AZ EN RU

Teatr sənəti xalqımızın milli sərvətidir

Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən hər il martın 27-si “Beynəlxalq Teatr Günü” kimi qeyd olunur. 

Bu il yaranmasının 149-cu ildönümü qeyd edilən peşəkar Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi vardır. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilmişdir. Bu tamaşa ilə Azərbaycanda incəsənətin canlı növü olan milli teatrın əsası qoyulmuşdur. XIX əsrin ikinci yarısında Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin parlaq, eyni zamanda, şərəfli səhifəsidir. Bu şərəfli işdə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də böyük xidmətləri olmuşdur. O, Bakı şəhərində ilk teatr binası inşa etdirmişdir. Nəticədə, Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə siması yetişmişdir. Teatr sənətimiz yarandığı gündən böyük bəşəri və milli məsələləri səhnəyə gətirməklə işıqlı amalların carçısı olmuş, xalqımızın mənəvi və estetik tərbiyəsində, milli dirçəlişin, milli şüurun formalaşmasında mühüm rol oynamışdır.

Uzun və şərəfli tarixi inkişaf yolu keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlamışdır. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, üslub və janr cəhətdən tamaşa nümayişinin təkmilləşdilrilməsində, estetik keyfiyyətin artmasında, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində göstərir.

Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Məhz bütün bunlara görədir ki, Azərbaycan teatrının əsaslı inkişafı, teatrlarımızın yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Teatra, sənət adamlarına böyük diqqət və qayğı göstərən ulu öndərimizin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderimiz xalqımızın teatr sənətinə böyük qiymət verərək demişdir: “Teatr müqəddəs yerdir. İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu ötəri hiss deyildir. İçimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir”.

Müstəqillik illərində dahi rəhbər Heydər Əliyevin rəhbərliyi ilə səhnə sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu sahədə böyük uğurlar qazanılmışdır. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılmış, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, onların əməyi daim yüksək qiymətləndirilmişdir. Göstərilən böyük dövlət qayğısının, göstərilən diqqətin nəticəsi kimi Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənmişdir. 

Ulu öndərin siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunmuşdur. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verdiyi rəsmən bəyan edilmişdir. 2007-ci il fevralın 19-da teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalanmışdır. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq etmişdir. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir. Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilmişdir. Bu Sərəncama əsasən, hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilir. 

Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binalarının hamısı yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. Bu gün muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı və Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Teatr həyatı öyrədən məktəbdir. Teatr, tamaşa hər zaman lazımdır... Yeni tamaşalar hazırlanmalı və nümayiş olunmalıdır. Çünki səhnə əsərinə verilən ən böyük qiymət də tamaşaçı alqışıdır”.

Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra böyük mədəniyyət və ziyalılar yurdu olan Naxçıvanda da tərəqqipərvər ziyalıların fəallığı ilə ilk peşəkar teatrın əsası qoyulmuşdur. Naxçıvan teatrının müstəqillik illərində yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənmiş, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilmişdir. Bu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Ərzurum, İqdir, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərində olmuş, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanmışdır. Naxçıvan teatrının Bakı və Azərbaycanın digər rayonlarında göstərdiyi tamaşalar maraqla qarşılanmış, istedadlı aktyorlarımız geniş tamaşaçı sevgisi qazanmışlar. Teatrımız repertuar zənginliyini daim diqqətdə saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşalar hazırlayır. Hazırda teatrda İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri aparılır. Həmçinin teatrın bu il üçün repertuar planında Xalq yazıçısı Elçinin “Şekspir” və dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Topal Teymur” pyesləri əsasında tamaşaların səhnələşdirilməsi yer almaqdadır.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da fəaliyyəti boyunca yüksək qayğı ilə əhatə olunmuşdur. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə və İran İslam respublikalarına səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynamışdır. Ali Məclis Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı müxtəlif illərdə hazırladığı tamaşalarla uşaq və yeniyetmələrin rəğbətini qazanmışdır. 

Bu gün muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Rayon mərkəzlərində müasir standartlara uyğun tikilərək istifadəyə verilən mədəniyyət saraylarında teatr kollektivləri üçün hər cür şəraitin yaradılması xalq teatrlarının fəaliyyətinin daha səmərəli təşkilinə səbəb olmuşdur.

Son illər Naxçıvan teatrının yarandığı gündən bu günə kimi keçdiyi inkişaf yolunun tədqiqi ilə də bağlı bir sıra uğurlu işlər həyata keçirilmiş, monoqrafiya və kitablar nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” bu baxımdan yüksək qiymətə layiqdir. Kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar öz əksini tapmışdır. 

Teatr o zaman davamlı inkişaf edir ki, orada gənc aktyorlar nəsli yetişir. Muxtar respublikada bu sahədə də mühüm addımlar atılmış, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası yaradılmışdır. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla Naxçıvan teatrının gələcək fəaliyyətinə töhfələr verirlər. Muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər.

Cəmiyyətimizin, xalqımızın milli dəyərlər ruhunda, mənəvi kamillik işığında inkişafına xidmət edən teatr sənətimiz milli sərvətimizdir. Ötən illərdə olduğu kimi, bundan sonra da Naxçıvan teatrları milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizin şərəfli səhifələrini yaşatmaq missiyasını layiqincə yerinə yetirəcəkdir. 

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.03.2022 23:50