AZ EN RU

Təbrizi Təbrizə qol-qanad deyim…

Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim

Ata-babalarımızdan belə bir deyim var: “...qonşun pisdir köç qurtar”. Lakin xalqımızın tarixi taleyinə yazılmış bir çox hadisələr göstərdi ki, reallıqlar heç də bu məsəldə deyildiyi qədər sadə və asan deyil. Çünki min illərboyu bu torpaqlarda kök salmış, milli-mənəvi dəyərləri, tarixi soykökü ilə varlığını ortaya qoymuş Azərbaycan böyük zərbələri də elə məhz bədnam qonşularından alıb. Bu zərbələri ya açıq müharibə ilə yaşayıb, ya da gizli şəkildə. Necə deyərlər, saman altından su yeridib, kiminsə, hansısa siyasi gücün, dövlətin vasitəsi olmuş dövlətlər tərəfindən alıb. Ancaq Vətən müqəddəs olduğu üçün insanın qəlbindən nəinki köçmək, heç bir ovuc torpağını düşmənə vermək keçməz...
    Azərbaycanın qədim şəhərlərindən biri olan Təbriz dəniz səviyyəsindən 1350 metr yüksəklikdə, Səhənd dağının şimal təpələrinin və qırmızı rəngli Surxab dağının ətəyində yerləşir. Tarixi qaynaqlar da sübuta yetirmişdir ki, bu şəhər Gülüstan və Türkmənçay müqavilələri imzalandığı tarixə qədər yalnız qədim Azərbaycan dövlətlərinin – Sacilər, Salarilər, Eldənizlər, Səlcuqlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Qacarlar kimi qüdrətli dövlətlərin tabeliyində olmuşdur. Milli soykökü türkçülüyə, Azərbaycançılıq ideologiyasına söykənən bu dövlətlərin əksəriyyəti Dərbənddən İran körfəzinə qədər olan geniş bir ərazini birləşdirərək Azərbaycanı vahid dövlətə çevirmiş və Təbriz kimi qüdrətli şəhəri də paytaxt etmişlər. Lakin XIX əsrdən etibarən Qafqaz cəbhəsində, habelə Osmanlı-Rusiya, Rusiya-Qacar dövlətləri arasında gedən müharibələr, sözsüz ki, Vətənimizin azadlığına, müstəqilliyinə ciddi zərbələr vurmuş, məğlub olan tərəflərin imzaladığı ağır şərtli müqavilələr isə başda Təbriz olmaqla, bir çox Azərbaycan şəhərini bu gün də olduğu kimi, yad ellərin, üzdə dost, əqidədə düşmən olanların əlinə vermişdir...

Ötən əsrin keşməkeşli, qanlı-qadalı illərində bir daha gördük ki, uzun illər süfrəmizin başında əyləşib çörəyimizi yeyən, suyumuzdan içib özünə gün-güzəran quran işğalçı Ermənistan torpaqlarımızın ərazi bütövlüyünə, xalqımızın sülh və əmin-amanlığına necə əl uzatdı. Təkrardan həmin hadisələri mövzumuzda şərh etməyə lüzum yoxdur, lakin onu da bilmək lazımdır ki, bu illər ərzində daim Qafqaz cəbhəsində sülhü qoruyan dövlətimiz bir an belə olsun haqq yolundan və qətiyyətindən dönmədi. Xalqımızın apardığı haqq-ədalət mübarizəsi yalnız tarixi ədalətin bərpası yox, həm də reallıqları gün üzünə çıxarmaq, əyriylə doğrunu ayırıb Ermənistan hökumətinin və onun havadarlarının, ələlxüsus da cənub qonşularımızın həqiqi simalarını üzə çıxarmaq baxımından sanki Uca Yaradanın bizə göndərdiyi bir fürsət idi. Və rəşadətli Azərbaycan Ordusu öz gücü, qüdəti ilə düşmənə və onun həmfikirlərinə layiqli cavabı verdi, necə deyərlər, bu fürsəti layiqincə dəyərləndirdi. Həm də onların istədiyi kimi döyüş meydanında...
    Müharibədən ötən bu illər göstərdi ki, Azərbaycanın Qafqazda qüdrətli dövlətə çevrilməsi yalnız Ermənistanın yox, həm də onunla yüz illərdir, sülh şəraitində yaşayan İrandakı molla rejiminin də maraqlarına ziddir. Mövzumuza siyasi kontekstdən yox, ümumi məsələlərdən yanaşsaq, əgər, ərazisinin böyük bir hissəsi, hətta paytaxtı belə tarixi Azərbaycan torpağı olan bu dövlətin Ermənistanla ən böyük ortaq cəhəti “Azərbaycan maraqlarıdır”. Çünki ərazi bütövlüyünü bərpa etmiş və gələcək inkişaf konsepsiyasını daha aydın və qətiyyətli şəkildə ortaya qoyan, Avropanın bir çox vacib sahələr üzrə mühüm tərəfdaşı olan Azərbaycan regionda onlar üçün ciddi narahatlıq doğurur. 
    Dönüb şanlı Qarabağ Zəfərinə qədər olan tarixə baxsaq, görərik ki, Vətənimiz hər bir sahədə olduğu kimi, İran İslam Respublikası ilə də daim dostluq münasibətləri qurmağa çalışıb, onunla bu və ya digər siyasi mövzularda tərəfdaşlıq edib. Dövlətimiz tərəfindən bu prinsip bu gün də qorunur. Amma reallıq göstərir ki, Ali Baş Komandan dəfələrlə beynəlxalq tribunalardan etdiyi çıxışlarında dünyanın bütün siyasi güclərini, eləcə də cənub qonşularımızı Azərbaycanla dostluq və tərəfdaşlığa çağırsa da, bu münasibətlərin qurulmasının əhəmiyyətini dəfələrlə vurğulasa da, Ermənistan ordusunun Xocalıda törətdiyi soyqırımı yalnız Azərbaycanın yox, bəşəriyyətin humanizm prinsiplərinə zidd olduğunu dilə gətirsə də, başda cənub qonşular olmaqla onların bir çox havadarları məsələni özlərinə sərf edəcək məcraya çəkiblər. Sadaladıqlarımızın əyani sübutunu 44 günlük Vətən müharibəsində də bütün reallıqları ilə gördük. Bununla belə Cənubi Azərbaycana səyahət edənlərimiz çox yaxşı bilir, burada soydaşlarımıza göstərilən “doğma” münasibəti. Düşünürəm ki, qəlbi Vətənlə vurub, xalqla döyünən elə bir azərbaycanlı tapılmaz ki, Təbriz şəhərində, Ərdəbildə və digər tarixi ərazilərimizdə başsız qalan, xarabazara çevrilən Azərbaycan qəbiristanlıqlarını görüb göz yaşlarına qərq olmasın. Tarixi saxtalaşdırmaq, ya da onun üzərinə kölgə salmaq üçün edilən intriqalar, dağıdılan memarlıq abidələri, şeirləri, əvəssiz yaradıcılığı zor-bəla ilə mənimsədilən Şəhriyarın bədii irsi və saymaqla bitməyəcək acizlik və cılızlıq göstərir həqiqətin nə yerdə olduğunu... 

Neçə milyon gözüyaşlı əzizimi, 
O həsrətli Təbrizimi oğurlamaq istəyirəm!

İrandakı molla rejiminin dövlətimizə qarşı göstərdiyi təzyiqlər təbii ki, son bir-iki ildə baş verəcək məsələ deyil. Hələ Qarabağımız erməni vandalizminin əsarətində olduğu illərdə də rejim tərəfindən dəfələrlə Ermənistana dayaq göstərilmiş, əsrin faciəsi olan Qarabağın işğalına, soydaşlarımıza qarşı törədilən bir sıra terror aktlarına göz yumulmuşdur. Tarixboyu heç bir dövləti özünə əbədi düşmən bilməyən Azərbaycanı müharibəyə sövq etmək, dövlətimizin qüdrətə yüksəlməsinin yeganə yolunun qan tökməkdən keçəcəyinə “inandırmaq” da bu quzu cildinə girmiş qurdların bitib-tükənməyən təxribatlarının bir hissəsi idi. Bu gün hər kəs yaxşı bilir ki, Vətənimiz daim beynəlxalq humanizm prinsiplərinə əməl edərək ölkələrlə müəyyən olunan qaydalar əsasında münasibət qurmuşdur. Qəbul olunmuş siyasi düşüncələrə görə, siyasətdə əbədi dostlar və ya əbədi düşmənlər yoxdur, əbədi maraqlar var. Azərbaycan və İran arasında əbədi maraqları şərtləndirən bir çox amillər – din, dil, mədəniyyət və qonşuluq şərtləri var ki, bunlara hörmət və əməl edilməlidir. Lakin, xüsusilə də son dövrlərin hadisələrinə diqqət etsək, molla rejiminin əlində nəinki tarixi ədalət, dini və bəşəri maraqlar, belə özünü doğrulda bilmir. Uzaq tarixə müraciət etməyə gərək yoxdur. Götürək 44 günlük Vətən müharibəsini. Bu dövrdə İrandakı “əmmaməlilər” düşünürdü ki, bu məsələ, yəni İkinci Qarabağ müharibəsi Aprel döyüşlərində, Tovuz əməliyyatlarında olduğu kimi, Azərbaycan Ordusunun cüzi qələbəsi ilə yekunlaşacaq. Buna görə də əks-hücum əməliyyatı başladığı andan, sadəcə, hadisələrə izləyici qismində yanaşdı. Lakin müharibənin gedişatı və Ali Baş Komandanın siyasi səriştəsi elə bir həddə çatdı ki, yalnız əziz-xələf qonşularımız yox, dünyanın nəzəri Qafqaz cəbhəsinə, rəşadətli ordumuzun bir zamanlar dağlarda toy edənlərə əsl toy tutduğu o hadisəyə dikildi. Nəticədə, mübariz xalqımızın arzuları, ümidləri bir ox kimi düşmənin qəlbini parça-parça etdi, Şuşadan azan sədaları yüksəldi, mübariz ordumuz isə yal eşqiylə yurdumuza gələnləri, elə ölkə başçımızın da dediyi kimi “İti qovan kimi qovdu...”

Dini dəyərlərimizə “doğma”münasibət 
və ya zülmətin əlli çaları

Doğma yurdumuz – Qarabağımız işğal altında olduğu illərdə milli-mənəvi dəyərlərimizə, məscidlərimizə, incəsənət xadimlərimizin heykəllərinə qarşı törədilən faşizimi, heç kəs inkar edə bilməz cənub qonşularımız belə... Lakin acı təəssüf hissi ilə qeyd etməliyik ki, dünya mediasının da paylaşdığı kimi, bu ilin yanvar ayında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İrana səfəri zamanı rəsmlərin müşayiəti ilə şiələr üçün müqəddəs sayılan dini mərkəzi Qum şəhərinə gəlib buradakı məscidi və Həzrəti Fatimə Məsumənin məqbərəsini ziyarət etməsinə şərait yaradılıb. Özü də Uca Yaradanın müsəlmanlara vacib buyurduğu hicabla...Yaxşı, əgər molla rejimi uzun müddət əli südəmər körpələrin, dinc sakinlərin qanına bulaşmış düşmənə qara çarşab geyindirəcək qədər dini dəyərlər belə sevilirsə, onlar bu qədər qorunur, qeydinə qalınırsa, bəs onda nə üçün 30 il donuzların oylağına çevrilmiş Gövhərağa məscidlərinə, Şuşanın, Ağdamın dini-mədəni abidə komplekslərinə göstərilən yad münasibətlərə biganə qalmağa nə ad verək? Nə üçün mənfur ermənilərin xalqımızın irsinə hopmuş, müsəlman-türk əqidəsindən bizə miras qalmış dəyərlərimizin çapılıb-talanmasına göz yumdu? Bu sualların cavabını biz də, bütün Azərbaycan xalqı da, elə dünya ictimaiyyəti də çox yaxşı bilir...

Əmmaməli mollaların Zəngəzur dəhlizi isteriyası...

Böyük Qələbədən ötən bu zaman müddətində ölkəmizdə, eləcə də dünya gündəmində əsas yer tutan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Təbii ki, bu dəhlizin açılması məsələsi reallaşmağa başladığı gündən istər Ermənistan hökumətinin, istərsə də onun havadarlarının, ələlxüsus da cənub qonşularımızın təzyiqi ilə nəticələnib. Bir sözlə, İran əmmaməliləri və Ermənistan bu dəhlizin açılmasını özlərinə ölüm-qalım məsələsi seçiblər. Əslində, molla rejimi Zəngəzur dəhlizinin açılmasını və inkişafını dörd əsas səbəbə görə istəmir. Birincisi, Azərbaycan ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında əsas əlaqə olmaq imkanı, ikincisi, İran Türkiyə ilə Mərkəzi Asiya arasında birləşdirici rol, üçüncüsü,  Avrasiya İqtisadi Birliyi (AİB) ilə birləşmə nöqtəsi itiriləcək. Və nəhayət, dördüncüsü, Rusiya-Ukrayna müharibəsindən sonra, Orta Dəhlizin strateji dəyəri artdıqca, Zəngəzur dəhlizi Şərq və Qərb arasında nəqliyyatda ən əhəmiyyətli rola sahiblənəcək.
    Bununla yanaşı, məlumdur ki, Qarabağ müharibəsindən əvvəl Azərbaycanla Naxçıvan arasında yol İrandan keçirdi. Zəngəzur dəhlizi bu vəziyyəti dəyişə bilər, çünki marşrut Ermənistan ərazisindən keçəcək. Belə olan halda Naxçıvanla daşımaların qurulmasında Bakının Tehrandan asılılığı azalacaq. Zəngəzur dəhlizi həm də Azərbaycan və Türkiyə arasında əlaqə olacaq. Təqaüddə olan İran diplomatı Əbülfəzl Zöhrəvəndin dediyi kimi: “Türkiyə ilə Azərbaycan arasında birbaşa yol yeraltı tunel olsa belə bizə problem yaradacaq. Çünki bu, İranın Türkiyəyə qarşı istifadə edə biləcəyi yeganə tranzit marşrutdur”. Yəni ümumi nəticə belədir ki, İran hökuməti nə qədər çalışsa da, süni maneələr yaratmaq istəsə də, reallıq heç zaman dəyişməyəcək. Zəngəzur dəhlizinin açılması bir reallıqdır və açılması mütləqdir!

Təbriz buna inanmaz! İnansa, Təbriz deyil!

İranın molla rejimi Azərbaycan xalqına qarşı sərgilədiyi açıq düşmənçilik mövqeyi bütün reallıqları ilə göz qarşısındadır. Çox uzağa getməyə ehtiyac yoxdur, elə il ərzində baş verən hadisələrə nəzər salmaq düşünürəm ki, mövzumuzun məğzini açmağa kifayət edəcək. Bu ilin əvvəli – yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyində terror aktı törədildi. İçəri daxil olan terroristin atəş açması nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov şəhid oldu. Təhlükəsizlik kameralarından əldə edilən görüntülər onu deməyə əsas verir ki, İran polisi terroristə nəinki müdaxilə etmir, hətta ona tapşırılmış işi icra edirmiş kimi hadisə yerindən uzaqlaşır. Bu faktlar isə bu terrorun əvvəlcədən planlaşdırıldığına dair kifayət qədər sübut verir. Hadisə zamanı əsl qəhrəmanlıq nümayiş etdirən səfirliyin digər əməkdaşı Vasif Tağıyev oradakıların həyatlarını xilas edir. Bu hadisədən sonra Tehrandakı diplomatik nümayəndəliyin bütün əməkdaşları və onların ailə üzvləri Vətənə təxliyə olundu... Beləcə, ölkələrarası diplomatik münasibətlərdə qeyri-müəyyən vaxtadək “fasilə” yarandı. Onsuz da mürəkkəbləşən siyasi əlaqələ daha da gərginləşdi. Hadisənin üzərindən bir ilə yaxın keçməsinə baxmayaraq, qarşı tərəf hələ də qatilin tapılmadığını iddia edir. Hətta ötən günlərdə – iyulun 5-də İran İslam Respublikasının xarici işlər naziri ilə ölkə başçımızın görüşündə də bu məsələ gündəmə gəldi. Qonşu ölkənin nümayəndəsi yenə də qatilin tapılmadığını, bütün faktların göz qarşısında olmasına baxmayaraq, onun yoxa çıxdığını və ən qısa zamanda tapılacağı vədini verdi. Təbii ki, bu, yüz illərdir, özünü doğrultmayan vədlərdən biri idi. Ən ağır məqam isə, bizi, neçə milyon əzizimizi, o həsrətli Təbrizimizi bu aciz yalana inandırmaq istəməsi idi...  
Müstəqilliyimizi bərpa etdiyimiz tarixdən etibarən xalqımız, dövlətimiz bir yumruq kimi birləşib Vətənimizi ən yüksək məqamlara çatdırmağa müvəffəq oldu. Bir zamanlar ərazi bütövlüyü kobudcasına pozulan, nizami ordusu, texnikası, silah-sursatı olmayan dövlətimiz bu gün hər yerdə, hər məkanda dünyaya meydan oxuyur, öz gücünü necə lazımdırsa nümayiş etdirir. Ən əsası isə 30 illik əsarətdə olan torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Elə bu məqamda xatırlayıram Ali Baş Komandanımızın söylədiyi o tarixi fikri: “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik”. Biz bu ideyanın arxasında dayanmaqla bərpa etdik tarixi ədaləti, buna inanmaqla qovduq düşməni. Bu haqq savaşımızda isə o taylı, bu taylı, dili bir, əqidəsi bir, amalı bir olan soydaşlarımız ən gözəl mənəvi birlik, həmrəylik nümayiş etdirdi.  İnanırıq ki, bu da İranın molla rejiminin də Azərbaycan həqiqətlərini gec-tez qəbul etməyə sövq edəcək.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 02.08.2023 19:47