AZ EN RU

"Təbliğat-100" layihəsi çərçivəsində qohum evliliyinin və erkən nikahların fəsadlarına həsr olunmuş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində qohum evliliyinin və erkən nikahların fəsadlarına həsr olunmuş tədbir keçirilib. 
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Babək rayonunun Sirab kəndində baş tutub.
Dəyirmi masa ətrafında keçirilən tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq mövzunun əhəmiyyətindən danışıb. 
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə sosial problemlərin təməllərindən biri qohum evliliyi və erkən nikahdır” mövzusunda çıxış edib. Komitə sədri bildirib ki, qohum nikahı dedikdə nənə və babaları eyni olan şəxslərin nikahı nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə 1-ci dərəcəli qohum nikahları ölkəmizdə qadağan edilib. Lakin ikinci dərəcəli qohumlarla evlənmə halına hələ də rast gəlirik. Ramilə Seyidova statistikaya nəzər salaraq qeyd edib ki, 2023-cü ildə muxtar respublikada 18-29 yaşda nikaha  daxil olan 1519 cütlükdən 51-i qohum evliliyi olub. Bu da ümumi nikaha daxil olanların 3,4 faizini təşkil edir. 
Diskussiya xarakterli tədbirdə mövzu ətrafında müzakirələr zamanı Babək Rayon Ağsaqqallar Şurasının sədri Tofid Abutalıbov, Babək Rayon Dini İcmasının sədri Hacı Qasım Qasımov, Sirab kəndinin ağsaqqalı Salman Rəhimov, Sirab kəndinin ağbirçəyi Xəzən Quliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, Babək Rayon Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov, Babək Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru, polis kapitanı Kamran Gözəlov, Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rufan Orucov və digərləri tarixən formalaşmış ailə dəyərlərindən, eləcə də qohum evliliyinin və erkən nikahların fəsadlarından danışıblar.
Təqdimatla çıxış edən tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva qohum evliliyi nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən fiziki qüsurlardan və xəstəliklərdən bəhs edib. 
80 nəfərin yararalandığı maarifləndirici tədbir sualların cavablandırılması ilə başa çatıb.

Nəşr edilib : 10.04.2024 10:16