AZ EN RU

Taxıl sahələrinin aqrar sığorta olunması taxılçılığın inkişafına müsbət təsir göstərəcəkdir

Mütəxəssis sözü

    Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar siyasət bu gün də ölkəmizdə uğurla həyata keçirilir. Dövlət proqramları, qanunlar qəbul olunur, kənd təsərrüfatının inkişafına hesablanmış tədbirlərə ciddi önəm verilir. Qeyd olunmalıdır ki, muxtar respublikamızda da aqrar sahədə qazanılan uğurlar getdikcə artır. Doğma diyarımızın iqlim şəraiti, torpaqlarımızın münbitliyi əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olmasına imkan verib. 

    Əhalini ərzaqla, heyvandarlığı yemlə və sənayeni xammalla təmin etmək üçün dənli taxıl bitkilərinin əhəmiyyəti olduqca böyükdür. Odur ki, taxıl istehsalı həcminin artırılması və keyfiyyətinin yaxşılaşdırılması vacibdir. 
    Bu sahəyə hər il diqqət artırılır, texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, məhsul istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların və güzəştli şərtlərlə kreditlərin verilməsi taxılçılığın inkişafına və bol məhsul istehsalına imkanlar açır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kəngərli rayonu ərazisində qapalı suvarma şəbəkələrinin açılışı zamanı demişdir: “Muxtar respublikada taxılın məhsuldarlığının artırılması üçün meliorativ tədbirlər görülür, əhaliyə lazımi texnikalar alınıb verilir, maarifləndirmə işləri aparılır, keyfiyyətli toxum sortlarından istifadə olunur. Məqsəd ondan ibarətdir ki, əkilən torpaqlardan bol məhsul götürülsün. Əgər yaxşı məhsul götürə bilmiriksə, bu, muxtar respublikamızın kənd təsərrüfatı sahəsində geriləməsinə, məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Eyni zamanda əkinçi də qazanc əldə edə bilmir. Ona görə də həm dövlət, həm də əhali birgə səy göstərməlidir ki, əkilən torpaqlardan səmərəli istifadə olunsun, yüksək məhsul götürülsün”.
    Taxılçılıqla məşğul olan fermerlər taxıldan yüksək məhsul əldə etmək üçün bütün aqrotexniki tədbirləri vaxtında  və keyfiyyətlə yerinə yetirməlidirlər. Taxıl əkiləcək sahədə növbəli əkin sistemi tətbiq olunmalı, keyfiyyətli şum aparılmalı, cücərmə və təmizlik faizi yüksək olan  toxum tədarükü edilməli, toxumun dərmanlanmasına və şırım üsuluna üstünlük verilməli və səpini optimal müddətdə aparılmalıdır. Göstərilən aqrotexniki tədbirlərə əməl edilərsə, yüksək məhsuldarlığın əsası qoyular, gələcəkdə bol və keyfiyyətli məhsul əldə etmək mümkün olar. 
    Bütün aqrotexniki tədbirlərlə yanaşı istehsalçının iradəsindən kənarda baş verən təbiət hadisələri, yəni texniki tədbirlərlə qarşısını almaq mümkün olmayan risklərin baş verməsi (qasırğa, fırtına, dolu, sel və ya su basma, şaxtavurma (donvurma), normadan artıq olan qar yağıntıları, yanğınlar, torpaq sürüşməsi, zəlzələlər, bitki xəstəlikləri və zərərvericiləri) vardır. İstehsalçıların əksəriyyəti min bir əziyyətlə məhsul yetişdirir, yığım başlayanda  isə hansısa təbii fəlakət baş verir və onların məhsulları ya tam, ya da qismən ziyan görür, çəkdikləri zəhmət hədər gedir. Yəni istehsalçılar yetişdirdikləri məhsulun zay olması ucbatından heç bir mənfəət, gəlir götürə bilmirlər. Risk və fəlakətlərlə üzləşən istehsalçılar aqrar sığortadan səmərəli istifadə edərək bu riskləri kompensasiya edə bilərlər. Aqrar sığorta istehsalçının gəlirlərində sabitliyin, ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər, sahibkarların gəlirlərinə müsbət təsir edir.
    Taxıl sahələrinin sığortalanması böyük xərc tələb etmir. Az məbləğ müqabilində istehsalçılar öz taxıl sahələrini dəymiş zərərdən sığortalaya bilərlər. Başqa sözlə, aqrar sığorta istehsalçılara böyük maliyyə yükü yaratmadan onların təsərrüfatlarını bütün əsas risklərdən qorumaq imkanı verir.
    Qeyd edək ki, bitkiçilik məhsulları üzrə sığorta məbləği   1 hektardan əldə edilmiş məhsulun dəyərinin 70 faizi həcmində hesablanmışdır. Bu dəyərin hesablanması zamanı 1 hektar əkinə görə məhsuldarlıq göstəricisi əsas götürüldüyündən və bu göstərici şəhər və rayonlar üzrə fərqli olduğundan sığorta məbləği də buna uyğun olaraq diferensiallaşdırılmışdır. Sığortahaqqı isə bütün hallarda sığorta məbləğinin 5 faizi həcmində müəyyən edilmişdir. Həmin sığortahaqqının 50 faizinin istehsalçı, 50 faizinin isə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Məsələn, Babək ərazisində 1 hektar buğda əkini sahəsində orta məhsuldarlıq 32 sentner, 1 sentner buğdanın qiyməti isə 35 manat olduğundan həmin sahədən əldə edilmiş buğda məhsulunun dəyəri 1120 manat (32*35) təşkil edir. Bu halda sığorta məbləği 784 manat (1120*70 faiz) olacaq. Sığorta məbləğinin 5 faizi həcmində sığortahaqqı müəyyən edildiyindən cəmi sığortahaqqı 39,2 manat (784*5 faiz) təşkil edəcək. Sığortahaqqının 50 faizi dövlət büdcəsi vəsaiti hesabına ödənildiyindən təsərrüfatçı tərəfindən ödənilən sığortahaqqı 19,6 manat (39,2*50 faiz) olacaq. Bu isə o deməkdir ki, əvvəlcədən əkilmiş 1 hektar buğda sahəsi üçün ödənilmiş 19,6 manat kiçik sığortahaqqı qarşılığında baş vermiş hər hansı sığorta hadisəsi zamanı müvafiq komissiyanın rəyinə uyğun olaraq  1 hektar buğda sahəsinə dəymiş zərərə görə Aqrar Sığorta Fondu tərəfindən zərərçəkən sığortalıya 784 manat məbləğində vəsait ödəniləcəkdir.
    İstehsalçıların maliyyə gəlirlərinin qorunması və dövlətin taxılçılığın inkişafı ilə bağlı siyasətinin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinə, məhsul istehsalına, toxum və ting satışına görə verilən subsidiya əmsallarının təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdır. 
    Dəyişikliyə əsasən 10 hektar və daha çox torpaq sahəsində sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra veriləcəkdir. 
    Həmin subsidiyanı ala bilməsi üçün fermerlər əkinlərini aqrar sığorta etdirməlidirlər. Əks halda, yəni sığorta müqaviləsini əldə etməyən fermerlərə adıçəkilən qaydalara əsasən əkin subsidiyasının verilməsindən imtina olunacaqdır. Aqrar sığorta müqaviləsi bitkilərdə cücərtilər alındıqdan sonra sahəyə baxış keçirilir və bağlanılır.
    Torpaqlarımızın sağlamlaşdırılması, mühafizəsi, ondan səmərəli istifadə olunması, münbitliyinin bərpası və artırılması, habelə ekoloji cəhətdən təmiz və keyfiyyətli bol məhsul istehsal edilməsi hamımızın müqəddəs və təxirəsalınmaz işidir.

Zəkəriyyə GÖZƏLOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 
aparat rəhbəri

Nəşr edilib : 01.03.2022 19:20