AZ EN RU

Təhsildə yeni dövr – STEAM

    XXI əsr bütün sahələrdə olduğu kimi, təhsildə də yeni bir dövrün başlanğıcını qoydu. Əgər XX əsr təhsili cəmiyyətin tələbinə uyğun bilikli adam yetişdirirdisə, bu yüzillik biliklə yanaşı, bacarıq, nəzəri cəhətdən bildiklərini praktika ilə bütünləşdirən şagirdlərin yetişdirilməsini tələb edir. Bu gün XXI əsr bacarıqlarına sahib gəncləri yetişdirməyin yolu STEAM təhsilindən keçir. Bu təhsil gələcəyin mükəmməl dizayner, pro­qramçı, texnoloq, müəllim və həkimlərinin yetişməsinə təkan verən bir təhsil metodudur. Çünki STEAM fənlərarası inteqrasiyaya əsaslanaraq şagirdin bilik və bacarığını inkişaf etdirir. STEAM dərslərində uşaqlar özünü ifadəetmə vərdişləri, müzakirə etmə, tənqidi düşünmə və problem həlletmə bacarıqları qazanırlar. Onlar bir neçə fəndən əldə etdikləri bilikləri tətbiqə çevirə bilirlər. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il           7 iyun tarixdə STEAM təhsilinin əhəmiyyətini nəzərə alaraq “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Sərəncamdan qısa müddət keçməsinə baxmayaraq, Təhsil Nazir­liyi qarşısında müəyyənləşdirilən vəzifələr uğurla icra olunur. Bu günə kimi təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi, 110 təhsil müəssisəsində isə STEAM kabinəsi yaradılıb. Bu təhsil müəssisələri zəruri təlim avadanlığı və inventarlar ilə, eyni zamanda kompüter, 3D printer və elektron lövhə, mikrobit, arduino setləri, STEAM üçün öyrədici elektron komponentlərlə təmin edilib. Hazırda əlavə olaraq 50 ümumtəhsil məktəbində kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir. Artıq muxtar respublika məktəbliləri də ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyrotexnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. 
    Muxtar respublikada STEAM üzrə bilikli təhsilverənlərin hazırlanması da əsas hədəflərdən biridir. Bu istiqamətdə də işlər diqqətdə saxlanılıb, bu günədək 300-dən çox müəllim STEAM təlimlərinə cəlb olunub. Təlimlər zamanı STEAM metodologiyaları, robotexnika, 3D CAD modelləşdirmə və çap, proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədilib. Təlimi uğurla başa vuran müəllimlərə sertifikat verilib və onlar hazırda STEAM dərslərini ümumtəhsil məktəblərindəki STEAM kabinələrinin imkanlarından istifadə olunmaqla daha səmərəli tədris etməyə çalışırlar. 
    Sərəncama uyğun olaraq tədrisin yüksək səviyyədə təşkili və STEAM tədris metodunun tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən VI-VII siniflər üçün STEAM tədris pro­qramı, tədris vəsaiti, “Robotexnika”, “Arduino tətbiqetmə kitabı”, “Robot layihələri”, “İncəsənət 3D modelləşdirmə”, “Mühəndislik mikrobit layihələri” adlı kitablar nəşr olunub. 
    Ötən tədris ili müddətində STEAM üzrə keyfiyyətli tədrisi təmin etmək üçün vahid mərkəzdən STEAM təhsilinin aktual mövzularına həsr olunan 8 interaktiv dərs keçilib. Bununla yanaşı, ümumtəhsil məktəbləri şagirdlərinin STEAM layihələri üzrə “Robotunu yarat”, “Xətt izləyən robot”, “Microbit kodlaşdırması”, “Sosial texnologiyalar”, “Lego Sumo”, “3D bacarıqlar”, “Sənaye robot qol”, “Qısa film”, “Microbitlə idarə olunan mancanaq”, “Yaşıl texnologiyalar” və “Labirint robot” olmaqla, 11 müsabiqə təşkil edilib. Bu müsabiqələr şagirdlərin STEAM üzrə bilik və bacarıqlarını üzə çıxarmaqla yanaşı, onların “STEAM təhsil festivalı”na, eləcə də ölkə və beynəlxalq səviyyəli müsabiqələrə hazırlanmasına öz müsbət təsirini göstərib. Görülən işlərin nəticəsi olaraq naxçıvanlı şagirdlər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “STEAM Azərbaycan Festivalı-2021” və “TEKNOFEST-Azərbaycan” festivalında iştirak edərək uğurlu nəticələr əldə ediblər. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “STEAM təhsili: reallıqlar və perspektivlər” beynəlxalq elmi-praktik konfransı da STEAM sahəsində muxtar respublikada görülən işlərin davamıdır. Konfransın keçirilməsinin əsas məqsədi ölkəmizdə və o cümlədən muxtar respublikamızda ümumi və ali təhsildə tətbiq edilən STEAM təhsilinin elmi-nəzəri və praktik cəhətdən əhəmiyyətini müzakirə etmək, əldə olunan biliklərin səmərəli tətbiqinin nəticələrini təhlil etmək idi. Bu konfrans, eyni zamanda ümumi təhsildə STEAM təhsilinin gələcək perspektivləri haqqında yeni yanaşmaları müəyyənləşdirmək üçün bu sahədə çalışan tədqiqatçıları, praktik mütəxəssisləri, fənn müəllimlərini, ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərini, ümumiyyətlə, STEAM təhsil metodunun aktual məsələləri ilə maraqlananları bir araya gətirmək məqsədi daşıyırdı. İlk dəfə keçirilməsinə baxmayaraq, konfransa 100-dək məqalə təqdim edilmişdi.
    Bu istiqamətdə həyata keçirilən tədbirlərin yekunu olaraq iyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ilk dəfə “STEAM təhsil festivalı” keçirilib. STEAM təhsilinin muxtar respublikada qısa müddətdə tətbiq edilməsinə baxmayaraq, festivalda 640 şagird 204 layihə ilə, 84 tələbə isə 58 layihə ilə iştirak edib. Bu festival tədris ili ərzində STEAM təhsili sahəsində görülən işlərin yekunu olub, həm də elmi, texnologiyanı sevən şagirdləri, tələbələri özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verib, təcrübə qazandırıb.
    Məlum olduğu kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazir­liyinin dəstəyi ilə 5-9 dekabr tarixlərdə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilib. 1300-ə yaxın iştirakçının qatıldığı festivalda 127 əcnəbi iştirak edib.Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər dəvət edilib. Festival çərçivəsində müsabiqələr “VEX İQ”, və “VEX V5”, “Robotiks”, “Lego”, “Axtarış və xilasetmə” (10-14, 15-18 yaş), “Hakaton” (ali məktəb), “Hakaton” (ümumtəhsil məktəbləri), “Xəyal dünyası” (ibtidai sinif), “Mexatronika”, “Təhsil dronları” adı ilə, ümumilikdə, 10 kateqoriya üzrə müəyyənləşdirilib, “İnnovativ layihələr sərgisi” təşkil olunub. Naxçıvan Muxtar Respublikasından isə bu festivalda 8 şagird və komanda rəhbərləri olmaqla, 4 komanda – “Əlincəqala”, “Naxçıvan”, “Qapıcıq”, “Mühəndislər” komandaları iştirak edib. “Qapıcıq” və “Naxçıvan” komandaları “Survivor”, “Əlincəqala” komandası “Edu drone” kateqoriyaları üzrə, “Mühəndislər” komandası isə “İnnovativ layihələr sərgisi”ndə mübarizə aparıb. “Naxçıvan” komandası “Survivor” kateqoriyasında ən yaxşı təqdimat nominasiyası üzrə II, “Qapıcıq” komandası ümumi qaydaları yerinə yetirdiyinə görə III yerə layiq görülüb. “Mühəndislər” komandası isə 200-ə yaxın komanda arasında ilk otuzluqda yüksək nəticə göstərmişdir. “SAF 2022” festivalını birinciliklə başa vuran “Əlincəqala” komandası isə 2 mərhələdə təşkil olunan yarışın I mərhələsində maksimum bal olan 330, ikinci mərhələdə də eyni qaydada maksimum 150 bal toplayaraq I yerə layiq görülüb. 
    Yekun nəticələrə əsasən “Naxçıvan” və “Mühəndislər” komandaları qiymətli hədiyyələrlə mükafatlandırılıb, “Qapıcıq” komandası 2 bürünc, “Əlincəqala” komandası isə 2 qızıl medala layiq görülüb.
    Onu da qeyd etmək yerinə düşər ki, ötən il keçirilən festivalda iştirak edən Naxçıvan məktəbliləri “Lego Sumo” kateqoriyası üzrə III yerə layiq görülüb. STEAM sahəsinə göstərilən diqqət və qayğı, bu sahədəki müəllimlərin mütəmadi olaraq kurslara göndərilməsi və şagirdlər arasında müsabiqələrin təşkili öz bəhrəsini verib, bir ildən sonra Beynəlxalq festivalda qalibiyyətlə nəticələnib. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olaraq hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulur. Son tamamlama işləri görülən mərkəz 3 mərtəbədən ibarətdir. Mərkəz STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla təmin olunacaq. Xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə seçilən binada səmərəli iş fəaliyyətinin təşkili üçün geniş imkanlar yaradılır. STEAM Təlim-Tədris Mərkəzində müasir dizaynda mühəndis emalatxanası, 3D printer, dron, elm, informatika, incəsənət və texnologiya, robotexnika otaqları və kitabxana yaradılıb. Mərkəzdə əlavə olaraq xidməti otaqlar və layihələrin nümayişi üçün sərgi salonu da nəzərdə tutulub. Mərkəz zəruri avadanlıqlarla – müxtəlif modellərdə və ölçülərdə 3D printer, CNC-lazer, tədris əsaslı robotlar və elektron komponentlər, emalatxana və tədris ləvazimatları, elektron lövhə və kompüterlə təmin olunacaqdır.
    Mərkəzin fəaliyyətinə uyğun olaraq ilk mərhələdə məktəblərdə təhsil alan istedadlı və bacarıqlı şagirdlərdən ibarət şagird bankı yaradılacaq. STEAM dərslərinin tədrisi üçün 2 illik tədris proqramları hazır­lanacaq. Dərslər “3D çap”, “Microbit və arduino ilə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Robotexnika”, “Tədris dronları” mövzuları üzrə aparılacaq. Şagirdlər STEAM Təlim-Tədris Mərkəzində həm proqram əsasında öz biliklərini zənginləşdirəcək, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcəklər. Şagirdlər elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq, öz bilik və bacarıqlarını zənginləşdirəcəklər. 
    STEAM Təlim-Tədris Mərkəzi fəaliyyətini öz məqsədinə müvafiq olaraq şagirdlərin dövrün tələbinə uyğun təhsil alması və müasir texnologiyanı tam mənimsəməsi istiqamətində aparacaq və muxtar respublikamıza bu sahədə öz töhfəsini verəcəkdir. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.12.2022 19:59