AZ EN RU

Təbii sərvətlərimizin öyrənilməsi, təbliği işinə mühüm töhfə

    “Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur” söyləyən ümummilli liderimiz Heydər Əliyev təbii sərvətlərimizin qorunması, xalqın gələcəyi, dövlətin qüdrətlənməsi, insanların rifahı naminə istifadə olunmasını ümdə vəzifə kimi qarşıya qoyub, bu istiqamətdə böyük işlər həyata keçirib. Ulu öndərin ideyaları üzərində yüksələn Naxçıvan Muxtar Respublikasının Sədərəkdən Culfaya, Şahbuzdan Ordubadadək hər qarışında mövcud olan təbii sərvətləri, qiymətli mineralları, müxtəlif kimyəvi birləşmələri insanların rahatlığına, sağlamlığına xidmət edir, eləcə də həmin qiymətli maddi mədəniyyət nümunələrinin təbliği üçün mühüm tədbirlər görülür. Bu məqsədlə diyarımızda təbii sərvətlərə əsaslanan onlarla istehsal müəssisəsi, onların təbliğinə, tanıdılmasına xidmət edən mədəniyyət ocaqları fəaliyyət göstərir, xəstəxanalarda insanların şəfa tapması üçün bu kimyəvi birləşmələrdən hazırlanan müalicəvi vasitələrdən geniş istifadə olunur...

    Səxavətli təbiətin muxtar respublikamıza bəxş etdiyi təbii sərvətlərimizin təbliği, tanıdılması, gələcəkdə daha dərindən araşdırılıb öyrənilməsi istiqamətində atılan növbəti addım isə ötən ay Təbii Ehtiyatlar İnstitutunun nəzdində Təbii Sərvətlər Muzeyinin yaradılması oldu. Muzeyin fəaliyyəti, gələcək perspektivləri, geologiyamızın daha dərindən elmi-tədqiqat obyektinə çevrilməsi ilə bağlı suallarımızı institutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyev cavablandırır. 

    Tofiq müəllim muxtar respublikamızın yeraltı və yerüstü sərvətlərinin öyrənilməsi, istehsalata cəlbinin tarixi inkişaf yolundan söhbət açaraq deyir ki, Azərbaycanın bir çox bölgələri kimi, Naxçıvan Muxtar Respublikasının ərazisi də zəngin təbii sərvətlərə malikdir. Bunların bir qismi ta qədim dövrlərdən araşdırılıb öyrənilib. Məsələn, duz mədəni. 100 illər əvvəl bəlli idi ki, Naxçıvanda duz yataqları mövcuddur. Buranın daşduzundan vaxtilə Orta Asiyaya, Çinə, Yaponiyaya qədər aparılırdı. Sonrakı dövrlərdə muxtar respublika ərazisində digər faydalı qazıntı yataqları da aşkar olunmuşdu. Sovet dövründə də qədim diyarda bir sıra təbii sərvət mənbələri məlum idi. Məsələn, Gümüşlü və Parağaçay yataqlarından istifadə olunurdu. Həmin yataqlardan polimetal filiz çıxarılır. Yəni orada təkcə bir metal deyil, maqnezium, qurğuşun, gümüş və digərləri vardır. Ancaq sovet dövründə hamımızın narazı qaldığı bir xüsusiyyət hökm sürürdü. Belə ki, mərkəzin ozamankı siyasəti ayrı-ayrı müttəfiq respublikaları bir-birinə bağlayaraq, asılı halına salmaqla idarə etmək məqsədi güdürdü. Çalışırdılar ki, bir məhsul sona qədər eyni ölkədə istehsal olunmasın. Məsələn, Azərbaycanın tütününü əziyyətlə həmvətənlərimiz əkir, becərir, hasilə gətirirdi. Paketləməyi bizə rəva görmürdülər. Məhsul yarımfabrikat halında göndərilirdi Rusiyanın ayrı-ayrı bölgələrinə, orada paketlənib bizə dəyərindən baha qiymətinə satılırdı. Necə deyərlər, əziyyətini çəkən biz, xeyrini görən isə başqa xalqlar olurdu. Eyni fikirləri pambıq üçün də demək olar. Prosesin adını qoymuşdular bütün xalqların qardaşlığı, bərabərliyi, əslində isə istismarın incə bir yolu idi. 
    Tofiq Əliyev qeyd edir ki, hələ sovetlər dönəmində biz Naxçıvan Dövlət Universitetinin Kimya ixtisasının tələbələrini Gümüşlü yatağına aparıb, orada onlara təcrübə keçirdik. Elə o vaxtlar mənim kimi bir çox yerli elm adamlarına da yaxşı məlum idi ki, həmin təbii sərvətimiz yarımfabrikat halında Şimali Osetiyaya göndərilirdi. Orada ayrı-ayrı metallara ayırıb, istehsal edir, əvəzində isə bizə müəyyən qədər vəsait göndərirdilər. Sonralar bizimlə düzgün, şəffaf alqı-satqı əməliyyatı aparılmadığını müəyyən etdik. Belə ki, həmin yataqdan nümunələr götürərək Bakıya apardıq və analizdən keçirərkən məlum oldu ki, onlar maddiyyatdan ötəri gümüşün, sinkin və polimetal filizinin tərkibindəki digər qiymətli metalların miqdarını həqiqətdə olduğundan çox az göstərirmişlər. Bu barədə çoxlu nümunələr gətirmək olar. Ancaq ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra vəziyyət köklü surətdə dəyişildi. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əvvəllər bütün sahələrdə hökm sürən özbaşınalıq halları tamamilə aradan qaldırıldı, o cümlədən də təbii sərvətlərimizin qorunmasına ciddi yanaşılmağa, əhalinin rifahı naminə istifadə olunması proseslərinə başlandı. Bir sıra sahələr daha dərindən araşdırılaraq elmi tədqiqatlara cəlb olundu, əvvəllər mövcud olan, ancaq üzə çıxarılmayan maddi mədəniyyət nümunələri, istehsalatda geniş istifadə oluna biləcək yataqlar aşkar edildi. Vaxt var idi ki, Naxçıvanda karbon qazına olan tələbat idxal hesabına, Tiflisdən alınıb gətirilməklə ödənilirdi. Təkcə nəqliyyat xərclərini hesablamaq kifayət edər ki, məhsulun necə baha başa gəldiyi aydın olsun. Amma sonradan məlum oldu ki, muxtar respublikamızın özündə kifayət qədər karbon qazı ehtiyatı vardır. O vaxt mərhum akademik Məhərrəm Məmmədyarovun başçılığı ilə Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları Darıdağda elmi-tədqiqat işləri apardılar. Nəticədə, darıdağ termal suyunun xüsusiyyətləri, arsen birləşmələri öyrənildi. Xüsusi kompressor qurğularla karbon qazı və Darıdağ arsenli suyu ayrıldı. Beləliklə, orada müasir zavod quruldu, istehsala başlandı. İndi həmin karbon qazı nəinki Naxçıvanın tələbatını ödəyir, hətta ölkəmizin digər bölgələrinə də göndərilir. Darıdağ arsenli suyundan isə müalicə vasitəsi kimi istifadə olunur. Sonralar digər müəyyən kimyəvi maddələr, süxurlar da elmi-tədqiqata cəlb edilərək tibdə, insanların sağlamlığının qorunmasında da istifadə olunmağa başlanıldı. Nümunə olaraq deyim ki, Naxçıvan-Sədərək magistral avtomobil yolunun birinci kilometrində yerləşən Şorsu çayının palçığı da belə müalicə qaynaqlarından biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə institutumuzun əməkdaşları tərəfindən həmin palçığın quru qalığının alınaraq paketlənib satışa çıxarılması artıq neçə ildir ki, həyata keçirilir. Gələcəkdə Qabıllı və Duzdağ gilindən yuyucu tozu ilə yanaşı, tibdə istifadə olunması üçün müalicə vasitəsi hazırlamağı düşünürük. 
    Müsahibimiz bildirir ki, ümumiyyətlə, Naxçıvan ərazisində çoxsaylı mis, molibden, kobalt, volfram, manqan, alüminium, maqnezium, qurğuşun, sink, sürmə, mərgümüş və digər metal faydalı qazıntı yataqları, inşaat materialları mövcuddur. Duzdağ və Nehrəm daşduz yataqları, Nehrəm qrupu dolomit yataqları, Buzqov, Şahtaxtı, Qarabağlar travertin yataqları isə böyük əhəmiyyət kəsb edir. Əvvəllər şifahi şəkildə həm tələbələrə, həm də yerli və xarici qonaqlara bu haqda məlumat verirdik. Lakin elə də yüksək effektə nail olmaq mümkün deyildi. Çünki əyanilik yox idi. Pedaqoqlar da sübut ediblər ki, informasiya təkcə sözlə deyil, həm də gözlə alınanda daha dərin şəkildə yaddaşa həkk olunur. Gözlə görünən hər hansı dəyərli eksponat şüurlu şəkildə dərindən analiz edilə bilir ki, bu da məlumatın həm zənginliyini, həm faydalılığını artırmaqla daha uzun müddət yaddaşa həkk olunmasına imkar verir. Bu mənada, biz də düşündük ki, təbii sərvətlərimiz barədə təkcə nəzəri məlumat verməklə kifayətlənməyək, onları praktik surətdə göstərsək, izah etsək daha effektiv nəticə əldə etmiş olarıq. Elə bu məqsədlə Ali Məclis Sədrinin tapşırığına əsasən Təbii Ehtiyatlar İnstitutunun nəzdində Təbii Sərvətlər Muzeyinin yaradılması qərara alındı. Bu məqamda onu da xüsusi qeyd edim ki, Culfa rayonunda uzun illərdir, Təbii Sərvətlər Muzeyi fəaliyyət göstərir. Bunu nəzərə alıb institut nəzdində yeni muzeyi yaratmaq üçün cari ilin əvvəlində Culfadakı həmin muzeyə baş çəkdik, oradakı eksponatlarla bir daha yaxından tanış olduq. İnstitutumuzda geoloq olmadığından biz vaxtilə Culfadakı Təbii Sərvətlər Muzeyində çalışmış, indi Bakıda yaşayan, geologiya sahəsi üzrə mütəxəssis Sultan Rzayevi də bu işə cəlb etdik, onu Naxçıvana dəvət edərək müxtəlif ərazilərdə araşdırmalar apardıq, nümunələr topladıq. Nəticədə, Təbii Sərvətlər Muzeyini yaratmağa müvəffəq olduq. Muzeydə Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərindən çoxsaylı filiz və qeyri-filiz nümunələri gətirilərək qruplaşdırılıb, adlandırılıb və sərgi formasına salınıb. 153-ə yaxın eksponatın yer aldığı muzeyin ekspozisiyasına muxtar respublikanın mineral-xammal sərvətlərini əks etdirən filiz, qeyri-filiz, inşaat materialları, bəzək və üzlük daşları, təbii süxur, mineral, 1:150000 miqyasda muxtar respublikanın geoloji və faydalı qazıntılar xəritələri daxildir. 
    Tofiq müəllim vurğulayır ki, ümumiyyətlə, bütün elm, ixtisas, peşə sahələrinə müfəssəl yiyələnmək üçün nəzəri biliklərlə yanaşı, təcrübənin də müfəssəl öyrənilməsinin böyük önəmi vardır. Məhz bu mənada, Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisaslarına uyğun təşkilatlara hamiliyə verilməsi istiqamətində görülən işlər, tələbələrin həmin idarə və müəssisələrdə təcrübə keçməsi, praktik vərdişlər qazanması kadr hazırlığına mühüm töhfədir. Həmin Sərəncama əsasən Naxçıvan Dövlət Universitetinin Kimya ixtisasının tələbələri Təbii Ehtiyatlar İnstitutunda praktika keçirlər. Bu baxımdan Təbii Sərvətlər Muzeyinin yaradılması həm də tələbələrin geologiya sahəsi üzrə praktik vərdişlərə yiyələnməsinə, muxtar respublikamızın təbii sərvətlərinin öyrənilməsi istiqamətində zəngin biliklər qazanmasına imkan verəcək. Əminliklə demək olar ki, muzey gələcəkdə yeni elmi araşdırmaların, tədqiqat işlərinin aparılmasında fundamental baza rolunu oynayacaq, elmi işlərin yazılması üçün mövzu seçimində istiqamətverici funksiyanı uğurla daşıyacaq. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, bu gün muxtar respublikamızda ixtisaslı geoloq tapmaq çox çətindir, Naxçıvanımızın yeraltı təbii sərvətlər cəhətdən zənginliyini, onların daha geniş şəkildə öyrənilməsinin vacibliyini nəzərə alsaq ali təhsil ocaqlarımızda Geologiya ixtisasının açılması gələcək üçün mühüm perspektiv kimi əhəmiyyətli olardı.
    Əsas sahib olmaq deyil, sahib olduqlarını qoruyub saxlamaq, onlardan düzgün şəkildə istifadə etməkdir. Bu mühüm amil həyatın istənilən sahəsində özünü ən bariz formada doğruldur. Məhz vaxtilə ümummilli liderimiz Heydər Əliyevin təbii sərvətlərimizi qoruyub saxlamaq, ondan düzgün şəkildə faydalanmaq, gələcək nəsillərə ərməğan etmək barədə mühüm tövsiyə və tapşırıqları bu gün də dövlətimizin qarşıya qoyduğu ümdə vəzifədir. Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyevlə söhbətimizdən gəldiyimiz qənaət budur ki, institutun nəzdində yaradılan Təbii Sərvətlər Muzeyi də Naxçıvanımızın malik olduğu onlarla dəyərli təbii, qiymətli mineral sərvətlərimizin düzgün şəkildə təbliğinə geniş imkanlar açmaqla gələcəkdə muxtar respublika geologiyasının dərindən araşdırılıb öyrənilməsi, əsas tədqiqat obyektinə çevrilməsi prosesini daha da sürətləndirəcək, iqtisadiyyat, səhiyyə sahələrində inkişafa, yüksəlişə mühüm töhfələr verəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 20.12.2022 19:32