AZ EN RU

Təbii sərvətimiz olan meşələri yanğından qoruyaq

    Gündən-günə gözəlləşən muxtar respublikamızda yeni salınan meşə zolaqları qədim yurdumuzun füsunkar hüsnünə ayrı bir gözəllik bəxş edir. Təbiətə xüsusi yaraşıq verən bu meşələri hamılıqla qoruyub saxlamalı və hər bir əkilən ağaca qayğı göstərməliyik. İsti günlərdə ehtimalı daha çox olan xoşagəlməz hadisələrdən biri meşə yanğınlarıdır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərlərinə çox mühüm vəzifələr düşür.

    Meşələri yanğından qorumaq üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir. 
    Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə-mühafizə mühəndisləri yanğınsöndürmə texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi də zəruridir. 
    Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, əlaltı vasitələrdən istifadə etməklə yanğını söndürməyi təşkil etməlidirlər.
    Meşə zolaqlarında baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. Xüsusi olaraq qeyd edək ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılan ocaq və onun tam söndürülmədən nəzarətsiz buraxılması kütləvi meşə yanğınına səbəb ola bilər. Söndürülməyən siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədə bilir. Meşələrə yanacaq-sürtkü materiallarına və digər yanar mayelərə bulaşan materiallar atmaq olmaz. İstirahət edən zaman şüşə qabları, şüşə qırıntılarını meşəyə atmaq yolverilməzdir. Əks halda, Günəş şüasından təsirlənən şüşə qablar və şüşə qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər. 
   Müəyyən olunmayan yerlərdə traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında ocaq yandırılması yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri və meşə yolları yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli, yanğına qarşı minerallaşdırılmayan zolaqlar çəkilməlidir.
    Cavabdeh şəxslər tərəfindən vaxtaşırı olaraq meşədaxili və ətraf sahələr yoxlanılmalı, yanğın və ya alışma hadisəsi baş verən zaman mövcud əlaltı vasitələrdən istifadə edilməlidir. Yolda hərəkət edən nəqliyyat vasitələri istifadəçiləri və digər vətəndaşlar tərəfindən siqaret qalığının söndürülməmiş vəziyyətdə yerə atılması meşə yanğınlarının baş verməsinə səbəb ola bilər. Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, muxtar respublikamızın iqtisadiyyatının inkişafına və öz sağlamlığına xidmət etmiş olar.
    Meşə və ya meşə zolaqlarında yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin “101”  xidmətinə zəng etməyi unutmayın.

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.06.2022 20:52