AZ EN RU

Taxılçılığın inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub

     İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirədə verilən tapşırıqlara uyğun olaraq dünən Babək Rayon İcra Hakimiyyətində taxılçılığın inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub.
    Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, dövlət qayğısı sayəsində aqrar rayon kimi tanınan Babək rayonunda da taxılçılığa geniş yer verilir. Belə ki, 2021-ci ilin payızında və 2022-ci ilin yazında, ümumilikdə, rayonda 11 min 94 hektar sahədə taxıl əkini həyata keçirilib. Bunun da 7 min 216 hektarını buğda, 3 min 878 hektarını isə arpa təşkil edib. Biçin kampaniyasının keyfiyyətlə və itkisiz başa çatdırılması üçün rayonda 36 kombayn saz vəziyyətə gətirilib. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yerli qurumu isə biçin dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə maarifləndirici tədbirlər həyata keçirib. Görülən işlərin nəticəsidir ki, bu günə qədər rayon üzrə  10 min 868 hektar sahədə taxıl biçini aparılıb və bir neçə gün sonra biçin kampaniyası yekunlaşacaq.
     Rasim Hüseynov deyib ki, torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin olunması əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində görülən çoxsaylı tədbirlər torpaq sahələrinin su təminatının  yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə ilin əvvəlindən Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin balansında olan bütün nasos stansiyalarında təmir işləri həyata keçirilib. Torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə hazırda Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir. Həmçinin Çeşməbasar və Güznüt kəndlərində də 240 hektar sahədə qapalı suvarma və kollektor-drenaj şəbəkəsinin tikintisinə başlanılıb. 
     Bildirilib ki, rayon əhalisinin 70 faizindən çoxu kənd təsərrüfatı ilə məşğul olduğundan suvarma kanallarının təmizlənməsi və nasosların təmiri əsas amillərdən biridir. 2022-ci ilin yanvar-iyun ayları ərzində rayon ərazisində yerləşən arxlarda 25 min 285 metr, kanallarda 4220 metr lildən təmizlənmə işləri aparılıb. Əkin sahələrinin suvarılması üçün nasoslardan əlavə ümumi tutumu 125,83 milyon kubmetr olan 11 göl vardır. Torpaqları əkin dövriyyəsinə qatmaq üçün şoranlaşmaya qarşı bir sıra işlər də görülüb, 12,1 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınıb.
     “Əhalinin taxıl və çörək məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifədir”, – deyən icra başçısı bildirib ki, yaradılan şəraitə baxmayaraq, bu sahədə müəyyən nöqsanlar mövcuddur. Rayon üzrə 166 hektarı xüsusi mülkiyyətdə, 517 hektarı bələdiyyə mülkiyyətində, 45 hektarı isə dövlət mülkiyyətində olmaqla, ümumilikdə, əkinəyararlı 728 hektar ərazi əkin dövriyyəsinə daxil edilməyib. Həmin ərazilərin 100 hektarı sututar, 628 hektarı isə dəmyə əkin sahələri olub. Nehrəm qəsəbəsində 29, Cəhri qəsəbəsində 165, Nəhəcir kəndində 94, Qahab kəndində 263, Göynük kəndində 10, Vayxır kəndində 70, Sirab kəndində 52 hektar, xüsusi və bələdiyyə mülkiyyətində olan əkinəyararlı torpaq sahələrində və dövlət mülkiyyətində olan 45 hektar əkinəyararlı torpaq sahəsində əkin aparılmayıb.
   Qarşıda duran vəzifələrdən də bəhs edən Rasim Hüseynov Babək rayonunda kənd təsərrüfatının davamlı inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib. 
     Müşavirədə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vasif Məmmədov çıxış edərək aidiyyəti üzrə məlumat veriblər. 

Muxtar Rzazadə

Nəşr edilib : 14.07.2022 20:23