AZ EN RU

Təhsil Nazirliyinə birbaşa tabe təhsil müəssisələrinin məzunlarının 93 faizi tələbə adını qazanıb

    2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birbaşa tabe təhsil müəssisələrinin məzunlarından 178-i, yaxud 93 faizi tələbə adını qazanmışdır. Uğurlu nəticəyə görə Naxçıvan Qarnizonu tam orta məktəbi, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, Naxçıvan Qızlar Liseyi və Heydər Əliyev adına tam orta məktəbin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, son illərdə olduğu kimi, 2021-2022-ci tədris ilinin də yekunları uğurlu olub, imtahanlarda iştirak edən məzunlardan 2159-u, yaxud 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub, 6 məzun isə Prezident təqaüdünə layiq görülüb. 
    Rəhman Məmmədov nazirliyin birbaşa tabeliyində olan məktəblərin 2021-2022-ci tədris ili üzrə fəaliyyətini ayrı-ayrılıqda müzakirə edərək bildirib ki, Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 100 faiz nəticə göstərib, 7 məzun 500-700 arası bal toplayıb, 1 məzun “Qızıl”, 1 məzun “Gümüş” nişana, 5 məzun isə fərqlənmə attestatına layiq görülüb, 2 şagird muxtar respublika, 3-ü isə respublika fənn olimpiadasının qalibi olub.     
    Diqqətə çatdırılıb ki, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin məzunları ötən ildə olduğu kimi, bu il də ən yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 100 faiz nəticə göstərib, 7 məzun 500-700 arası bal toplayıb, məzunlardan 1-i “Qızıl”, 1-i“Gümüş” nişana, 3-ü isə fərqlənmə attestatına layiq görülüb, 4 şagird muxtar respublika, 3 şagird isə respublika fənn olimpiadasının qalib olub. Naxçıvan Qızlar Liseyinin məzunları isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında 94 faiz nəticə göstərib, 10 məzun 500-700 arası bal toplamış, 1 məzun “Gümüş” nişana, 4 məzun isə fərqlənmə attestatına layiq görülüb, 2 şagird muxtar respublika fənn olimpiadasının, 2 şagird isə respublika fənn olimpiadasının qalibi olub.
    Vurğulanıb ki, Heydər Əliyev adına tam orta məktəb hər il yüksək nəticələr verir. 2021-2022-ci tədris ilində də məktəbin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında 86 faiz nəticə göstərib, 8 məzun 500-700 arası bal toplayıb, 1 məzun “Gümüş” nişana, 3 məzun isə fərqlənmə attestatına layiq görülüb, 2 şagird muxtar respublika, 3 şagird isə respublika fənn olimpiadasının qalibi olub.     
    Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə birbaşa tabe təhsil müəssisələrinin pedaqoji kollektivinə təşəkkürünü bildirib.
    Sonra Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva, Heydər Əliyev adına tam orta məktəbin direktoru Elmira Həsənova təhsil müəssisələrində yaradılan şəraitin təhsilin səviyyəsinin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir göstərdiyini vurğulayıb, bu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər. 
    Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Naxçıvan Qarnizonu tam orta məktəbinə, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, Naxçıvan Qızlar Liseyinə və Heydər Əliyev adına tam orta məktəbə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.10.2022 17:58