AZ EN RU

Təhsildə beynəlxalq əməkdaşlıq ali təhsilin keyfiyyətini artırmaqla yanaşı, savadlı və bacarıqlı kadrlarla təminata da şərait yaradır - FOTOLAR

Naxçıvan Dövlət Universiteti ilə Türkiyə arasında elmi sahədə də əməkdaşlıq gücləndirilir

    Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Dövlət başçısı cənab İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu səhiyyə sistemində də layiqincə davam etdirir. Ötən müddətdə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. 

    Bu istiqamətdə görülən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzindədir. Ölkəmizin ali təhsil müəssisələri sırasında qabaqcıl yerlərdən birində qərar tutan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi 1999-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq tibbi kadrlara tələbatın ödənilməsi məqsədilə yaradılmışdır. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən müddətdə inkişaf edərək hazırda həm bakalavr, həm də rezidentura təhsili üzrə həkim hazırlığı həyata keçirir. Bu gün fakültənin müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanası tələbələrin nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsində müstəsna rol oynayır. Bununla yanaşı, tibb sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün ali təhsil ocağı xarici ölkə universitetləri ilə sıx əlaqələr qurmuşdur. Fakültədə yüksək tədris üçün lazımi şərait yaradılmış, müasir xəstəxana istifadəyə verilmiş, muxtar respublikanın səhiyyə müəssisələrində auditoriyalar qurulmuşdur. 25 tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 1491 tələbə təhsil alır ki, onların arasında xarici ölkə vətəndaşları da az deyil. Yarandığı dövrdə fakültədə yalnız Pediatriya ixtisası üzrə həkim hazırlanırdısa, bu gün Tibbi profilaktika, Müalicə işi, Əczaçılıq və Stomatologiya ixtisasları üzrə həkim, hərbi tibb, eləcə də 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir. 
    Universitetdə Tibb ixtisası üzrə tələbələrin bilik və bacarıqlarının yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir, müxtəlif profilli elmi-praktiki seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Tibbi təhsilin məqsəd və vəzifələri, sadəcə, sistemli biliklərin verilməsi ilə məhdudlaşma­ma­lıdır. Çünki həkim hazırlığında yalnız nəzəri biliklər kifayət etmir. Tələbələr muxtar respublikanın səhiyyə müəssisələrində, fakültənin xəstəxanasında, eləcə də xarici ölkə­lərdə təcrübələrə cəlb olunur, praktiki dərslərə üstünlük verilir, onlarda peşə vərdişləri formalaşdırılır. 
    Təhsilin keyfiyyətini yüksəltmək məqsədilə universitetdə üçmərtəbəli kliniki xəstəxana da istifadəyə verilmişdir. Bu səhiyyə müəssisəsi müxtəlif xəstəliklərin müayinə və müalicəsi üçün ixtisaslaşmaqla yanaşı, tələbələrə universitet ərazisində praktiki dərslərin keçilməsi üçün əlverişli imkanlar yaratmışdır. Fakültənin müasir tədris korpusu yenilikçi standartlara cavab verən avadanlıqlarla, kabinə və laboratoriyalarla təchiz edilmişdir. Tələbələr ixtisaslarının profillərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq xəstəxanalarından baza xəstəxanası kimi istifadə edir. Kliniki dərslərin əksəriyyətini xəstəxanalarda, bila­vasitə xəstələr üzərində keçilməsi üçün lazımi şərait yaradılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublika Xəstəxanasında əməliyyatları auditoriyalarda canlı izləmək üçün müvafiq qurğular qurulmuşdur. 
    Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili, universitetin nəzdində ingilisdilli orta məktəbin yaradılması da nəzərdə tutulub.
    Sevindirici haldır ki, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayevin rəhbərliyi ilə universitetdə yüksək səviyyədə qurulan beynəlxalq əlaqələr xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlıq müqavilələrinin bağlanılmasına, ikili diplom layihələrinin həyata keçirilməsinə, ortaq elmi araşdırmaların aparılmasına şərait yaradıb. Bu əməkdaşlıqlar çərçivəsində universitetin professor-müəllim heyəti müntəzəm olaraq nüfuzlu konqreslərə, sammitlərə dəvət edilir. Bu tədbirlər içərisində Tibb ixtisası üzrə təhsil alan tələbələrin qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu universitetlərində keçdiyi ənənəvi yay istehsalat təcrübələrinin də xüsusi yeri vardır. Tələbələrimiz auditoriyalarda əldə etdikləri nəzəri biliklərlə praktikada qazandıqları təcrübəni düzgün və səriştəli tətbiq etdikdə nəticə çox yaxşı və ürəkaçan olur. Bu həm də onların gələcək fəaliyyətinə çox müsbət təsir edir. 
    Ötən il uğurla başa çatan və Naxçıvan Dövlət Universitetinin son illər ərzində qazandığı ən böyük nailiyyətlərdən olan 7 ölkədən 350-dən çox alim və mütəxəssisin iştirak etdiyi I Beynəlxalq Tibb Forumu yalnız ali təhsil ocağına yox, həm də ölkəmizin səhiyyə sisteminə böyük töhfə qazandırdı. 
    Müasir dövrümüzdə, qloballaşan dünyada milli mədəniyyət, tarixi və etnik kökləri ilə bir-birinə bağlı olan Azərbaycan Respublikası və Türkiyə Respublikası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq və bərabərlik nümayiş etdirir. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində də Türkiyənin özünəməxsus yeri vardır. Diqqətə çatdırmaq lazımdır ki, forum müddətində ali təhsil ocağımız üçün bir sıra layihələr icra olunub, gələcək plan və perspektivlər müəyyən edilib. Ən əsası qardaş ölkənin nüfuzlu universitetlərindən olan Yeditəpə Universiteti ilə gələcəkdəki geniş əlaqələrə dair memorandum imzalanıb. Bu sazişdən sonra sözügedən ali təhsil ocağı ilə Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələr daha da genişlənib. 
    Onu da qeyd edək ki, 1996-cı ildə əsası qoyulan Yeditəpə Universiteti ABŞ, Kanada, Rusiya, Cənubi Amerika başda olmaqla dünyanın 700-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malikdir. 13 fakültə ilə texniki sahədə kadr hazırlığını həyata keçirən universitetdə müxtəlif ixtisaslar üzrə müasir akademik proqramlara uyğun ingilis dilində tədris həyata keçirilir. 
     Təcrübədə olduğumuz Yeditəpə Universiteti ilə Naxçıvan Dövlət Universitetinin təhsil əlaqələrinin qurulması artıq ilk bəhrələrini verməyə məhz tibb təcrübəsi ilə başladı. Ali təhsil ocağında olarkən universitetin rektoru, professor Canan Aykut Bingöl geniş bir tədbirdə bu mövzuya toxundu və hər iki ali təhsil ocağı arasındakı əlaqələrdən danışdı. Bununla yanaşı, təcrübə iştirakçıları universitetin tanınmış alim heyəti ilə də görüşdü. Belə ki, universitetin Tibb fakültəsinin dekanı, professor-həkim Sena Ercan, Diş həkimliyi fakültəsinin dekanı, professor-həkim Bahar Eren Kuru, Yeditəpə Universiteti xəstəxanasının professor-həkimləri – mama-ginekoloq Erkurt Attar və həyat yoldaşı Rukset Attarın da tələbələrimizlə görüşləri çox maraqlı oldu.
    Yeditəpə Universitetinin təşkilatçılığı və istəyi ilə bir neçə tələbəmizin çətin əməliyyatlarda – qaraciyər transplantasiyasında iştirak etməsi çox yaxşı nəticələr doğurdu. Tələbələrimiz bölünərək müxtəlif şöbələrdə həkimlərlə birlikdə müzakirələr apardılar, professorların göstərişi ilə tibbi müayinələr etdilər.
    İyulun 10-da universitetin 18 tələbə və 4 müəllimdən ibarət olan digər qrupu isə istehsalat təcrübəsini qardaş dövlətin Qaradəniz Texniki Universitetində davam etdirdi. 30 minə yaxın tələbə sayı ilə Türkiyənin ən önəmli universitetləri sırasında olan Qaradəniz Texniki Universiteti Türkiyədə İstanbuldan sonra mühəndislik sahəsində təhsilin verildiyi ilk ali təhsil ocaqlarından biridir. Tibb ixtisası üzrə kadr hazırlayan ali təhsil ocağı kimi böyük nüfuz qazanıb. Təcrübə müddətində Tibb fakültəsinin dekanı, professor Nəşə Kaklıkkaya və universitet xəstəxanasının baş həkimi, professor Cəlal Təkinbaş ilə görüşlərimiz, Farabi xəstəxanası ilə tanışlıq da maraqlı oldu. 
    Bir amili də qeyd edək ki, Naxçıvan Dövlət Universitetində Qara Dəniz Texniki Universitetinin birgə təşkilatçılığı ilə altı ölkənin 300 mütəxəssisinin iştirak etdiyi 1-3 iyun tarixlərdə keçirilən I Beynəlxalq Apiterapiya və Təbiət Konqresi də əməkdaşlığımızın daha bir bariz nümunəsidir. 
    18 nəfər tələbə və 4 alimin iştirak etdiyi digər bir qrup isə qardaş ölkə­nin Ankara Dövlət Universitetində olub. Bu ali təhsil müəssisəsinin əsası 1946-cı ildə qoyulub. 36 ayrı kampusda fəaliyyət göstərən universitetdə beş mindən çox əcnəbi tələbə təhsil alır ki, bunlardan minə yaxını Azərbaycan vətəndaşıdır. Ankara şəhərindəki 2 universitetdə təcrübə keçirildi ki, bunlardan biri Türkiyə Cümhuriyyətinin ilk ali təhsil müəssisəsi olan Ankara Universiteti, digəri isə 1926-cı ildən bəri fəaliyyət göstərən Qazi Universiteti idi. 49 tələbə, 6 nəfərlik professor-müəllim heyəti 2 həftəlik təcrübə müddətində Ankara Universitetinin Tibb fakültəsinin İbn Sina və Cebeci xəstəxanalarında, Qazi Universitetinin Tibb fakültəsinin xəstəxanasında, Stomatologiya və Əczaçılıq fakültələrində oldu. Tələbələrimiz şöbə müdirləri və şöbənin həkim heyəti ilə birlikdə müxtəlif əməliyyatlarda iştirak etdilər, əməliyyat sonrası xəstələrə ilkin tibbi yardımın göstərilməsi izlənildi. 
    Qazi Universitetinin isə 3 fakültəsində tələbələrimiz staj keçdilər. Dosent doktor Nazmi Mutlu Karakaş ilə çox səmimi görüşümüz oldu. Tələbələrimizin əksəriyyəti göstərdikləri bacarığa görə xəstəxanadakı digər təcrübəçi tələbələrdən fərqləndirilərək onların əməliyyatlarda həkim köməkçisi kimi iştirak etməsinə şərait yaradıldı. Burada tələbələrimiz tərəfindən ilkin tibbi yardım şöbəsinə gələn xəstələrə ilk tibbi yardım da göstərildi. 
    Qazi Universitetinin Stomatologiya fakültəsində tələbələrimiz bir çox şöbələrdə oldular. Onların bacarıqları fakültənin professor-müəllim heyəti tərəfindən razılıqla qarşılandı. Həmin universitetin Əczaçılıq fakültəsinin dekanı, professor İlkay Orhan və dekan müavini dosent-doktor Emre Durmazın tələbələrlə görüş zamanı gələcəkdə daha böyük qruplarla uzunmüddətli təcrübələrin keçirilməsi təşəbbüsü irəli sürüldü. Əczaçılıq fakültəsində tələbələr Farmakoqnoziya, Əczaçılıq texnologiyası sahələri üzrə təcrübədə oldular. 
    Əczaçılıq texnologiyası bölməsində universitetimizi və Naxçıvanı daha yaxından tanımaq üçün tələbələrin seminar təşkil etmələri arzusu da reallaşdı. Tələbələrimiz və rəhbər müəllim heyəti tərəfindən təhsil sistemi və Naxçıvanın təbii sərvətlərini əks etdirən seminar keçirildi. Seminar onlarda xoş təəssüratlar yaratdı. Təcrübələrin sonunda hər bir tələbəyə sertifikatlar təqdim olundu.
     Təcrübə prosesində mənəvi istirahətimiz də unudulmadı. Belə ki, həftəsonları təşkil edilən sosial proqramlar da həkim-tələbə kollektivi üçün yaddaqalan oldu. Trabzon şəhərinin gəzməli, görməli yerləri ilə tanışlıq, gəmi turu da maraqlı və yaddaqalan oldu. Onu da qeyd edək ki, istehsalat təcrübəmiz Trabzon mətbuatında da geniş işıqlandırıldı. 
    Qürur hissi ilə qeyd edirik ki, Naxçıvan Dövlət Universiteti Beynəlxalq reytinqlərdə də irəliləməyə davam edir. Doğma ali təhsil ocağımız dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2023-cü il iyul ayının nəticələrinə görə Azərbaycan Universitetləri arasında 3-cü olub.  Qeyd edək ki, bəhs etdiyimiz reytinq dünya üzrə 13.900 universitet və kolleci əhatə edir.
     Ali təhsil ocağının digər bir uğuru isə WEBOMETRICS-də ölkə üzrə 15-ci, regionumuzda isə liderliyi qazanması  olub. Dünyanın 30 mindən çox universitetinin reytinqini hazırlayan webometrics-də (webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən ötən il 16-cı yerdə olan  universitet bu il irəliləyərək ölkə üzrə 15-ci yeri qazanıb.

    Yüksək səviyyəli istehsalat təcrübələrinin keçirilməsinə şərait yaratdıqları, bütün lazımi qayğı göstərdikləri üçün dövlətimizə kollektivimiz adından minnətdarlığımızı bildiririk. Həmçinin qeyd edirik ki, bu ildən etibarən  ingilisdilli tibb təhsilinin fəaliyyətə başlayacağı xəbəri biz müəllimləri, tələbələri daha da ruhlandırır. Eyni zamanda bu günlərdə Naxçıvan Dövlət Texniki Kollecinin, Kimya-Biologiya Liseyinin və Tibb Kollecinin universitetin tabeliyinə verilməsi də gələcəyimizə göstərilən qayğıdır və müəllimlərin, həkimlərin məsuliyyətini daha da artırır. Biz müəllimlər də bu etimadı doğrultmağa çalışacağıq. 


İlhamə MUSTAFAYEVA
Naxçıvan Dövlət Universitetinin Təməl tibb fənləri kafedrasının 
müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent

Elmar RZAYEV
tibb üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 08.08.2023 18:55