AZ EN RU

Təhsil müəssisələri üçün yeni binaların tikintisi davam etdirilir

Bu gün dövlətimiz tərəfindən təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də proritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd edək ki, proqrama uyğun olaraq  Naxçıvan şəhərində  1000 yerlik yeni məktəb binasının inşası da  planlaşdırılır.

Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda təhsil quruculuğu istiqamətində işlər davam etdirilir. Ordubad rayonunun Azadkənd, Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbləri, Babək və Şahbuz rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün  yeni binaların tikintisi davam etdirilir. Yaxın günlərdə isə Babək rayonunun Hacıvar kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının tikintisinə başlanılacaq.

Hazırda inşaat işləri davam etdirilən müasirtipli 270 şagird yerlik 3 mərtəbədən ibarət Azadkənd tam orta məktəbində 2-si elektron lövhəli olmaqla, 15 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinfi, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərəcək. Yeni inşa olunan müasir məktəb binası  maddi-texniki təchizatla, avadanlıqla pedaqoji kollektivin və şagird kontingentinin ixtiyarına veriləcək.

Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbində də şagirdlərin rahat təhsil almaları üçün geniş imkanların yaradılması nəzərdə tutulub. 954 şagird yerlik müasirtipli zirzəmi ilə birlikdə 4 mərtəbəli yeni məktəb binasında 3-ü elektron lövhəli olmaqla 50-dən artıq sinif otağı,  3 kompüter sinfi,  hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, STEAM kabinəsi idman zalı  yerləşəcək.

Babək və Şahbuz rayonlarında inşa olunan məktəbdənkənar təhsil müəssisələri üçün yeni binalar isə  3 mərtəbəlidir. Binalarda rayonların  Uşaq-Gənclər Yaradıcıllıq, Turist-Diyarşünaslıq və Texniki Yaradıcıllıq mərkəzləri fəaliyyət göstərəcək. Burada mərkəzlərin “Bujiteriya”, “Rəsm”, “Dəri və şüşə üzərində işləmə”, “Memarlıq-dizayn”, “Kompüter mühəndisliyi”, “Qum və ebru sənəti”, “Robotexnika-STEAM”, “Toxuculuq-bədii tikmə”, “Keçə işləmə”, “Xalçaçılıq”, “Ağaç üzərində oyma və yandırma”, “Milli rəqs”, “Gimnastika”, “Dulusçuluq” kimi innovativ dərnəklərin fəaliyyəti  üçün müasir şərait yaradılacaq. Həmçinin binalarda səma cisimlərini müşahidə etmək üçün avadanlıqlar quraşdırılacaq. Bir sözlə, məktəbdənkənar təhsil müəssisələrində yaradılan müasir şərait  uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafına geniş imkanlar yaradacaqdır.

Qeyd edək ki, inşa olunan təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına da xüsusi diqqət yetiriləcək. Məktəblərdə STEAM kabinələri yaradılacaq, müasir kompüterlər, elektron lövhələrlə təmin olunacaq. Təhsil ocaqlarında yeni texnologiyaların tətbiqi həm tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, həm də şagirdlərə informasiya-kommunikasiya texnologiyalarının mənimsədilməsinə öz töhfəsini verəcək. Şagirdlər STEAM kabinələrinin imkanlarından istifadə edərək gələcəyin xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yenilikçi, təşəbbüskar şəxsiyyəti kimi formalaşacaqlar.

Qeyd edək ki muxtar respublikada təhsilə göstərilən qayğı artıq öz nəticəsini verir. Şagirdlər təhsilə göstərilən diqqət və qayğıdan, onlar üçün yaradılan müasir tədris şəraitindən yararlanaraq uğurlu nəticələr əldə edirlər. Elə bu qayğının nəticəsidir ki, ötən il ölkə üzrə ən yüksək  qəbul nəticəsi Naxçıvan, Şahbuz və Ordubad rayonlarında olub. Ali təhsil müəssisələrinə qəbulolma göstəricilərində ilk onluqda  muxtar respublikanın altı şəhər və rayon təhsil şöbəsi  yer alıb.

                                                           Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.08.2023 10:59