AZ EN RU

Taxıl zəmilərindən 107 min 418 ton məhsul götürülüb

    2022-ci ilin isti yay günləri diyarımızda yeni uğurlarla özünü göstərməkdədir. Bu, muxtar respublikanın aqrar sahə ilə məşğul olan sahibkarlarının, ailə təsərrüfatlarının, torpaq mülkiyyətçilərinin gəldiyi qənaətdir. Uğurları dükan-bazarlarımızdakı, kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarındakı bolluq da təsdiq edir. Təbii ki, təsərrüfat ilinin başa çatmasına hələ çox var və sahələrdən məhsul tədarük olunmaqdadır. İlin ən qiymətli məhsulunun toplanılması isə uğurla başa çatdırılıb. Yüksək nəticəyə nail olunub. Bu isə o deməkdir ki, süfrələrimizin şahı, ən müqəddəs nemət olan çörək üçün çəkilən zəhmət hədər getməyib.

    Məlumat üçün bildirək ki, ötən ilin payızında və cari ilin yazında muxtar respublikada 33466 hektar sahədə taxıl əkilmişdi. Bu, əvvəlki illə müqayisədə 745 hektar çoxdur. Mövsüm boyu əkin sahələrinə göstərilən aqrotexniki qulluq öz bəhrələrini verib. Əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri, torpaq mülkiyyətçiləri, mexanizatorlar arasında aparılan maarifləndirici tədbirlər yeni nəticəyə nail olunmasında başlıca rol oynayıb. Belə ki, sahələrdən hektarın orta məhsuldarlığı 32,1 sentner təşkil etməklə 107 min 418 ton yüksəkkeyfiyyətli taxıl götürülüb. Müvafiq olaraq bu rəqəmlər ötən il 31,6 sentner və 103 min 372 ton olub.
    Müxtəlif təsərrüfat sahələrinin inkişafında mühüm rol oynayan və muxtar respublikanın ən böyük bölgəsi kimi tanınan Şərur rayonunda hər il taxılçılıqda yüksək məhsuldarlığa nail olunur. Bu il də bölgə taxılçılarının zəhməti hədər getməyib. Rayon taxıl tədarükündə birinci yerə sahib çıxıb. Belə ki, 4038 hektar sahədən məhsuldarlıq 40,8 sentner olmaqla, 16484 ton taxıl tədarük edilib.

    Bu il də Sədərək rayonu ikinci yerdə qərarlaşıb. Belə ki, cari ildə 2441 hektar sahə taxılçıların zəhmətini yerə vurmayıb: sərhəd bölgəsində 8941 ton məhsul yığılıb, məhsuldarlıq 36,6 sentner olub.
    Taxılçılıqda qazanılan zəngin təcrübə Babək rayonunda bu il də özünü göstərib. Qeyd edək ki, hər təsərrüfat ilini uğurla başa vuran rayonun taxılçıları 2022-ci ilin məhsulu üçün muxtar respublika üzrə əkin sahəsinin həcminə görə ilk yerdə olmaqla, yəni 11094 hektar taxıl zəmisindən 35308 ton məhsul əldə ediblər. Bu isə orta məhsuldarlığın 31,8 sentner olması deməkdir.
    Cari ilin məhsulu üçün Kəngərli rayonunun taxılçıları 6056 hektar sahə ayırmışdılar. Torpaq mülkiyyətçiləri sahələrdən 18064 ton məhsul tədarük etməklə mövsümü başa vurub, 29,8 sentner məhsuldarlığa nail olublar.
    Digər yerlərdə Culfa, Ordubad rayonları, Naxçıvan şəhəri və Şahbuz rayonu qərarlaşıb. Qazanılan uğurların təməlində duran başlıca amil isə, təbii ki, dinamik xarakter alan dövlət qayğısıdır. Belə ki, muxtar respublikaya müasir kənd təsərrüfatı texnikalarının gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, taxılçıların yüksək reproduksiyalı toxum və gübrələrlə təmin edilməsi xüsusi vurğulanmalıdır. O da qeyd olunmalıdır ki, istehsal edilmiş taxılın uzun müddətə saxlanılması üçün yeni anbarların inşa edilməsi, əvvəllər inşa olunmuş anbarların həcminin genişləndirilməsi, məhsulun üyüdülməsi üçün un dəyirmanlarının tikilməsi və mövcud dəyirmanların yenidən qurulması, çörəkbişirmə sexlərinin sayının artırılması, həmçinin bu sahə ilə məşğul olanlara kreditlərin verilməsi taxılçılıqda əldə edilən nailiyyətlərə stimul olub. İstehsal edilən məhsulların münasib qiymətlə satışının təşkili də bu sıradadır.
    Heç şübhəsiz ki, qazanılan uğurlar muxtar respublikada mühüm strateji ərzaq məhsulu olan taxılçılığın inkişafına göstərilən bu dövlət qayğısının, mövcud nöqsanların aradan qaldırılması istiqamətində ciddi addımların atılmasının bəhrələridir. İyulun 7-də Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə, əsasən, yerli istehsal hesabına ödənilir. Bu gün taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu il taxılın kiloqramı 60, arpanın kiloqramı isə 48 qəpikdən qəbul olunur. Görülən işlərə baxmayaraq, taxılçılıq sahəsində məhsuldarlığa tam nail olunmayıb. Xüsusən aqrotexniki qaydalara ciddi əməl edilmir. Nəticədə, məhsuldarlıq aşağı düşür. Bunların da qarşısı alınmalıdır. Bu gün o ölkələr problem yaşayırlar ki, orada ərzaq və enerji təhlükəsizliyi, sabitlik təmin edilməyib. Lakin ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, muxtar respublikada da ərzaq və enerji təhlükəsizliyi təmin olunub. Qarşıda duran əsas vəzifə muxtar respublikada strateji məhsul olan taxıl istehsalını artırmaqdır”. Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək demişdir ki, muxtar respublikada strateji ərzaq məhsulu olan taxılçılığın inkişafı bundan sonra da aid qurumlar tərəfindən diqqətdə saxlanılmalı, məhsuldarlıq artırılmalıdır. “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatlarında və Naxçıvan Toxumçuluq Mərkəzində məhsuldar toxum sortları yetişdirilməli, torpaq mülkiyyətçiləri sertifikatlaşdırılmış toxumlarla təmin olunmalıdırlar. Muxtar respublika üzrə dəmyə əkin sahələrinin xəritəsi hazırlanmalı, tam şəkildə əkin aparılmalıdır. Muxtar respublika rəhbəri taxıl əkini sahələrinə suyun aqrotexniki normalarda verilməsinin təmin edilməsi, şoranlaşmaya qarşı tədbirlər görülməsi, torpaqların münbitliyi artırılması, taxıl emalı müəssisələrində və satış mərkəzlərində texnoloji proseslərə, məhsulun saxlanılma şəraitinə nəzarət edilməsi kimi qarşıya mühüm vəzifələr qoymuşdur ki, bunlar da hər biri ayrı-ayrılıqda məhsuldarlığın yüksəldilməsinə xidmət edən başlıca amillərdir. 
    Göstərilən hərtərəfli dövlət qayğısı, əldə edilən nailiyyətlər taxılçılığa marağı artırmaqla bu sahə ilə məşğul olanların ailə büdcəsinə xeyli gəlir gətirib. Ona görə də onlar gələn ilin məhsulu üçün payızlıq taxıl əkinlərinə daha səy və həvəslə hazırlıq işləri görürlər.

 Muxtar MƏMMƏDOV

Nəşr edilib : 02.08.2022 18:57