AZ EN RU

Təhsil xərci müsabiqəsinin qalibləri ilə görüş

    Dünən sosial baxımından həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan istedadlı gənclərin təhsil haqqı xərclərinin ödənilməsi üzrə Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibləri ilə görüş keçirilib.
    Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda keçirilən görüşdə  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqə qalibi olan tələbələr iştirak edib.
    Tədbirdəki çıxışlarda qeyd olunub ki, muxtar respublika gənclərinə dövlət qayğısı onların hərtərəfli inkişafına xidmət edir və gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakında, sosial problemlərinin həlli və gələcəyin layiqli vətəndaşları kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir. Təhsilin gənclər üçün əlçatanlığının təmin edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsi məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil xərclərinin ödənilməsi üzrə həyata keçirilən tədbirlər gələcəyin savadlı kadrlarının yetişmələrinə geniş imkanlar açır. 
  Tədbirdə təhsil xərcindən azad olunmuş Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisasının tələbəsi Aysel İsayeva qalib gənclər adından onlar üçün yaradılan əlverişli şəraitə görə dövlətimizə minnətdarlıq edib. Sonra qaliblərlə müqavilələr imzalanıb.
    Qeyd edək ki, müsabiqədə naxçıvanlı gənclərin fəal iştirakının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən Gənclər Mərkəzində tələbələrin qeydiyyatına köməklik göstərilməsi üçün komissiya yaradılıb və komissiya heyəti 98 gəncin sənədlərinin qaydalara uyğun hazırlanmasında, elektron qeydiyyat prosesindən keçmələrində köməklik göstərib. Cari ilin 3 oktyabr-13 noyabr tarixlərdə elan edilən müsabiqənin nəticələrinə əsasən 431 tələbənin təhsil xərcinin Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən ödənilməsinə qərar verilib ki, onlardan 55-i muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələr olub.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 28.12.2022 22:09