AZ EN RU

Təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara “Qızıl” və “Gümüş” nişanlar təqdim olunub

    Avqustun 18-də Naxçıvan Dövlət Texniki Kollecində 2021-2022-ci tədris ilində məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlarla görüş keçirilmişdir.  
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov “Qızıl” və “Gümüş” nişanlarla təltif olunan məzunları təbrik etmiş, qazandıqları uğurun muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının nəticəsi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, yaradılan şərait nəticəsində təhsil müəssisələrində tədrisin keyfiyyəti yüksəlmiş, istedadlı şagirdlərin sayı artmışdır. Öz istedadı ilə seçilən şagirdlər dövlət qayğısı ilə əhatə olunmuş, onların adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadların “Qızıl kitabı”na yazılmışdır. Bu tədris ilində də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə idman və STEAM təhsili sahəsində fərqlənən daha 2 şagirdin adı həmin kitaba yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
    Təhsil naziri tədris ili ərzində keçirilən müsabiqələrdən və əldə olunan uğurlu nəticələrdən də danışmışdır. Bildirilmişdir ki, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 2021-2022-ci tədris ili ərzində IX-XI siniflərdə təhsil alan 37 şagirdin və 24 elmi rəhbərin iştirakı ilə 28 layihə işlənib hazırlanmışdır. Ölkə üzrə keçirilən “Sabahın alimləri” layihəsində 7 şagird 4 layihə ilə iştirak etmiş, 3 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülmüşdür. Təhsil naziri diqqətə çatdırmışdır ki, istedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə cari tədris ilində Amerikan beynəlxalq riyaziyyat müsabiqəsi, Kenquru beynəlxalq riyaziyyat müsabiqəsi, məktəblilərin Respublika fənn olimpiadası, Lütfi Zadə adına məntiq olimpiadası və VII Respublika fənn müsabiqəsi, SASMO beynəlxalq riyaziyyat olimpiadası da keçirilmişdir. Həmin olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 5258 şagird iştirak etmiş, onlardan 329-u qalib olmuşdur.
    Buraxılış və qəbul imtahanlarının nəticələri haqqında da danışan təhsil naziri bildirmişdir ki, muxtar respublikada yaradılan yüksək səviyyəli tədris şəraiti şagirdlərin hər iki imtahanda uğurlu nəticə qazanılmasına imkan vermişdir. Belə ki, 2021-2022-ci tədris ilində keçirilən  buraxılış imtahanlarında 250-300 arası bal toplayan məzunların sayı ötən illə müqayisədə 50 faiz artıb. Qəbul imtahanlarında 200-700 intervalında bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə 87, 600-700 intervalında bal toplayan şagirdlərin sayı isə 17 nəfər çox olmuş, 254 məzun 500-700 arasında bal toplamışdır. 
    Təhsil naziri qeyd etmişdir ki, bu tədris ilində də tədrisdə və buraxılış imtahanlarında əldə etdikləri nəticələrə görə məzunlardan 105-i təhsili xüsusi nailiyyətlə başa vurmuşdur. Bunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, IX siniflər üzrə isə isə 55 şagird fərqlənmə attestatına layiq görülmüşdür.
    Təqdimat mərasimində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova, Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Vəliyeva, valideyn Çingiz Mehdiyev çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə  minnətdarlıqlarını bildirmişlər.
    Sonra ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara “Qızıl” və “Gümüş” nişanları təqdim edilmiş, onlarla xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.08.2022 17:40