AZ EN RU

Təhsildə sosial-psixoloji xidmət mərkəzi yaradılmışdır

    Dünən Naxçıvan Müəllimlər İnstitutunda ictimai əsaslarla yaradılan Təhsildə sosial-psixoloji xidmət mərkəzinin təqdimatı olub. Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan magistrantların iştirakı ilə keçirilən tədbirdə ali təhsil ocağının rektoru Azad Novruzov çıxış edib. Təhsildə sosial-psixoloji xidmət mərkəzinin yaradılması zərurətinə toxunan rektor vurğulayıb ki, institutda bu mərkəzin yaradılmasına əsas verən həm kadr potensialı, həm də maddi-texniki baza imkan verir ki, bu istiqamətdə mərkəzləşmiş əsaslı işlər aparılsın.
    Qeyd olunub ki, mərkəz “Təhsildə sosial-psixoloji xidmət mərkəzinin işinin təşkilinə dair Əsasnamə” ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində institutun Pedaqogika və psixologiya kafedrası ilə əlaqəli fəaliyyət göstərəcək. Bu qurum həm bakalavriat, həm də magistratura səviyyələrində müvafiq ixtisas üzrə təhsil alanların tədqiqat əsaslı praktik fəaliyyətinin gücləndirilməsinə, muxtar respublikamızın ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəb psixoloqlarına işlərini günün tələbləri səviyyəsində qurmasına xidmət edəcəkdir. 
  İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev “Təhsildə sosial-psixoloji xidmət mərkəzinin işinin təşkilinə dair” mövzusunda çıxış edərək bildirib ki, mərkəzdə ilkin mərhələdə dörd istiqamət üzrə dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur. Bunlar “İnkişaf və yaş psixologiyası”, “Psixodiaqnostika və psixokorreksiya”, “Korreksiyaedici təlim”, “İnklüziv təhsil” istiqamətləridir. 
    Sonra istiqamət rəhbərləri institutun, Pedaqogika və psixologiya kafedrasının əməkdaşları –  psixologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Hacıyeva, baş müəllim-psixoloq Nüşabə Məmmədova, müəllim-deffektoloq-loqoped Almaz Məmmədova və müəllim-psixoloq Aynurə Məmmədova istiqamətlər üzrə görüləcək işlər haqqında məlumat vermişlər. 
    Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış və Təhsildə sosial-psixoloji xidmət mərkəzi ilə tanışlıq olmuşdur. 

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 14.02.2023 20:43