AZ EN RU

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təlimləri uğurla yekunlaşıb

    Naxçıvan Dövlət Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ali təhsil ocağında agentliyin təlimləri keçirilib. 
    Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet kimi qeyd olunub. Diqqətə çatdırılıb ki, təlimlərin mahiyyəti rəhbərlik etdiyi ali təhsil ocağının pedaqoji və inzibati heyətinə daxili və xarici keyfiyyət təminatı sisteminə dair geniş məlumat vermək və daxili keyfiyyət təminatının formalaşmasına dəstək olmaqdan ibarətdir. 
    Dörd gün davam edən təlimi agentliyin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov keçib. Təlimin ilk günündə təhsil müəssisələrinin akkreditasiya qaydalarından danışılıb. Daxili və xarici keyfiyyət təminatı, mövcud təhsil standartları, akkreditasiya mərhələləri haqqında ətraflı məlumat verilib.
    Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar (ESG) haqqında mövzuya təlimin ikinci günündə aydınlıq gətirilib. Keyfiyyət təminatı sistemi, tələbə yönümlü təhsil, tədris və qiymətləndirmə, tələbələrin komanda ilə işləmək bacarığı məqamları haqqında ətraflı məlumat verilib. Tələbələrin ali məktəbə qəbulu, təhsil alması, tanınması və attestasiyası məsələləri barədə çıxış edən təlimçi tələbələrə dəstək, təhsil resursları haqqında iştirakçıları maraqlandıran sualları cavablandırıb. 
    Asiman İlyasov təlimin üçüncü günündə “Strateji idarəetmə və daxili idarəetmə sisteminin qurulması” mövzusunda çıxışında təlim iştirakçılarını strukturlararası kommunikasiya, planlama, daxili nəzarət mexanizmləri, audit zamanı daxili nəzarət strukturu haqqında məlumatlandırıb. 
    Təlimin son iki günündə təlimçi daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması və sillabusların dizaynı, təlim nəticələrinin yazılması və qiymətləndirilməsi qaydalarından danışıb. Mövzular ilə bağlı müəllimlərin sualları ətraflı cavablandırılıb.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli Sərəncamı ilə yaradılmış Təhsildə Keyfiyyət Agentliyinin fəaliyyət istiqaməti təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodik dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etməkdir.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 06.04.2022 18:48