AZ EN RU

Təbii qazdan istifadə edənlərin nəzərinə

    Havaların soyuması ilə əlaqədar mənzillərin qızdırılmasında və digər məqsədlər üçün təbii qazdan istifadə edilməsi kifayət qədər artıb. Buna uyğun olaraq da mənzillərində təbii qazdan istifadə edən vətəndaşlar üçün aşağıdakı göstərişlərə əməl etmək və təbii qazdan təhlükəsiz istifadə qaydalarına riayət etmək xüsusi əhəmiyyət daşıyır. 
    Təbii qazdan istifadə edilən mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etmək, işığı yandırmaq və söndürmək olmaz. Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişmək, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırmaq, qaz cihazlarından istifadə edərkən əvvəl kibriti və ya alışqanı yandırıb sonra qaz kranını açmaq, qaz cihazlarını nəzarətsiz qoymamaq, mənzildə olan tüstü bacalarının ildə bir dəfə qış mövsümündən əvvəl təmizlənməsini təmin etmək vacibdir. 
    Qazdan istifadə edərkən qaz cihazları üzərində paltar və ya digər alışa bilən əşyaların qurudulması, qaz cihazları olan otaqlarda tezalışan mal və materialların yerləşdirilməsi və saxlanılması qadağandır. 
    Qaz sobası olan mətbəxdə nəfəslik daim açıq olmalı və mətbəxin havasını dəyişən ventilyasiya sistemi işlək vəziyyətdə olmalıdır. Mətbəxdə istifadə olunan cihazda təbii qaz mavi rəngdə yanırsa, qaz-hava qarışığı normaldır. Qazdan istifadə zamanı qaz cihazlarının odluqlarında qazın normal yanmasına xüsusi fikir verilməlidir. 
    Vanna otaqlarında qazla işləyən suqızdırıcı dövlət standartlarına uyğun olmalıdır. Vanna otağının qapısı xaricə açılmalıdır. Qapının aşağısında təmiz havanın daxil olması üçün dəliklər və ya açıq yer olmalıdır. Vanna otağında dəm qazını aşkar edən detektor quraşdırılmalıdır. İstifadəçilər tərəfindən cihazlara daim baxış keçirilməlidir. Əgər üzərində və yan tərəflərində qaralma, yanma izləri varsa, həmin cihazın istifadəsi dərhal dayandırılmalı və yenisi ilə əvəz edilməlidir. 
    Dəm qazı rəngsiz, iysiz qazdır. Bilmək lazımdır ki, dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sovurucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır. Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, başağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödəmi, ürəyin zədələnməsi baş verir.
    Zəhərlənmə zamanı həyəcanlanmadan ilkin tədbirlər görmək lazımdır. İlk olaraq zərərçəkəni dərhal açıq havaya çıxartmaq, əynindəki paltarın yaxasını, kəmərini açmaq, onu yarıoturaq vəziyyətə gətirmək lazımdır. Bundan başqa, zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər zərərçəkən nəfəs almırsa və ürəyi dayanmışsa, ürəyin xarici masajı və süni tənəffüs verilməyə başlanılmalıdır. Əgər insan huşunu itirməyibsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. İlkin olaraq şirin çaya limon qatıb vermək olar. Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal təcili yardım çağırmaq lazımdır. Zərərçəkəni arxası üstə uzanmış halda qoymaq, ona su vermək, başının altına nə isə qoymaq lazım deyil. 
    Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş olarsınız!

Azərbaycan Respublikası Baş Prokurorluğu
SOCAR “Azəriqaz” İstehsalat Birliyi

Nəşr edilib : 28.11.2023 18:26