AZ EN RU

Təhsil Tələbə Krediti Fondu Naxçıvanda ilk dəfə olaraq abituriyentlərlə görüş keçirib

Martın 27-də Təhsil Tələbə Krediti Fondu Naxçıvanda ilk dəfə olaraq muxtar respublikanın ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri ilə görüş keçirib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov  qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.
Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri  Tehranağa Abdullayev iştirakçıların diqqətinə çatdırıb ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. 
Diqqətə çatdırılıb ki, kreditlər veriləndə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.
Görüşdə abituriyentlərin  mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, bu günkü görüş Naxçıvan şəhər və Babək rayonunun ümumtəhsil məktəblərində  təhsil alan abituriyentlərlə keçirilib. Növbəti günlərdə fondun əməkdaşları tərəfindən digər rayonlarda da  abituriyentlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 27.03.2024 14:09