AZ EN RU

TBMM-in nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Oktyabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, sonra nümayəndə heyəti, Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyulub.

X X X

Sonra Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisin inzibati binasına gəlib.

Parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti və qanunvericilik prosesinin həyata keçirilməsi prosesi haqqında geniş məlumat verilib.

Sonra qonaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olublar. Qonaqlar Guşədə yer alan Vətən müharibəsində Qələbə münasibətilə təsis olunmuş orden və medallara baxıblar.

Nəşr edilib : 18.10.2023 20:41