AZ EN RU

Taxıl biçininə başlanılıb

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaqla təmin etmək, daxili tələbatın ödənilməsində idxaldan asılılığı azaltmaq və sahibkar­lıq mühitini yaxşılaşdırmaq məqsədilə 17 sentyabr 2008-ci il tarixdə təsdiq etdiyi “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” bu qayğının ifadəsi olmaqla kənd təsərrüfatı məhsullarının istehsalına marağı daha da artırmışdır. Şərur rayonunun torpaq mülkiyyətçiləri də bu proqramdan irəli gələn vəzifələrin həll edilməsində, daxili baza­rın yerli istehsala olan tələbatının ödənilməsində fəallıq göstərirlər.
    Əsasən, taxılçılıq rayonu kimi tanınmış Şərurda, ümumilikdə,  4 min 38 hektarda, o cümlədən   3 min 276 hektar buğda, 762 hektar arpa sahəsində biçin keçiriləcək. Sahələrdə becərmə tədbirləri aqrotexniki tələblərə uyğun ardıcıllıqla aparılmış, bunun nəticəsi olaraq zəmilərdə bol məhsul yetişdirilmişdir.
    Hər il olduğu kimi, bu il də Şərur rayonunda bol taxıl məhsulu götürü­ləcəyi gözlənilir. İndi qarşıdakı hədəf yetişdirilmiş məhsulun vaxtında və itkisiz toplanmasından ibarətdir. Rayonda bu məqsədlə genişmiqyaslı hazırlıq işləri görülmüşdür. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur Bazasında, fiziki və hüquqi şəxslərdə olan 9 kombaynın, kifayət qədər taxıldaşıyan maşının və qoşqulu traktorun, presvuran aqreqatın biçinə tam hazır vəziyyətə gətirilməsi təmin edilmişdir. Rayon üzrə olan məlumata görə 20 iyun tarixə 22 hektar ərazidə arpa tədarük olunmuş, buğda biçini aparılmışdır.

Heydər MƏMMƏDOV

Nəşr edilib : 21.06.2022 20:12