AZ EN RU

Taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirələr keçirilib

    Ordubad rayonunda keçirilən “Taxılçılığın inkişafı, qarşıda duran vəzifələr” mövzusunda müşavirədə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, iyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir. Müşavirədə görülmüş işlər təhlil edilmiş, Ali Məclisin Sədri tərəfindən qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar verilmişdir. 
    Elşad Məmmədov vurğulamışdır ki, Ordubad rayonunun 97899 hektar ümumi sahəsinin 30980 hektarı dövlət mülkiyyəti, 62200 hektarı bələdiyyə mülkiyyəti, 4719 hektarı isə xüsusi mülkiyyətdir. Rayonun 4981 hektar torpaq sahəsi suvarılandır.
    Rayon üzrə, ümumilikdə, 67 hektar deqradasiyaya məruz qalan torpaq sahəsi uçota alınmışdır.
    Qeyd edilmişdir ki, 2022-ci ilin məhsulu üçün Ordubad rayonunda 1607 hektar sahədə taxıl əkilmiş, məhsuldarlıq 29 sentner olmuşdur. Taxıl biçini kampaniyasında tələb olunan bütün təhlükəsizlik tədbirləri həyata keçirilmiş, biçin təhlükəsiz şəraitdə başa çatdırılmışdır. 2022-ci ilin məhsulu üçün 1 iyun 2022-ci il tarixə rayonda 1755 hektar sahədə yazlıq bitkiləri əkilmişdir.
    İl ərzində məhsul istehsalçılarına subsidiyalar, mineral gübrələr, güzəştli kreditlər verilmiş, lizinq xidmətləri göstərilmiş, meliorasiya və irriqasiya tədbirləri həyata keçirilmişdir. Son illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayona ümumi dəyəri 1 milyon 271 min 942 manat olan 184 ədəd texnika gətirilmişdir ki, bunun da 560 min 362 manatı ödənilib. Verilmiş plana vaxtında əməl olunub. 2022-ci ilin müvafiq dövründə lizinq yolu ilə vətəndaşlara 3 texnika satılıb.
    Mart ayından etibarən əkin sahələrinin suvarılması üçün Aza, Düylün və Vənənd çaylarında sudan səmərəli istifadəyə nəzarət edilərək sahələr vaxtında suvarılmışdır. Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində Aza gölündə 200000, Gilan gölündə 250000, Dəstə-1 gölündə 100000, Dəstə-2 gölündə 50000 kubmetr su ehtiyatı yaradılmışdır.
    2022-ci ildə rayon üzrə 490 hektar torpaq sahəsi əkilməmişdir ki, onun 407 hektarı vətəndaşlara məxsus özəl pay torpaqları, 83 hektar sahə isə bələdiyyə mülkiyyətinə aid torpaqlardır. Əkilməyən torpaq sahələrindən 35 hektarı hazırda payızda əkilməsi üçün şum altındadır, 83 hektar sahə isə daşlı-çınqıllıdır və məhsuldarlıq aşağı səviyyədə olduğu üçün əkilməmişdir. 372 hektar sahə isə arat üsulu ilə əkildiyindən ötən il suvarma suyunda yaranmış çətinlik səbəbindən əkilməmişdir. 
    Müşavirədə verilən suallar ətraflı cavablandırılmışdır. 
    Müşavirəni Elşad Məmmədov yekunlaşdıraraq təsərrüfat sahibləri adından Ordubad rayonunda kənd təsərrüfatının davamlı inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirərək əmin etmişdir ki, taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqların Ordubad rayonunda vaxtında və qüsursuz yerinə yetirilməsi üçün lazım olan bütün tədbirlər həyata keçiriləcəkdir.

***

    Kəngərli rayonunda taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada taxılçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, strateji məhsul olan taxıl istehsalını artırmaq qarşıya vəzifə kimi qoyulub. 
    İcra başçısı qeyd edib ki, muxtar respublikada ən çox taxıl əkilən rayonlarından biri də Kəngərli rayonudur. Bu il üçün rayonda 6056 hektar sahədə taxıl əkini həyata keçirilib. Ondan 3287 hektarını buğda, 2769 hektarını isə arpa təşkil edir. İyunun 12-dən taxıl biçininə başlanılıb. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin və sahibkarların kombaynları olmaqla, ümumilikdə, 16 kombayn cəlb olunub. Tədarük olunan taxılda orta məhsuldarlıq 25,5 sentnerdir. Hazırda biçin yekunlaşmaq üzrədir.
    Diqqətə çatdırılıb ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Kəngərli rayonunda taxılçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən torpaq mülkiyyətçilərinin keyfiyyətli toxumla təmin olunması, indiyə qədər əkilməyən torpaq sahələrinə qapalı suvarma şəbəkələrinin çəkilərək əkin dövriyyəsinə qatılması və yeni su nasos stansiyalarının tikilib istifadəyə verilməsi bu sahədə mühüm nəticələrin əldə olunmasına şərait yaradıb. Lakin dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıya baxmayaraq, bu sahədə hələ də nöqsanlar mövcuddur. Belə ki, suvarılan və dəmyə torpaqlar olmaqla, 3508 hektar sahə əkinəyararlı olsa da, ötən il əkilməyib. Bəzi təsərrüfat sahibləri aqrotexniki qaydalara əməl etmirlər. Buna görə məhsuldarlıq aşağı düşür.
    Bildirilib ki, qarşıda duran vəzifələrdən biri də dəmyə üsulundan istifadə etməklə taxıl əkini aparmaqdır. Bu amil diqqətdə saxlanılmalı, taxıl əkini sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində verilmiş tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. İnanırıq ki, dövlətimizin yaratdığı hərtərəfli imkanlardan səmərəli istifadə edərək növbəti payız taxıl əkini mövsümünə ciddi hazırlaşmaqla qeyd olunan nöqsanları aradan qaldıracağıq.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib. 
    Qeyd edək ki, keçirilən müşavirələrdə sözügedən məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vasif Məmmədov çıxış etmişlər. 

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 19.07.2022 20:10