AZ EN RU

Təhsil Tələbə Krediti Fondunun tələbələrlə görüşləri keçirilib

    Naxçıvan Dövlət Universitetində təşkil edilən görüşdə çıxış edən ali təhsil ocağının Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib, bu sahədə kompleks islahatlar aparılıb. Ölkə başçısı tərəfindən təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində Dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.

    Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu” yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.
    Görüşdə çıxış edən universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən müddət ərzində, ümumilikdə, 364 tələbə kreditlə bağlı müraciət edib ki, bunun 101 nəfəri sosial, 181 nəfəri isə standart olmaqla, 282 tələbənin krediti rəsmiləşdirilib, 9 tələbənin kreditinin rəsmiləşdirilməsi üçün müraciət edilib.
    “Naxçıvan” Universitetinin tələbələri ilə keçirilən görüşdə universitetin rektoru, dosent  Anar Kazımov və digər rəhbər şəxslərlə universitetdə tələbələr üçün yaradılmış imkanlar, gələcəkdə nəzərdə tutulmuş layihələr, eləcə də təhsil tələbə kreditinin tələbələr üçün faydaları barədə fikir mübadiləsi aparılıb.
    Tədbirdə Tədris və tərbiyə işləri üzrə ptorektor Nurlana Əliyeva çıxış edərək qonaqları salamlayıb və təhsil tələbə kreditinin faydalarından danışıb.    
    Maarifləndirmə məqsədilə keçirilən görüşlərdə Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov,  Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat veriblər. Bildirilib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. 
    Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən dövlət sənədidir. 
    Vurğulanıb ki, təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən edilib. Təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Krediti almaq üçün tələbə girov, zamin, borcalan və sair heç bir öhdəliklə yüklənmir. 
    Diqqətə çatdırılıb ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.
    Hər iki görüşün sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilərək qeydə alınıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.05.2023 23:03