəsənət festivalı keçirilir. Bu, incəsənətin müxtəlif sahələrini əhatə edən, tələbələrin nailiyyətlərinin ictimaiyyətə çatdırılması, onun təbliğ olunması, eyni zamanda müasir incəsənət sahəsində təhsilimizin hansı səviyyəyə gəlib çatmasını bir növ göstərir və haradasa ictimaiyyət qarşısında bir hesabat verməkdir. Amma bu il keçirilən incəsənət festivalı xüsusi məna daşıyır. Çünki bu, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Burada nümayiş etdirilən incəsənətin müxtəlif növlərinə aid nümunələr çıxışda, təqdimatda birbaşa və ya dolayı şəkildə Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlıdır. Buna görə də Naxçıvanı – o məkanı, o şəhəri , o qədim diyarı seçdik ki, orada Heydər Əliyev dünyaya gəlib, uşaqlığını keçirib, tarixin mühüm mərhələlərində burada fəaliyyət göstərib, işləyibdir. Böyük bir heyətlə – 100-dən artıq iştirakçı ilə bura gəlmişik. Festivalda müxtəlif ali təhsil ocaqlarından tələbələr, akademik, rəhbər heyət iştirak edir. Burada “SABAH” qrupları olan 4 universitet – Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak edirlər. İstəyirik ki, bu iki günü Naxçıvan ictimaiyyəti ilə qaynayıb-qarışaq. Ümumiyyətlə, musiqi, rəqs, teatr, pantomimika, şeir, klassik musiqiyə geniş yer verilib. Festivalın birinci günü Heydər Əliyev Sarayında, əsasən, simfonik və klassik musiqi üzərində qurulan konsert, həmçinin  tələbələrin çox böyük sərgisi keçirildi. Növbəti gün “Arşın mal alan” tamaşasını təqdim edəcəyik. Bu da yeni quruluşdadır və ilk dəfə Naxçıvanda təqdim olunacaq. Gün ərzində Naxçıvan əhalisi üçün təqdimatlar, müxtəlif küçə nümayişləri göstəriləcək. Mən əminəm ki, “SABAH” qrupları ilə Naxçıvan ictimaiyyəti arasındakı əlaqə daha da genişlənəcək və belə tədbirlərin təşkili adi hala çevriləcək. Bu, hər mənada, yaxşı nəticələrə gətirib çıxaracaqdır.
    Eldar Qocayev Naxçıvan haqqında təəssüratlarını bölüşərək əlavə etdi: – Naxçıvan bu gün dünyanın inkişaf etmiş şəhərlərindən heç də geri qalmır. Uzun illər əvvəl, tələbə ikən gəlmişdim bura. Bu gün isə sanki fərqli planetə düşmüşəm. Bu məni qəlbən çox sevindirir. Yeganə arzum növbəti dəfə Naxçıvana quru yolla gəlməkdir. Bu hər bir naxçıvanlının ürəyincə olar.
    Sevinc Əliyeva – “SABAH” İcra Komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini: – “SABAH”qrupları 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərir. Əsasən, təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi yeni və fərdi mühitin yaradılması savadlı və bacarıqlı tələbələrin yetişdirilməsi məqsədilə yaradılmış layihədir. Bu layihə çərçivəsində artıq 2018-ci ildən etibarən “SABAH” İncəsənət Festivalı təşkil olunur. İncəsənət festivalı 3 il ard-arda İçərişəhərdə keçirilmişdir. Keçən il biz festivalı Gəncə şəhərində reallaşdırdıq. Həm tələbələrimiz Dram Teatrda tamaşa ilə çıxış etdilər, həm də filarmoniyada konsert proqramı verdilər. Builki incəsənət festivalı Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur. Biz konsert proqramını təşkil etdikdə çalışmışıq ki, Heydər Əliyevin sevdiyi mahnıları, bəstəkarları konsert proqramımıza daxil edək. İlk dəfədir ki, Azərbaycanda “Arşın mal alan” xorun müşayiəti ilə tamaşaçılara təqdim olunacaq. Naxçıvanda keçirilməsi, təbii ki, simvolik xarakter daşıyır. Bu bizim festivalın mahiyyəti ilə üst-üstə düşür. Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının tələbələri ilə birlikdə ilk dəfədir ki, Naxçıvana səfərimiz baş tutur. Həqiqətən, Naxçıvan səliqəli, təmiz şəkildə qurulmuşdur. Heydər Əliyev Sarayı bizdə xoş təəssürat yaratdı, möhtəşəmdir, həqiqətən. İnanıram ki, konsert Naxçıvan əhalisinin çox xoşuna gəldi. 
    Mehriban Zəki – Azərbaycan Respublikasının Xalq artisti, “SABAH” qruplarının Aktyor sənəti fənni üzrə müəllimi: – Açığı bu gün səhər gəlmişəm və Naxçıvana səfərim ilk dəfədir, təəssüratlarım o qədər də geniş deyil. Amma şəhərə girəndə buranın təmizliyi və gözəlliyi, güllər, çiçəklər məni valeh etdi. Hətta xanımlara dedim ki, şəhər o qədər təmizdir ki, bura mənə Monakonu xatırlatdı. Sonra biz dahi rəhbərimiz Heydər Əliyevin abidəsini və muzeyini ziyarət etdik. Buradakı teatrı görmək istədim. Teatrın məkanı o qədər xoşuma gəldi ki, çox möhtəşəmdir. Gözəl insanlarla tanış oldum. 
    Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları 2014-2015-ci tədris ilində yaranıb və artıq 3 ildir ki, hər dəfə Azərbaycanın bir məkanında incəsənət festivalı təşkil olunur. Budəfəki səfərimiz Naxçıvana oldu və Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı gözəl tarixlə üst-üstə düşdü. Tələbələrimiz ilə bir neçə layihə, konsert proqramları təqdim etdik. Ən əsası Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasını bu səfər üçün Bakı Musiqi Akademiyası ilə müştərək hazırladıq. Düşünürəm ki, maraqlı və qeyri-adi bir tandem yaranır. Bizim tamaşamızın quruluşu da klassik quruluşdan tam fərqlidir, çünki gənclər oynayır. Ümumiyyətlə, tamaşamız sevgi haqqındadır. Çünki yaşından asılı olmayaraq, hər kəsin sevgiyə ehtiyacı var. Sosial statusundan asılı olmayaraq, bütün insanların sevgiyə ehtiyacı var.  Sevgi deyəndə, eşq deyəndə böyük anlamda Vətənə sevgi, anaya, insanlara sevgi başa düşülməlidir. Bizim o içimizdəki böyük Vətən sevgisi idi ki, 44 gün içində getdik, o qələbəyə nail olduq. Və bütün gənclərimizə bu sevgi ilə işıqlı yol, işıqlı sabahlar arzulayıram. 

Güntac ŞAHMƏMMƏDLİ 
Məcid RƏŞADƏTOĞLU
 Aidə İBRAHİMOVA

 

Nəşr edilib : 25.05.2023 01:10