AZ EN RU

"Təbliğat-100" layihəsi çərçivəsində “Qız övladlarını milli dəyərlərə bağlı böyüdək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində “Qız övladlarını milli dəyərlərə bağlı böyüdək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Şahbuz rayonunun Sələsüz kəndində dəyirmi masa ətrafında təşkil olunan maarifləndirici tədbirdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Ölkəmizdə ailə dəyərlərinin qorunması, qızların təhsilinə önəm verilməsi, onlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində görülən işlər ailə, qadın və uşaq siyasətinin uğurla həyata keçirildiyinin göstəricisidir. 
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək ailədə valideyn-övlad münasibətlərindən, qız övladlarının təhsilinin və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin təşkil olunmasından, qızlarımızın erkən nikahdan qorunmasından danışıb. Qeyd olunub ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Əlbəttə ki, burada övladlarımızın, xüsusilə qızlarımızın milli dəyərlərə bağlı böyüməsi də mühüm əhəmiyyət kəsb edir.
Sonda müvafiq mövzularda broşürlar paylanılıb və dəyirmi masa iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı sorğu keçirilib. 
Ümumilikdə tədbirdən 52 nəfər yararlanıb.

Nəşr edilib : 06.04.2024 18:30