AZ EN RU

“Təbriz” və “Saat Meydanı” hotellərinə Milli ulduz təsnifatına uyğun sertifikatlar təqdim edilib

    Muxtar respublikada fəaliyyət göstərən turizm sənayesi nümayəndələri və turizm könüllülərinin iştirakı ilə “Təbriz” və “Saat Meydanı” hotellərinə Milli ulduz təsnifatına uyğun sertifikatların təqdimat tədbiri keçirilib. 
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov muxtar respublikada dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğıdan, eyni zamanda muxtar respublikanın turizm potensialından bəhs etmişdir. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada yerləşdirmə obyektlərinə olan tələbatı ödəmək məqsədilə 21 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir. Böyük turizm potensialına malik olan qədim diyarımızda Dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu icrası nəticəsində bu sahədə davamlı inkişafa nail olunmuş, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter almışdır.
    Diqqətə çatdırılmışdır ki, muxtar respublikada fəaliyyət göstərən hotellərin daha sağlam rəqabət aparması, müvafiq mehmanxana və mehmanxana tipli obyektlərin seçimində istehlakçıya köməyin göstərilməsi, mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi və tətbiq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli 131 nömrəli Qərarı ilə təsdiq olunmuş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na uyğun olaraq ekspert qrupu yaradılmış, “Saat Meydanı” və “Təbriz” hotellərinə AZS 745-2015 Azərbaycan Respublikası dövlət standartına müvafiq olaraq təsnifatdan keçirilərək Milli ulduz kateqoriyasının verilməsi üçün baxış keçirilmişdir. Nəticədə, hotellərin təklif etdikləri xidmətlərin adıçəkilən standartdakı meyarlara uyğunluğu əsas götürülərək müvafiq ulduz dərəcələri ilə qiymətləndirilmiş və sertifikatlar hazırlanmışdır.
    Bildirilmişdir ki, sertifikatın verilməsi üçün ekspert qrupu tərəfindən qiymətləndirmənin nəticələri qrup üzvləri tərəfindən akt formasında tərtib edilmiş və imzalanmış, sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi üçün attestasiya komissiyasına təqdim olunmuşdur. Attestasiya komissiyası tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliklə müəyyən olunmuş qayda, metod və mexanizmlər əsasında mehmanxanalarda ulduz kateqoriyalarının qiymətləndirilməsi həyata keçirilmişdir. Komissiya sertifikatlaşdırma fəaliyyətində uyğunluğun qiymətləndirilməsi zamanı qərarların qəbul edilməsində qərəzsizliyin gözlənilməsi, maraqların toqquşması hallarının qarşısının alınması və sertifikatlaşdırmanın obyektivliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görmüşdür. Sertifikatın qüvvədəolma tələblərinə riayət edilməsinə nəzarət departament tərəfindən sertifikatın qüvvədə olduğu müddətdə obyektdə sertifikatlaşdırmanın tələblərinin yerinə yetirilməsinə dair müfəttiş nəzarəti vasitəsilə həyata keçirilir. Sertifikatlaşdırılmış obyektlərə nəzarətin keçirilməsi zamanı sertifikatlaşdırılmış parametrlərlə normativ sənədlərin tələbləri arasında uyğunsuzluq aşkar edilərsə, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması, sertifikatın qüvvəsinə xitam verilməsi və sertifikatlaşdırma prosedurlarının yenidən aparılması haqqında qərar qəbul olunur. Sertifikatın qüvvədəolma müddəti üç ildir.
    Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun müdiri, ekspert qrupunun rəhbəri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş standartların tələblərinə  əsasən həyata keçirilir. Muxtar respublikada mövcud olan yerləşmə vasitələrinin ulduz kateqoriyasının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirilməsi AZS 745-2015 “Mehmanxana və mehmanxanatipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” dövlət standartında nəzərdə tutulmuş qiymətləndirilmə meyarlarına uyğun bal hesablanması əsasında aparılır. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.21-ci bəndinə əsasən mehmanxana (hotel)  qəbul-qeydiyyat bölməsi olan, sanitar qovşağa malik otaqlarda yerləşmə, gündə azı 1 dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 (on bir) olan yerləşmə vasitəsidir ki, bunlar “Təbriz” və “Saat meydanı” hotellərində təmin olunub. Bütün nömrələr standartın tələblərinə müvafiq, 4 və 5 ulduz kateqoriyasına uyğun gələn avadanlıq və əşyalarla təchiz edilmişdir. Avadanlıqlar istər funksionallıq, istərsə də interyer baxımından gözoxşayandır. Vurğulanmışdır ki, baxış zamanı qiymətləndirmə meyarları üzrə minimal ballarla əlavə ballar toplanmış “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” AZS 745-2015 Azərbaycan Respublikası dövlət standartının tələblərinə müvafiq olaraq “Təbriz” hotel 5, “Saat Meydanı” hoteli 4 ulduz kateqoriyasına layiq görülmüşdür.
    Sonra məruzəçi 2021-ci il 27 dekabr tarixdə qəbul olunmuş “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində olan dəyişikliklərlə bağlı iştirakçılara məlumat vermişdir.
    Ekspert qrupunun üzvü Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Nəzarəti bölməsinin rəisi, daxili xidmət mayoru Etibar Məmmədov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi olaraq mehmanxana və hotellərdə yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparılır, obyekt rəhbərləri bu istiqamətdə maarifləndirilir.
    Sonra hotel nümayəndələrinə ulduz kateqoriyalarına görə  müvafiq olaraq uyğunluq sertifikatları təqdim edilmişdir.
    Tədbirin sonunda iştirakçılar üçün Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
 Turizm Departamenti

Nəşr edilib : 26.10.2022 18:03