AZ EN RU

Təbiəti qorumaq hər kəsin vətəndaşlıq borcudur

    Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. Bu ətraf aləm isə təbiət adlanır. Təbiəti, ətraf mühiti sevmək və qorumaq hər bir şəxsin müqəddəs borcudur.  Hazırda ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi barədə çox danışılır, çox yazılır. Aparıcı ölkələrin nümayəndələri tez-tez toplantılara qoşulurlar. Bu, son vaxtlar daha ciddi hal alıb. Hər işdə tarazlıq lazımdır. Ancaq təbiətdə tarazlığın pozulması bəşəri fəlakətlər gətirir. 
    Hər bir şəxs öz həyat fəaliyyəti prosesində bu və ya digər formada  təbiətlə, ətraf mühitlə təmasda olur. Buna görə də hər kəs istər məişətdə, istərsə də istirahət zamanı qanunvericiliklə müəyyən edilmiş vəzifəsini yerinə yetirməlidir. Ətraf mühiti qorumaq vəzifəsi əmək fəaliyyəti nəticəsində təbiətdən istifadə edən və ətraf mühitə təsir edə biləcək hər bir şəxsin üzərinə düşür. Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi dəyərlərlə ölçülür. 
    Ətraf mühitin mühafizəsinin – hüquqi, iqtisadi və sosial əsasları “Ətraf mühitin mühafizəsi haqqında” 1999-cu il 8 iyun tarixli Qanunla müəyyən olunur. Bu qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.
    Ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınması, bioloji müxtəlifliyin qorunub saxlanılması və təbabətdən istifadənin səmərəli təşkili Azərbaycan dövlətinin əsas məqsədidir.
    Qanunvericilik ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin hüquq və vəzifələrini müəyyən edib. Belə ki, hər bir vətəndaş ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq və qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək kimi hüquqlara malikdir.
    Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklər də müəyyən hüquq və vəzifələrə malikdir. Belə ki, ictimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində  özünün ekoloji proqramlarını işləmək və təbliğ etmək, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə etmək, onları bu işdə fəaliyyətə cəlb etmək, ictimai nəzarəti həyata keçirmək, qanunvericiliyin pozulması nəticəsində vətəndaşların sağlamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi haqqında iddiaları məhkəməyə təqdim etmək kimi hüquqları vardır. 
    İctimai birliklərin vəzifələri öz fəaliyyətini ətraf mühitin mühafizəsi və ictimai birliklər haqqında qanunlara uyğun həyata keçirməkdən ibarətdir.
    Ətraf mühitin pozulmasında təqsirli bilinən şəxslər mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci fəslində (Ekoloji cinayətlər), İnzibati Xətalar Məcəlləsinin 25-ci fəslində (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) ətraf mühitin pozulması ilə bağlı əməllərə görə məsuliyyət nəzərdə tutulmuşdur.
    Vətən millətin yer üzərindəki ünvanı, əcdadlarımızın məskunlaşdığı məkandır. Nəsildən-nəslə əmanət kimi ötürülən yurd, torpaq həm də namusumuz, qeyrətimizdir. Onu qorumaq hər birimizin müqəddəs borcudur. Təbiəti qorumaq üçün öncə təbiətə sevgi lazımdır. Təbiət vurğunu şair Hüseyn Arifin dediyi kimi:

        Gəlin təbiəti biz də düşünək
        O özü hər şeyi düşünən kimi.

Faiq SƏFƏROV
 Naxçıvan Muxtar Respublikası 
Prokurorluğunun şöbə rəisi, baş ədliyyə
 müşaviri, prokurorluğun fəxri işçisi

Nəşr edilib : 20.09.2023 02:17