AZ EN RU

Təbrizdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir

    Fevralın 23-də Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
    Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək ermənilər tərəfindən Xocalıda törədilən soyqırımından danışmış, bu qətliamın törədilməsinin səbəb və nəticələrinə diqqət çəkmiş, ötən dövr ərzində Azərbaycanın beynəlxalq arenada apardığı “Xocalıya ədalət!” kampaniyası haqqında məlumat vermiş, cinayətkarların mütləq surətdə beynəlxalq hüquq qarşısında cəzalandırılmasının vacibliyini qeyd etmişdir. 
    Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu Çətin Tanər çıxış edərək Xocalı soyqırımının hüquqi aspektlərinə toxunmuş, Xocalı faciəsini törədənlərin hələ də beynəlxalq məhkəmələrdə cavab verməməsindən təəssüfləndiyini bildirmiş, Türkiyə Respublikasının hər zaman Azərbaycanın yanında olduğunu vurğulamışdır. 
    Çıxışlardan sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilmiş və sərgi ilə tanışlıq olmuşdur.
    Tədbirdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə, Türkiyənin Təbrizdəki Baş konsulu Çətin Tanər və Baş Konsulluğun əməkdaşları, Şərqi Azərbaycan Vilayəti Mətbuat Evinin rəhbəri Murtəza Şəfii və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak etmişlər. 

“Şərq qapısı”

Nəşr edilib : 26.02.2022 17:28