AZ EN RU

Təhsil sahəsində qazanılan uğurlar ölkəmizin gələcəyinə xidmət edir

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin “İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır” sözləri ilə ümumi təhsil sistemində ciddi islahatlar aparılmasının vacibliyinə diqqəti çəkmişdi. Ölkəmizdə latın qrafikalı əlifbaya keçid görkəmli dövlət xadimi Heydər Əliyevin bu islahatlar yönündə atdığı ən böyük addımlardan biri idi. Təhsilə diqqətin daha bir nümunəsi kimi xüsusi istedadı olan uşaqlara qayğı göstərilməsi, ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdünün verilməsi və digər məqsədyönlü tədbirlər gənclərin əzmlə çalışması, daha mükəmməl bilik və bacarıqlara yiyələnməsi üçün bir stimul oldu. Bir sözlə, ümummilli liderin təhsil sahəsinin inkişafındakı xidmətləri xalqımızda milli-mənəvi dəyərlərə qayıdışın əsasını qoydu. 

    Əsası ulu öndər tərəfindən qoyulan təhsil strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bütün sahələrlə yanaşı, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində icra edilən Dövlət proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. Ölkə rəhbərinin müvafiq göstərişləri əsasında atılan addımlar, öz bəhrələrini verən Dövlət proqramları təhsil sistemində yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. 

    Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı və bu sahədə həyata keçirilən islahatlar innovativ inkişafa və güclü iqtisadi potensiala əsaslanır. İqtisadiyyatın dinamik inkişaf səviyyəsi muxtar respublikada genişmiqyaslı layihələri reallaşdırmağa, o cümlədən təhsil infrastrukturunu yeniləşdirməyə tam imkan verir. Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillər təhsil prosesinin inkişaf etdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasıdır. Son illərdə muxtar respublikada tikilən və yenidən qurulan 200-dən çox təhsil müəssisəsi müasir standartlar səviyyəsində şagirdlərin, müəllimlərin istifadəsindədir. Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda yüksək intellektli kadr potensialının hazırlanmasına da şərait yaradır.

    Ümummilli lider Heydər Əliyev deyirdi ki, şagird və tələbələrin dövrün tələbləri səviyyəsində formalaşması üçün təlimin keyfiyyəti, yüksək savad, dərin bilik verilməsi yeganə şərt deyil. Bu məsələyə xüsusi diqqət yetirən dahi şəxsiyyət digər mühüm amili də təhsil alanların mənəvi kamilliyində, əqidə saflığında görürdü. Başqa sözlə, Heydər Əliyev təlimində təhsillə tərbiyənin, mükəmməl biliklə yüksək mənəviyyatın vəhdəti sоn dərəcə mühüm prinsip kimi əsaslandırılmışdır. Təhsil оcaqlarının tərbiyəedici funksiyasına xüsusi diqqət yetirən ümummilli liderin aşağıdakı sözləri də bu ali həqiqətin ifadəsidir: “Təhsil оcaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. 

    Xüsusi qeyd olunmalıdır ki, müəllifi ulu öndər Heydər Əliyev olan dövlət gənclər siyasəti yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin edir. Gənclərə verilən dəstək davamlı və dayanıqlı inkişafa və gələcəyə qoyulan sərmayədir. Gənclərimizin təhsili ilə yanaşı, milli ruhda tərbiyəsi, onlarda daim Vətənə sevginin olması çox mühüm məsələdir. Əslində, elə milli təhsilimizin ali məqsədi də milli ruhlu kamil vətəndaşlar yetişdirməkdir. Sözdə bu, aydın, konkret iş proqramıdır, amma əməldə, pedaqoji təcrübədə tədris prosesinin bütün üsul və formalarını əhatə edən həm yaxın, həm də son hədəfdir. Ona görə təhsil müəssisələrində keçirilən hər bir dərsin həm məzmununda, həm formasında, həm də mütəşəkkil xüsusiyyətlərində, hər şeydən əvvəl, milli ruh, milli mühit öz əksini tapmalıdır. Milli ruh özünüdərkin, vətənpərvərliyin, qədirbilənliyin, sədaqətin, xeyirxahlığın, humanizmin, iradənin və digər mənəvi keyfiyyətlərin nəticəsi kimi formalaşır. Gənclərimiz milli kökə nə qədər bağlı olsalar, özlərini bir o qədər güclü, sarsılmaz hiss edəcək, eyni zamanda Vətən üçün faydalı olmağa cəhd göstərəcəklər. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir”.

    Sözsüz ki, bu vacib məsələnin həllində müəllimlərin də üzərinə çox mühüm vəzifələr düşür. Onlar da daşıdıqları şərəfli bir peşənin məsuliyyətini dərindən dərk edir, dövlətimizin, dövlətçiliyimizin inkişafında, müstəqilliyimizin qorunmasında fəallıq göstərməyi özünün vətəndaşlıq borcuna çevirəcək vətəndaşlar yetişdirməyə çalışırlar. Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikamızda müəllim peşəsinə maraq getdikcə artır. Cəmiyyətin ziyalısı kimi eldə-obada müəllimin nüfuzu əziz tutulur, sözü eşidilir. Son illər dövlətimizin həyata keçirdiyi tədbirlər bu hörməti daha da yüksəldir. Diaqnostik qiymətləndirmələrdən uğurla keçən müəllimlərin layiqli həyatının təmin olunması üçün əməkhaqları artırılır, onlara əlavə stimul yaradılır. Artıq müəllim sosial təminat etibarilə kifayət qədər yaxşı yaşayan, heç bir maddi sıxıntısı olmayan peşə sahibinə çevrilib. Son illər müəllim peşəsini seçən gənclərimizin sayının artması, ali məktəblərə qəbul zamanı yüksək bal toplamış gənclərin məhz müəllim peşəsinə üstünlük verməsi də bu sənətin cəmiyyətdə artan nüfuzunun göstəricisidir. Eyni zamanda burada dövlətimizin son illər inşa etdirdiyi müasir, abad, işıqlı, zəngin maddi-texniki bazaya malik məktəblərdə çalışmaq, təhsildə aparılan inkişaf proseslərinin iştirakçısı olmaq arzusunun da təsiri böyükdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də dediyi kimi: “Muxtar respublikamızda müəllimlərin fəaliyyətinin stimullaşdırılması üçün onların əməyinin qiymətləndirilməsi, sosial həyat şəraitinin yaxşılaşdırılması təhsilin inkişafına kompleks yanaşmanın təzahürüdür”.

    2019-cu ildə istifadəyə verilən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb də müasir maddi-texniki bazaya malik məktəblər sırasına qoşulub. Yaradılan müasir tədris şəraiti təhsilin yüksək səviyyədə təşkilinə geniş imkanlar açıb. Ötən illərdə məktəbi bitirən məzunlar yüksək bal toplayaraq ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar. Məktəbin 4 mərtəbəli binası 1140 şagird yerlikdir. Təhsil ocağında 5-i elektron lövhəli olmaqla, 60 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Fizika, kimya və biologiya laboratoriyaları dərs proqramına uyğun təcrübə avadanlıqları ilə təchiz edilib. Eyni zamanda fizika, biologiya kabinələri həm də elektron lövhə ilə təmin olunub. Onu da qeyd etmək istərdim ki, muxtar respublikamızın digər təhsil müəssisələrində olduğu kimi, bizim məktəbdə də STEAM kabinəsi yaradılıb və şagirdlərin istifadəsinə verilib. Şagirdlərimiz respublika və beynəlxalq fənn olimpiadalarında, idman yarışlarında, eləcə də müasir təhsil metodu olan STEAM-a böyük maraq göstərir və muxtar respublikada təşkil olunan ilk “STEAM təhsil festivalı”nda layihələrlə iştirak edirlər. 
    Muxtar respublikamızda istedadlı uşaq və gənclərin üzə çıxarılmasına da xüsusi diqqət yetirilir, bu istiqamətdə dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusi yaradıcılıq potensialı və qabiliyyəti ilə seçilən uşaqlar daim diqqət mərkəzində saxlanılır, adları gənc istedadların “Qızıl kitabı”na yazılaraq onlara xüsusi təqaüdlər verilir. Biz məktəb kollektivi olaraq fəxr edirik ki, məktəbimizin iki şagirdi Nazlı Hümbətovanın və Röya Abdullayevanın adları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı sərəncamlara əsasən “Qızıl kitab”a salınmışdır. Bu meyar, təbii ki, muxtar respublikada gənc istedadlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. 
    Təhsil gələcəyin təməlidir. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa çalışan dövlət də bir o qədər qüdrətli görünür. Məktəbin açılışında Ali Məclisin Sədri demişdir: “Təhsilin əsas məqsədi gənclərə düzgün qərarlar qəbul etmək sənətini öyrətməkdir. Düzgün qərarlar qəbul etməklə gənclər şəxsiyyətə, ölkələr isə qüdrətli dövlətə çevrilir”.
    Qeyd etmək vacibdir ki, ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə elmin inkişafına böyük önəm verirdi. Ötən əsrin 70-80-ci illərində ulu öndərin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, elmi-tədqiqat institutlarında elmin inkişafının təmin olunması üçün zəruri intellektual zəmin yaratmışdı. Milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması məqsədilə hər il yüzlərlə azərbaycanlı gəncin təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi təmin edilmişdi. Bu gün həmin kadrların böyük əksəriyyəti müstəqil Azərbaycanın çiçəklənməsinə öz dəyərli töhfələrini verir. 
    Muхtаr rеspublikаdа təhsilə göstərilən qаyğının dаvаmlı хаrаktеr аlmаsı gənclərimizin хаrici ölkələrdə təhsil аlmаlаrınа dа gеniş imkаnlаr аçır. Bu gün yüzlərlə gənc dünyanın inkişaf еtmiş ölkələrinin univеrsitеtlərində təhsil alır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Gənclərə verilən dəstək davamlı və dayanıqlı inkişafa və gələcəyə qoyulan sərmayədir. Zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malik muxtar respublikamızda bu ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla inkişaf etdirilir. Yaradılmış şərait və dövlət qayğısı bilikli, vətənpərvər, milli düşüncəyə malik gənclərin hazırlanmasına xidmət etməlidir”. 
    Hər il yüksək bal toplayan məzunlarla Ali Məclis Sədrinin görüşü də artıq ənənəyə çevrilmişdir. Bu isə muxtar respublikada təhsilə göstərilən böyük qayğı kimi gənclərin də məsuliyyət hissini artırır, onları ölkəmizin inkişafı naminə təhsildə böyük uğurlar qazanmağa səsləyir. Ümummilli lider Heydər Əliyev harada olmasından və yaşamasından asılı olmayaraq gənclərimizin layiqli, bilikli, təhsilli vətəndaş kimi yetişmələrinin, daim əsl azərbaycanlı mövqeyində dayanmalarının vacibliyini öz çıxışlarında dönə-dönə vurğulayırdı: “Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır…”
    Bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər bir dаhа əmin оlmаğа əsаs vеrir ki, müаsir Аzərbаycаn təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, bеynəlхаlq təcrübəyə əsаslаnаrаq dаhа dа inkişаf etməkdə, təhsil islahatlarının memarı və qurucusu olan xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik tövsiyələri bu yolda daim sönməz məşəl rolunu oynamaqdadır. Naxçıvan Muxtar Respublikasında da bu yüksək inkişaf Azərbaycanda Heydər Əliyev yolunun möhtəşəm təntənəsidir. Bu yol Azərbaycanın dünəni kimi, bu gününün də böyük reallıqları və daha parlaq sabahları deməkdir. Bütün bunlar Azərbaycanın tərkibində hərtərəfli surətdə inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən sərhədində alınmaz qalaya çevrilmiş müasir Naxçıvanın bundan sonra da böyük addımlarla irəliləyib inkişaf edəcəyinin real təminatıdır. Bu isə torpağını və məmləkətini sevən hər bir Azərbaycan vətəndaşının böyük arzusu və inamıdır. 

    Əminik ki, təhsilimizin ən böyük hamisi ümummilli liderimiz Heydər Əliyevin müdrik tövsiyələrini əldə rəhbər tutaraq müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq təhsilin quruculuğu yolunda daha böyük uğurlara imza atacaqdır.

Esmira HƏSƏNOVA
Naxçıvan səhər 5 nömrəli tam orta məktəbin direktoru, 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 25.08.2022 18:59