AZ EN RU

“Təbiət ilhama çağırır məni”

2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bu münasibətlə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Təbiət ilhama çağırır məni” mövzusunda tədbir keçirilib.

Kitabxananın direktoru Tamella Əsgərova ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki,  Sərəncamda Azərbaycanın beynəlxalq cəmiyyətin bir üzvü kimi dünyada baş verən təbiət dəyişikliklərinə qarşı mübarizədə öz töhfələrini verdiyi vurğulanıb. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası istiqamətində işlər görülür. Yetişməkdə olan cəmiyyət üzvləri arasında ekoloji təbliğat aparılır.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar diqqətə çatdırıb ki, təbiəti sevmək, ona qayğı ilə yanaşmaq, təbiət mənzərələrinin poetik dillə təsviri ədəbiyyatda geniş əks olunub.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, jurnalist Təranə Arifqızının “Təbiətə söz hədiyyəm” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucovun “Naxçıvanın füsunkar təbiəti” adlı mövzularda çıxışları dinlənilib.

Sonda şairlərin təbiətin tərənnümünə həsr etdikləri şeirləri dinlənilib, “Yaşıl dünya naminə həmrəylik ili” başlıqlı sərgiyə baxış olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri iştirak edib.

                                                 Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.04.2024 10:48