AZ EN RU

Təhsil sahəsində quruculuq işləri diqqətdə saxlanılır

    Ölkəmizin hər yerində olduğu kimi, muxtar republikada da gənc nəslin yüksək səviyyədə təhsil alması ilə bağlı tədbirlər həyata keçirilir, bədən tərbiyəsi və idmanın kütləvi hal almasına, gənclərin fiziki inkişafına xüsusi diqqət yetirilir. Gənclərlə bağlı reallaşdırılan tədbirlər sırasında onların ümumi təhsil səviyyəsinin artırılması da xüsusi yer alır. Bu məqsədlə hər il müasir avadanlıqlarla zəngin onlarla tam orta məktəb binaları tikilib istifadəyə verilir.
    Cari ilin ilk 4 ayında da təhsil sahəsində quruculuq işləri diqqətdə saxlanılıb. Təhsil imkanlarının artırılması məqsədilə 198 şagird yerlik Şərur rayonunun Həmzəli, 414 şagird yerlik Vərməziyar və 378 şagird yerlik Babək rayonunun Vayxır kənd tam orta məktəbləri istifadəyə verilib. Hazırda 4 təhsil müəssisəsində – Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli, Ordubad rayonunun Azadkənd tam orta məktəbi, Babək və Şahbuz rayonlarının məktəbdənkənar təhsil müəssisələrində təmir-tikinti işləri davam etdirilir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 23.05.2023 20:10