AZ EN RU

Təbiət gözəli Naxçıvan

     Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Özünəməxsus xüsusiyyətləri ilə sanki bir harmoniya yaradan bu aləm təbiət adlanır. Bizi qoynunda böyüdüb, bəsləyən təbiət ikinci anamızdır. Ona məxsus gözəlliklərin qorunması isə insanlardan, yəni bizdən asılıdır. Hər bir şəxs təbiəti qorumalı, ona qayğı və məhəbbətlə yanaşmalıdır. Ana təbiət öz çalarları, təzadları ilə gözəldir. Nə xoşbəxtik ki, doğma Azərbaycanımızın hər bir guşəsi təbiətin al-əlvan rəngləri ilə bir vəhdət təşkil edir, necə deyərlər, Uca Yaradan sanki heç bir nemətini torpağımızdan əsirgəməyib. 

     Ana yurdumuzun hər daşı, qayası bizim üçün əzizdir, doğmadır, bir sözlə, Vətənin hər bir yeri gözəldir, amma mən sizə təhsil aldığım bir diyardan –  Azərbaycanın ayrılmaz parçası, tarixin, əsrlərin, qərinələrin, hətta minilliklərin süzgəcindən keçərək elm-irfan ocağı kimi şöhrət tapmış Naxçıvanın əsrarəngiz təbiətindən danışmaq istəyirəm. Yaxşı olar ki, ilk əvvəl bu qədim yurd yerinin geocoğrafi əhəmiyyəti barədə qısaca məlumat verək. Naxçıvan Muxtar Respublikası Qafqaz yaylasının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metr olan bu diyarın təbiəti də rəngarəng və maraqlıdır. Əsrarəngiz gözəlliyi, zəngin flora və faunası ilə insanları özünə cəlb edən bu coğrafi ərazini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi isə Azərbaycanın incisi sayılan Ordubad rayonu ərazisində yerləşən Qapıcıq dağıdır. 

    Yeraltı və yerüstü sərvətlər ilə zəngin olan Naxçıvanı həm də “mineral sular muzeyi” adlandırırlar. Təsadüfi deyil ki, burada 200-dən çox təbii su qaynağı var. Flora və faunası zəngin olan bu diyarda 2782 ali bitki növü vardır və zəngin heyvanlar aləminə malikdir. Öz gözəlliyi, füsunkarlığı, zəngin mədəni-tarixi irsi, özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik ənənələri hər il bölgəyə çoxsaylı turistlərin gəlməsinə səbəb olur. Naxçıvan diyarı canlı təbiət abidələrinin zənginliyi ilə də diqqəti cəlb edir. Gələn hər bir turist adı dillər əzbəri olan Batabat yaylağına, ümidlərin, duaların qəbul olduğu “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə ekskursiya edir. Elə yazımızın bu məqamında hər misrası ilə qəlbimizi ovsunlayan sevimli şairimiz Məmməd Arazın doğulduğu doğma diyarını vəsf etdiyi şeirlərindən bəhrələnmək yerinə düşər: 

    Sinəmdə o yerin dağ havasıdır,
    Qaynar bulaqları qaynar qanımda.
    Mənim ürəyimin bir parçasıdır
    Doğma Şahbuzum da, Naxçıvanım da…

     Odlar yurdu Azərbaycanın qədim və ayrılmaz bir hissəsi olan Naxçıvanın özünəməxsus iqlim şəraiti vardır. Muxtar respublika özünün kəskin kontinental iqlimi ilə Azərbaycanın digər fiziki-coğrafi ərazilərindən fərqlənir. Ərazidə iqlimi yaradan əsas amillər Günəş şüalarının bolluğu, atmosfer dövranının mürəkkəbliyi, relyefin isə xeyli müxtəlif olması ilə səciyyələnir. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir. Təbii şəraitə görədir ki, burada yaşıllıqların həcmi azlıq təşkil edir. Amma naxçıvanlılar  bununda öhdəsindən gəliblər. Muxtar respublika ərazisində təkcə son dövrdə kütləvi şəkildə aparılan yaşıllaşdırma tədbirləri nəticəsində meşə və yaşıllıqların həcmi 20 faizdən çox artıb. Ən quraqlıq ərazilərə belə suvarma suyu çəkilərək yaşıllıqlar salınıb. Az əvvəl də qeyd etdiyimiz kimi, Naxçıvan mineral su mənbələri ilə zəngindir. Azərbaycanın mineral su ehtiyatının 60 faizi bu diyarın payına düşür. Bu mənbələr kimyəvi tərkibinə görə müxtəliftipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədilə və sənayedə istifadə edilir. Tarixi qaynaqlardan məlum olur ki, həmişə dirilik suyu, şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə “Tanrı ocağı”, –  deyə inanmışlar; “Qotur suyu”, “yel suyu”, “mədə suyu”, “dəri suyu”, “şor su”, “Vayxır” və digər bu kimi adlar həmin suların müalicəvi xüsusiyyətlərinə görə adlandırılmışdır.

   Araz üstə qərar tutan, yaşı əsrlərlə ölçülən doğma Naxçıvanımızın müstəqillik yaşı çox olmasa da, yüksək sürətlə inkişaf etməsi bir çox qələm sahiblərinin qəlblərini riqqətə gətirir və bir-birindən gözəl əsərlər məhz bu yurd yerinin eşqinə yaranır. O əsərlərin hər birində yurda bağlılıq, torpağa sədaqət, Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə ehtiram hissi ən gözəl şəkildə təzahür edir. Ruhumuzu, qəlbimizi, zövqümüzü oxşayan, sanki balasını qucan qayğıkeş ana timsalını gözlərimizdə canlandıran Naxçıvan dağları neçə-neçə şeirlərə mövzu, əsərlərə ideya bəxş edir. Əzəmətli, vüqarlı duruşu ilə hər kəsi özünə valeh edən Naxçıvan dağları haqqında ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvan dağlarında kişi gözəlliyi var”. Elə mövzumuzu şair Muxtar Qasımzadənin vüqarlı, dəyanətli Naxçıvan dağlarına, ələlxüsus, bu elin simvolu sayılan Haçadağa həsr etdiyi şeirlə tamamlamaq istərdik: 

    Başında həmişə dumanlar gəzər
    Çağlayar, qaynayar, daşar Haçadağ.
    Çiçəklər köksündə yazıya bənzər,
    Olar ilk bahara şüar Haçadağ.

Səbinə ƏLİYEVA 
Naxçıvan Dövlət Universitetinin
 Jurnalistika ixtisası üzrə lV kurs tələbəsi 

Nəşr edilib : 06.07.2022 20:51