AZ EN RU

Teatrlarımız: Hər kəsi düşündürən sənət məbədlərimizin bugünkü problemləri düşünməyə vadar edir

    İctimai həyatımızda baş verən hadisələri özündə əks etdirən, cəmiyyətin güzgüsü və həssas bir sənət növü hesab edilən teatrlarımızın problemləri hamını düşündürməyə vadar edir. Onu da qeyd edək ki, “Biz artıq bu güzgüdə niyə özümüzü görmürük?” sualı teatr xadimlərini daha çox narahat edir. Teatr həyatının mənəvi yaradıcılıq mühiti həssas, səriştəli yanaşmaya ehtiyac duyduğu halda, bəzən qeyri-peşəkar müdaxilə onun təbiətindəki demokratizmlə bərabər, canlı harmoniyasını da bərbad edir. Ümumiyyətlə, səhnə sənətinin yaradıcılığı barədə danışarkən, teatr tənqidçiləri bu sənətin çağdaş dövrdə inkişaf meyillərini birmənalı şəkildə bir xətt üzrə inkişaf etdiyini deyirlər. Bu xətt ictimai rəyi, ictimai tənqidi səhnələşdirməkdir. Son illər cəfakeş sənət adamlarının fədakarlığı hesabına ayaqda qalan teatrlarımızın ictimai rəyi formalaşdıran tənqidlərə səssiz, söz deməyə ehtiyatlanmasını görmək, təbii ki, bizi də məyus edirdi.
    Bəs teatrlarımızın bu hallarla üzləşməsinin səbəbi nə idi? Məlumdur ki, belə mədəniyyət müəssisələrimizin əksəriyyəti dövlətdən maliyyələşir və bütün işçilər maaş alır. Kəmiyyəti az olan bir büdcəli təşkilatdan, təbii ki, keyfiyyətli iş tələb etmək haqsızlıqdır. Halbuki muxtar respublikada fəaliyyət göstərən teatrlarda kifayət qədər istedadlı aktyor fəaliyyət göstərir.
    Məsələ ilə bağlı öncə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrına üz tutduq. Teatrın direktoru, Azərbaycanın Xalq artisti Rza Xudiyev bildirdi ki, hər bir teatrın döyünən ürəyi onun repertuarıdır, repertuar teatrın güzgüsüdür, tamaşaçı ilə teatr arasında ünsiyyətdir. Yaxşı repertuar olanda tamaşaçı da gəlir, biz də çalışırıq ki, teatrın repertuarı zəngin olsun. Ancaq bu günə qədər müəyyən məhdudiyyətlər var idi, vaxt olurdu 25-30 əsər təqdim edirdik, amma onların içərisində bizim üçün uyğun gəlməyəni seçilirdi. Bu da bizim aktyor və rejissorlar üçün çətin olurdu. Amma deyəsən, artıq bu buzlar əriyib, sərbəstlik verilib, repertuarı seçə biləcəyik. Çalışacağıq ki, builki repertuara daha yaxşı əsərlər daxil edək. Çünki tamaşaçı onu maraqlandıran problemlərə baxmağa gəlir, bu, əyləncəli və ya komediyalı olsa belə, ona baxmağa üstünlük verir. 
    Teatr repertuarından xəbərsiz insanların teatrı tənqid etmələri direktorları da narahat edir. Burada tamaşaçı qıtlığının hiss olunması heç də təkcə repertuar seçimindən asılı deyil. Rza Xudiyevin sözlərinə görə əsas məsələ vəsaitin az olmasıdır: “Yaxşı repertuarları ərsəyə gətirmək üçün, təbii ki, yaxşı da vəsait lazımdır. Çünki geyimlər alınmalı, dekorasiya yenilənməli, tarixi əsərlər üçün müəyyən avadanlıqlar əldə edilməlidir. Bu barədə bizim sıxıntımız var. Tamaşaların quruluşu üçün bizə az vəsait ayrılır. Demək olar ki, bir tamaşada istifadə etdiyimiz paltarlardan digər tamaşalarda da istifadə edirik, bu da təkrarçılıq olur. Əgər hər bir tamaşa üçün ayrıca vəsait ayrılsa, bu, teatr üçün əlavə stimul olar. Unutmayaq ki, yaxşı tamaşa ərsəyə gətirmək üçün yaxşı da maddiyyat lazımdır. Buna baxılsa, daha yaxşı olar. Ştat tərəfdən də bizim imkanlarımız məhduddur. Rejissor ştatımız var, amma ştat hələ də öz sahibinin yolunu gözləyir, çünki yerli rejissor yoxdur tamaşalara quruluş versin.  Baş rejissor və quruluşçu rejissor, baş rəssam, ədəbi hissə müdiri, musiqi hissə rəhbəri yerləri də eləcə... Bunların da hamısı tamaşanın yaxşı hazırlanmasına kömək edən komponent­lərdir. İxtisaslı kadrlar olmadığına görə çətinlik çəkirik”.
    2006-cı ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Uşaq Teatrı da eyni aqibətlə üz-üzədir. Teatrın direktoru, Azərbaycanın Əməkdar artisti Tofiq Seyidov deyir ki, teatrda, ümumiyyətlə, aktyor ştatı yoxdur: “16 ildən çoxdur ki, fəaliyyət göstərir və bu illər ərzində teatrımız bir çox problemlərlə üzləşilib. Əsas problemlərdən biri aktyor ştatının olmamasıdır. Sadəcə, 9 nəfər texniki işçi və direktor var. Belə böyük yeri aktyorsuz idarə etmək, təbii ki, qeyri-mümkündür. Teatr yaradılanda düzgün istiqamətləndirilməyib. Bu illər ərzində fəaliyyətimiz, əsasən, məktəblilər və tələbələrlə olub. Həvəskar, eyni zamanda gələcəkdə aktyor olmaq istəyən gəncləri cəlb etmişik və onların köməkliyi ilə tamaşalar sərgiləmişik. Təbii ki, onların 100-dən 1-i ancaq qalır da, qalmır da. Repertuar seçiminə gəlincə, daha çox xalq nağıllarını səhnələşdiririk. Eyni zamanda Azərbaycan və dünya dramaturgiyasında olan uşaq dramlarını hazırlayıb tamaşaçılara təqdim edirik. Buna baxmayaraq, problemlərimiz də çoxdur”.
    Teatrlarımızda olan problemlərdən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi də xəbərdardır. Nazirliyin teatrın inkişafı və dövlət əhəmiyyətli tədbirlərin təşkili üzrə baş məsləhətçisi Kamran Quliyev deyir ki, teatrlarımızda olan əsas problemlərdən biri 2 il öncə ştatların ləğv olunmasıdır. Bunu nə qədər izah etməyə çalışsaq da, ona nail ola bilmədik. Məsələn, Naxçıvan Dövlət Kukla Teatrında kukla hazırlayan, baş inzibatçı, pedaqoq yoxdur, ştatlar ləğv edilib. Naxçıvan Dövlət Milli Teatrında da bir neçə ştat ixtisara salınıb. Heç cür izah edə bilmədik ki, bu ştatlar teatr üçün vacibdir. Butafor yazılan ştata baxan adam anlamır ki, bu teatr üçün nə deməkdir. İzah edirsən, deyir rəssamınız var da. Halbuki rəssamın işi tam fərqlidir. Bu günə qədər teatrlarda ən böyük problemlərdən biri repertuarların müəyyənləşdirilməsi idi. Teatrın özü öz potensialına uyğun repertuar seçməlidir və bu günə qədər teatr repertuarını dövlət – Ali Məclis müəyyənləşdirirdi. Təəssüflər olsun ki, nə qədər çalışsaq da, izah edə bilmirdik ki, təklif edilən əsər bugünkü problemləri özündə əks etdirmir. Belə bayağı əsərə tamaşaçı niyə gəlib baxmalıdır? İkincisi, təklif edənlər heç bilmirdi ki, teatrda olan truppada o əsəri oynayacaq gücə qadir aktyor var ya yoxdur? Üçüncü tərəfdən, tamaşanı repertuara rejissor işləyir, təqdim edir. Amma rejissorun heç nədən xəbəri olmur, təklif edirsən, sonra tələb edirsən. 
    Bu gün teatr barədə fikirlər müxtəlif ola bilər. Real olan isə müasir dövrümüzdə teatr strukturunun düzgün qurulmaması, sənət adamlarına kənar müdaxilələrin həddindən artıq olması və kadr çatışmazlığıdır. Bu isə, hər şeydən əvvəl, teatr sənətinin, onun yaradıcılıq sferasının və ifadə arsenalının yenidən dəyərləndirməsini tələb edir.     
    Biz də mövcud problemləri işıqlandırmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin milli mədəniyyətimizə, incəsənətimizə necə böyük qayğı ilə yanaşdığını bir daha xatırladaraq, ölkəmizdə bu gün də mədəni siyasətin necə uğurla həyata keçirildiyinə arxalanaraq teatr sənətinin qədimliyi ilə öyünən diyarımızda bu sənət növünün yenidən dirçəldiləcəyinə, teatrlarımızın tezliklə, sözün əsl mənasında, sənət məbədinə çevriləcəyinə ümidvarıq. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 27.01.2023 20:37