AZ EN RU

Təhdid və təxribatlar vasitəsilə Azərbaycana təzyiqlər göstərmək mümkün deyil

Laçın sərhəd-buraxılış məntəqəsində törədilmiş insident Ermənistanın sülh prosesinı pozmaq və son zamanlar Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət tendensiyaları heçə endirmək məqsədi daşıyır.

 

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında gedən danışıqların, sülh prosesinin intensivləşməsi, ilk növbədə, Rusiyanı və Ermənistandakı rusiyapərəst qüvvələri narahat edir. Müzakirələrin intensivləşdiyi və ilkin razılıqların əldə edildiyi bir dövrdə bu təxribatlar prosesə zərbə vurmaq istəyənlərin planlarıdır. ABŞ və Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında israrlıdırlar. ABŞ xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etmək niyyətini açıqlamaqla bunu bir daha göstərdi.

Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiya məsələsinə də toxunan deputat bildirib ki, Azərbaycanın Ermənistanla sərhədində Laçın sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra Qarabağda yaşayan erməni əsilli sakinlər buradan heç bir maneə olmadan keçirlər. Bu isə çoxlarını narahat edir.

“Onların Azərbaycana inteqrasiya olunmaq istəklərini bildirmələri münaqişəli vəziyyətdən uzun illər öz maraqları üçün istifadə edən qüvvələri ciddi təşvişə salıb. Azərbaycan sərhədçilərinin peşəkar, mədəni, obyektiv davranışı, artıq bu prosesin adiləşməyə başlaması da bu qüvvələrin illərdir yaratdıqları yalançı mifi alt-üst edib. Uzun illər Qarabağ ermənilərini daim qorxu içində saxlamaq, inteqrasiyanın qarşısını almaq üçün Azərbaycanla bağlı qorxulu nağıllar uydurulmuşdu. Lakin sözügedən məntəqə qurulduqdan sonra bu mif də dağıldı”, - deyə S.Mikayılova bildirib.

Təhdid və təxribatlar vasitəsilə Azərbaycana təzyiqlər göstərməyin mümkün olmadığını vurğulayan deputat deyib: "Azərbaycan Ordusu öz gücünü Vətən müharibəsində və ondan sonra icra olunmuş əməliyyatlarda bütün dünyaya göstərib. İstənilən təxribatın qarşısı bundan sonra da alınacaq".

Nəşr edilib : 17.06.2023 18:35