AZ EN RU

Təhsil eksperti Elçin Əfəndi "Şərq qapısı"na yazır: Bir çox valideyn övladından xəbərsizdir

Təəssüf ki, belə görüntülər və belə hallar artan xətt üzrə irəliləyir. Bir çox valideyn övladından xəbərsizdir. Əksəriyyəti əlinə telefonu alıb bütün günü sosial plaformalarda yatır, bir qismi televiziyada yayımlanan bayağı, insan psixologiyasını məhv edən verilişlərə baxır. Hər iki tərəf də bahalı telefonları alaraq övladlarına verib, amma anlamırlar ki, bununla zapalı çəkilmiş qumbaranı övladlarına vermək ,demək olar ki, eyni şeydir.
Övlada nəzarət yox, nəinki dərsi ilə, tərbiyəsi ilə də məşğul olmurlar. Amma danışmağa gələndə hücum obyekti tapılır: məktəb, təhsil, müəllim! Məktəb tərbiyələndirmir, təhsil verir. Tərbiyənin beşiyi ailədir. Tərbiyənin təhsilverəni valideynlərdir. Bu gün Azərbaycan cəmiyyəti məhz etinasız valideynlərlə doludur. Bu gün plansız, istəksiz ailə quran və dünyaya uşaq gətirən yüzlərlə şəxs var. Sabah bunlar çox asan boşana, övladdan imtina edə bilirlər. Məsuliyyət hissindən məhrum onminlərlə şəxs var. İnsanlar nə özlərini, nə də məsuliyyətlərini dərk etmir və sabah bu şəxslər ailə quranda da valideyn ola bilmirlər. Valideyn olmaq təbiətin qanunauyğunluğuna müvafiq törəmək deyil. Bu proses heyvanlar arasında da baş verir. Əsas məsələ şüurlu varlıq olan insanın övladını tərbiyələndirməsidir. Bu gün elə valideynlər var ki, canavar və qartal öz balalarına onlardan daha yaxşı təlim keçir, təbiət üçün təlimatlandırır və tərbiyə verir. Bəzi heyvanlarda olan fərdi məsuliyyət yanaşması, təəssüf ki, bir çox insanda yoxdur!

Nəşr edilib : 20.02.2024 09:17