AZ EN RU

Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş terrora görə bütün məsuliyyəti İran daşıyır

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum müəyyən sualların yaranmasına səbəb olub. Nəzərə alaq ki, səfirliklərin yerləşdiyi ərazilər həmin ölkənin ərazisi hesab edilir. Səfirliyin təhlükəsizliyinin təminatı həmin ölkənin məsuliyyətindədir. Bu, artıq baş verən hadisəyə açıqlama gətirir.

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V. Rəhimzadə diqqəti 1961-ci ildə Vyana konqresində qəbul olunan Diplomatik Əlaqələr Haqqında Konvensiyaya yönəldərək bildirib ki, Azərbaycan 1992-ci ildə Vyana Konvensiyasına qoşulub. Konvensiyanın maddələrinə əsasən, diplomatların yerləşdiyi səfirlik binaları toxunulmazdır. Eyni zamanda, sənədə əsasən, hər bir dövlətin üzərinə ərazisində olan səfirlik binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Beynəlxalq konvensiyaya uyğun olaraq bu fikri qəti şəkildə qeyd edirik ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır. Lakin yayılan informasiyalardan da göründüyü kimi, İran məsuliyyətdən boyun qaçırmağa çalışır. Belə ki, baş verən terroru ailə-məişət zəminində insident kimi təqdim etməyə səy göstərir. Bu, açıq-aşkar yalan və dünya ictimaiyyətini çaşdırmaq cəhdidir. İran tərəfi hansı diqqətyayındırıcı şərhlərə üstünlük verməyə, özünə haqq qazandırmağa çalışsa da, reallıq budur ki, Azərbaycan səfirliyinə hücum terror aktıdır.

YAP Xətai rayon təşkilatının sədri diqqəti son zamanlar Azərbaycan-İran münasibətlərindəki gərginliyə də yönəldib: “İranın erməni sevgisi regionda dayanıqlı sülhə, təhlükəsizliyə, sabitliyə xidmət edən bütün addımların əleyhinə çıxış etməsi ilə müşayiət olunur. Azərbaycanın tarixi Zəfərini həzm etməyən rəsmi Tehran bunu atdığı addımları ilə açıq-aydın şəkildə büruzə verir. Dünya güclərinin qəbul etdiyi bu reallığı Tehran da qəbul etməli, münasibətlərdə gərginlik yaradacaq belə təhlükələrdən, terror əməllərindən əl çəkməlidir. Bütün hallarda son sözü ədalətə və beynəlxalq hüquqa söykənən siyasət deyir”.

Nəşr edilib : 27.01.2023 13:28