AZ EN RU

Təcrübəçi tələbələrlə görüşlər olub

    AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsi əyani şöbəsinin Tərcümə (Ərəb-Azərbaycan dilləri) və Tərcümə (Fars-Azərbaycan dilləri) ixtisasları üzrə IV kurs tələbələrinin tərcümə təcrübəsi başlayıb. Təcrübə müddətində tələbələr ixtisas istiqamətləri üzrə biliklərini təkmilləşdirmək, əlyazma və çap kitablarının mətnləri ilə tanış olmaq, fond əməkdaşları ilə fikir mübadiləsi aparmaq, elmi məsləhətlər almaq imkanı əldə edəcəklər. Təcrübənin başlaması münasibətilə AMEA Naxçıvan Bölməsində tələbələrlə görüş olub.
    Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək tədris prosesində qazanılmış biliklərin praktikaya tətbiqinin əhəmiyyətindən danışıb, ixtisas biliklərinin təkmilləşdirilməsində önəmini qeyd edib. 
    Akademik bildirib ki, Əlyazmalar Fondunda tələbələr təcrübə rəhbərlərinin müəyyənləşdirdiyi planda nəzərdə tutulan tapşırıqları yerinə yetirməklə dildən istifadə bacarıqlarını inkişaf etdirə, bölmə rəhbərliyinin, alim və tədqiqatçıların məsləhət və köməyindən, yaradılan şəraitdən tam istifadə edərək bu müddətdən səmərəli faydalana bilərlər. 
    Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxışında bildirib ki, təcrübə müddətində fond əməkdaşları və tələbələrin iştirakı ilə müxtəlif mövzular üzrə seminarların, müzakirələrin keçirilməsi nəzərdə tutulub. 
    Görüşdə çıxış edən Naxçıvan Dövlət Universitetinin müəllimi Ceyhun Əliyev bildirib ki, tələbələrin təcrübə müddətində kollektiv şəkildə kitab tərcümə etmələri, təcrübənin sonunda həmin kitabların fond əməkdaşlarının elmi redaktorluğu ilə nəşri nəzərdə tutulub.
    Qeyd edək ki, tərcümə təcrübəsi may ayının 31-dək davam edəcək.

***

    Naxçıvan Dövlət Universitetində magistrantların elmi-tədqiqat, bakalavrların isə istehsalat və pedaqoji təcrübələrinin başlanğıc konfransları baş tutub. 

    Bu münasibətlə keçirilən tədbirlərdə magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində təcrübənin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, magistratura təhsil pilləsində təhsil alan II kurs magistrantlar tədris ilinin yaz semestrində 4 həftəlik elmi-tədqiqat təcrübəsi keçəcək. 
    Diqqətə çatdırılıb ki, təcrübələr muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri və digər dövlət orqanları ilə sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda təcrübələr gələcəyin peşəkar kadrlarının bu peşəyə layiqlik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsi, həmçinin mütəxəssis, pedaqoq hazırlığı formalarından biridir.
    Qeyd edək ki, universitetin əyani şöbəsində istehsalat təcrübəsi üzrə 29 ixtisasdan 442 tələbə 31 müəssisə və təşkilatda 54 metodistin nəzarəti altında təcrübə keçəcək. Pedaqoji təcrübə üzrə isə 17 ixtisasdan 397 tələbə muxtar respublikanın 16 sayda şəhər məktəbində və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində 74 metodistin nəzarətində təcrübələrini davam etdirəcək.
    Məlumat üçün onu da bildirək ki, istehsalat təcrübəsinə cəlb edilən tələbələr dövlət qurumları, nazirliklər, müxtəlif mərkəz və təşkilatlar, komitələr, televiziya, qəzet redaksiyasında və bu kimi 28 dövlət müəssisəsində 14 həftə müddətində təcrübə keçəcəklər.

***

    Naxçıvan Muxtar Respublikası Turizm Departamentində Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin 17 fevral 2023-cü il tarixdən 31 may 2023-cü il tarixədək keçəcəkləri istehsalat təcrübəsi ilə bağlı görüş keçirilmişdir.

    Tədbiri giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açaraq istehsalat təcrübəsinin tələbələr üçün əhəmiyyətindən danışmışdır.
    Direktor təcrübədə tələbələrin praktiki bacarıqlarının inkişafına və ixtisaslı bir turizm işçisi kimi formalaşmalarına xüsusi diqqət yetiriləcəyini, təcrübə prosesində tələbələrin fəallıq göstərməsinin vacibliyini vurğulayaraq onlara uğurlar arzulamışdır.
    Sonra Naxçıvan Dövlət Universitetinin müəllimi, təcrübə rəhbəri Nigar Bababəyli, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış etmişlər.
    Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxa baxış keçirilmişdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.02.2023 00:51